Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

"Ermənistan orta əsr rejimi tərəfindən idarə olunan korrupsiyalaşmış, uğursuz dövlətdir" - İlham Əliyev (Yenilənib 3 + Video)

Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi: "Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq".

İlham Əliyev bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir: "2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq".

Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

***

Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir: “Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb: “Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib”.

Dövlət başçısı bildirib ki, bəşəriyyətə qarşı bu dəhşətli cinayətləri törətmiş hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir.

İlham Əliyev xatırladıb ki, aparıcı beynəlxalq təşkilatlar erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər: “1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, AŞ PA və Avropa Parlamenti kimi digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qərar və qətnamələrə riayət etmir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan artıq 24 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət vermir və təəssüf ki, buna görə cəzalandırılmır.

Dövlət başçısı əlavə edib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir:

“Bizim vəziyyətdə isə bu qətnamələr 24 ildir ki, icra olunmur. Bu, ikili standartlardır, qəbuledilməzdir. Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. BMT-nin vacib islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan hər şeyi edir ki, status-kvo dəyişməz qalsın və substantiv danışıqlara mane olur. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir. Məsələ ondadır ki, bu cür müstəbid, orta əsr rejimi tərəfindən idarə olunan korrupsiyalaşmış, uğursuz dövlət necə olur ki, bu illər ərzində beynəlxalq hüququ poza bilir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymur? Cavabı – ikili standartlardır”.

İlham Əliyev qeyd edib ki, təcavüzkara beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktaturası beynəlxalq sanksiyalara məruz qalmır: “Bu siyasət dayandırılmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət yalnız ədalətsizliyin nümayişi deyil, həmçinin elə illüziya yaradır ki, Ermənistan diktaturası öz terror siyasətini davam etdirə bilər”.