23:40
(077) 610-22-33

“Ya hakimiyyət özü özünü dəyişməlidir, ya da xalq onu dəyişəcək” - Sabir Rüstəmxanlı

  • >
234 20 Fevral 2013 14:56 | Siyasət

“Təəssüf ki, özünü mələk kimi təqdim edənlərin çoxunun arxasından cin, şeytan çıxır”








Vətəndaş Həmrəyli Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının "Qafqazinfo"ya müsahibəsi:

- Bildiyimiz kimi, ölkə prezidentinin fərmanı ilə İsmayıllının icra başçısı tutduğu vəzifəsindən azad edildi. Belə fikirlər səslənir ki, bir rayonun icra başçısının işdən azad edilməsi, digər rayonların da icra başçılarından narazı olan əhalisini ayağa qaldıra bilər. Sizcə, bu versiyanın reallaşması mümkündürmü?

- İcra başçılarının və bəzi məmurların vəzifə səlahiyyətlərini aşdıqları, əhali ilə kobud rəftar etmələri, adamları adam yerinə qoymamaları, müraciətlərə vaxtında cavab verməmələri barədə Milli Məclisdə biz dəfələrlə danışmışıq. Buna təkcə iqtidar-müxalifət münasibətləri, ya da iqtidarın apardığı yanlış siyasətin nəticəsi kimi baxmırıq. Hərçənd, burada yanlış siyasətin də rolu var. Bu, ümumiyyətlə cəmiyyətin bəlasıdır. Bundan iki çıxış yolu var. Ya bu adamların vəzifə səlahiyyətlərini aşmasının qarşısı inzibati yolla alınmalıdır, ya da mədəni səviyyələri yüksəlməlidir. İcra başçıları getdikləri rayonlara şəxsi mülkü kimi baxırlar. Rayonların hansına gediriksə, əhalinin icra başçılarının özbaşınalığından narazılıq eşidirik.

- Sabir bəy, yəni səslənən versiya inandırıcıdırmı?

- Bu bütün respublikanı bürüyəcək fikri real deyil və bunu gözləmək də bizə qətiyyən xeyir verməz. Əvvəla, bənzərliklər olsa da, respublikanın hər yerində vəziyyət İsmayıllıdakının eyni deyil. Millət öz haqlarını tələb etməlidir, ona qul kimi baxanlara deməlidir ki, mənim heysiyyatıma toxunmaq olmaz. Ölkədə hər bir şəxsin ləyaqəti qorunmalıdır. Amma narazılıqların dövlətçiliyimiz üçün təhlükəli bir həddə çatmasını da istəmirəm. Əgər kimlərsə düşünürsə ki, "Ərəb baharı" Azərbaycana fərqli formada, yəni "aşağılardan" gələcək, bu yanlışdır. Bunun Azərbaycana nə gətirəcəyini təsəvvür edirəm. Buna görə də islahatlar aparılmalı, bütün dəyişikliklər seçki yolu olmalıdır, üsyanlar yolu ilə deyil. Rusiya ilə münasibətlər müəyyən qədər pozulub. Və Rusiya Ermənistanı silahlandırır, sərhədlərimizdə bu dövlətin hərbi birləşmələrinin toparlanması müşahidə olunur. Belə olan halda Azərbaycanda daxili qarşıdurmalar düşmənlərimizin əlinə müxtəlif bəhanələr verər, dövlətçiliyimiz üçün ağır nəticələrə gətirib çıxarar.

- Müxalifət iddia edir ki, bu dəyişikliklərlə iqtidar seçkiöncəsi səs yığmağa çalışır. Müxalifətin bir nümayəndəsi kimi siz necə düşünürsünüz?

-Özünə hörmət edən hakimiyyət həmişə problemləri həll etməyə, çətin vəziyyətdən xilas olmağa çalışır. Yəqin ki, hakimiyyət bu reallıqları başa düşür. Kadr dəyişikliyinə yox, daha ciddi islahatlara ehtiyac var.

- Bayaq qeyd etdiniz ki, millət vəkilləri uzun illərdir əhalinin yerli icra hakimiyyəti nümayəndələrindən narazı olduğunu deyir. Sizcə, hakimiyyət millət vəkillərinin səsini eşidərəkmi dəyişiklik etdi, yoxsa narazı kütlədən ehtiyat etdi?

- Onu tərəziyə qoyub çəkmək mümkün deyil. Amma hər halda rayonlarda baş verən hadisələr sıraya düzüləndə, xəstəliklər təxminən bir-birinə bənzəyir. Bəzi icra başçıları getdikləri yerdə at oynadırlar. Ən gözəl yerləri özününküləşdirirlər. Ekologiyaya ciddi ziyan vururlar. Media bu barədə kifayət qədər yazır, Milli Məclisdə bunlar səsləndirilir. Adamlar zorakılığa məruz qalır, həbs olunur. Bunlar üst-üstə yığılanda, dəyişikliklər qaçılmaz olur və hakimiyyət bu addımları atmasa, vəziyyət daha da gərginləşər.

- Millət vəkilləri həmişə narazıdırlar ki, bəzi məmurlar, dövlət qurumları onların müraciətlərinə belə baxmırlar. Siz neçə illərin millət vəkilisiniz. Belə hallarla çoxmu rastlaşırsınız?

- Mənim göndərdiyim məktublara həmişə vaxtında cavab gəlir. Xüsusi problemlə üzləşməmişəm. Ümumiyyətlə, dövlətçilik, idarəçilik böyük mədəniyyət və təcrübə tələb edir. Hər kəs oturduğu yerdə öz məsuliyyətini anlasa, dediyiniz sorunlar da olmaz. Vaxtilə nazirlərdən biri demişdi ki, millət vəkilləri öz işlərinə görə zəng vururlar. Heydər Əliyev təxminən belə cavab vermişdi ki, nazirlər il boyu özləri üçün işləyirlər, bir gün də millət vəkillərinin şəxsi işləri ilə məşğul olsunlar. Millət vəkilləri ilə dövlət qurumları arasındakı əlaqə qanunlarımızla tənzimlənməlidir. Millət vəkillərinin üzünə dövlət qurumlarının qapıları açıq olmalıdır. Bəzən heç tanımadığın idarələr özünə mühafizə dəstələri düzəldir, millət vəkillərini qəbul etmək belə istəmirlər. Məsələn, dəfələrlə üzümə deyiblər ki, bizim sizə hörmətimiz var, amma elə millət vəkilləri var ki, qapıda saatlarla gözlədirik. Bu normal yanaşma deyil və məncə, iki səbəbdən qaynaqlanır: birincisi, həmin idarələrin sahibləri vəzifə səlahiyyətini aşırlar, ikincisi isə Milli Məclis öz nüfuzunu yetərincə qorumur. Milli Məclisin iclaslarında səslənən bütün qüsurlar, deputatları narazı salan məsələlər hökmən iclasdan sonra sistemləşdirilib əlaqədar qurumlara göndərilməlidir. Cavab tələb edilməlidir. Amma məni təkcə millət vəkillərinin durumu narahat etmir. Biz Azərbaycanda normal ədalətə söykənən dövlət qurmaq istəyiriksə, vətəndaşlara hörmət edilməlidir. Dövlət qurumunun borcu vətəndaşı əzmək deyil, onu yüksəltməkdir. Belə olmayanda vətəndaş öz hakimiyyətindən narazı qalır. Mənim bir yazım var idi - "Vətən cazibəsi, ədalət cazibəsi". Orada qeyd etmişdim ki, vətən çox şirindir, amma hansı vətəndə ədalət olmasa, o vətən cazibəsini itirər, orada rahatlıq olmaz.

- Necə düşünürsünüz, hazırkı iqtidar Sabir Rüstəmxanlının səsini eşidirmi?

- Təəssüf ki, haqq etdiyim qədər yox.

- Ən çox hansı məsələlərdə eşidilmək istəyirsiniz?

- Məni şəxsi problemlərim narahat etmir. İstərdim ki, milli məsələlərdən tutmuş ümumi, bugünkü durumla bağlı olan bütün istək və təkliflərimizi bölüşmək imkanımız olsun. Təcrübədən gələn məsləhətlərin heç bir ziyanı olmaz, xeyirdən başqa. Bir çox problemi Milli Məclisdə qaldırmışam. Təəssüf ki, iqtidarı təmsil edən millət vəkilləri dediyimizin haqlı olduğunu bilsələr də, problemləri bizim dilimizdən eşidəndə əsəbiləşirlər. Halbuki deyilənlər ölkənin xeyrinədir. Fikirlərimdə Azərbaycanın normal dövlət kimi inkişafına nail olmaq istəyi var. Başqa şey axtarmaq əbəsdir. Prezident seçkilərinə qatılanda da bu istəyimi ortaya qoymuşam. Bildirmişəm ki, hər bir vəzifəyə başqa cür də yanaşmaq olar. Dörd il yarım nazir işlədiyim dönəmdə nazirliyin fərqli formasını sərgiləmişəm. Qapılarım vətəndaşların üzünə açıq olub. Orada ədalət olub, rüşvət olmayıb. İstəyərdim ki, Azərbaycanda daimi dialoq mühiti olsun. Prezident ildə bir-iki dəfə partiya sədrləri ilə görüşsün, onların fikrini dinləsin. Qarabağ problemi bitməyib. İstərdim ki, Milli Məclisdə Qarabağ dinləmələri vaxtaşırı keçirilsin, televiziyalarda ölkədəki problemlərə həsr olunan canlı dialoqlar, verilişlər olsun. Bütün bunlar cəmiyyətə rahatlıq gətirər. Cəmiyyət bilər ki, hər şeyin həlli kadr dəyişikliyindən keçmir, bölgədə gedən elə məsələlər var ki, məsələn, Qarabağ problemi kimi, onu heç prezident də həll edə bilmir və burada ümumi milli iradə lazımdır.

- Sabir bəy, xalq qanunverici hakimiyyətdə təmsil olunan millət vəkillərinin gördükləri işə səmimi olaraq necə inana bilər? Axı Milli Məclisin Gülər Əhmədova kimi deputatı olub. Mətbuatda onun çoxlu sayda mülklərinin siyahısı dərc olunub.

- Maraqlı sualdır. Bəzi vəzifəli, bizneslə məşğul olan adamların ora seçilməsi doğru deyil. Elələri var ki, 5 ildə bir dəfə də olsa səsini eşitmirsən, qanun yaradıcılığında iştirak etmir, tamaşaçı kimi otururlar. Bir Gülər Əhmədovanın o cür malı-mülkü ortaya çıxıbsa, bunu hamıya şamil də etmək olmaz. Bir az konkretləşdirib, özümüzdən danışaq: mənim heç nəyim yoxdur və bu, məni narahat da etmir. Mənim taleyim, həyat yolum başqa cürdür. Mən nazir işləyəndə o vaxt xariclə yeni-yeni əlaqələr qurulurdu. Mənə də vasitəçilik, yardım etmələr təklif olunurdu. Təbii ki, böyük gəlir ola bilərdi. Hətta belə imkandan istifadə etmək, biznes fəaliyyəti ilə məşğul olmaq barədə də düşündüm. Sonra fikirləşdim ki, Tanırı mənə qələm, yazmaq qabiliyyəti verib. Başqa işlərlə məşğul olsam, bunu da itirərəm. Qələmin gətirdiyi sərmayəni hər cür pul-para sərmayəsindən yüz qat artıq qiymətləndirirəm. Söz əbədidir. Digər millət vəkillərinin gördüklərinə isə cavabdeh ola bilmərəm. Qurunun oduna yaş yana bilməz. Təəssüf ki, özünü mələk kimi təqdim edənlərin çoxunun arxasından cin, şeytan çıxır.

- Proseslər bu həddə çatmadan bu kimi işlərlə məşğul olan millət vəkillərinin təmsil olunduğu orqandaca fəaliyyətinin məhdudlaşdırılması mümkün ola bilərmi?

- İldən-ilə cəmiyyətimiz dəyişilir. Əvvəlki illərdən fərqli olaraq, indi tam cəzasızlıq yoxdur. Ola bilsin ki, kimsə məhkəmə qarşısında dayanmır, amma cəmiyyətin qınağı ilə həmişə üz-üzədir. Gənclər fəaldır, gördüklərini yazırlar. Kimsə elə bilir ki, gözünü yumacaq və onu görən olmayacaq, belə deyil. Millət vəkilləri yeri gələndə sözlərini deyirlər. MM-i dava meydanına çevirmək də olmaz. Biz ümumi şəkildə sözümüzü deyirik.

- Gülər Əhmədovanın taleyini yaşaya biləcək millət vəkilləri hazırda yenə varmı?

- Yetərincə var.

- Facebookda bir səsvermə keçirilmişdi ki, hansı partiya liderinin prezident olmasını istəyərdiniz. 60 faiz səslə siz birinci yerdə idiniz. Bunun reallaşması mümkün görünürmü?

- Çətindir. Sosial şəbəkəyə qatılanlar bəlli bir intellekt səviyyəni təmsil edən təhsilli zümrədəndirlər. Onların məsələlərə baxışı dünya təcrübəsinə və ziyalılıq tələblərinə söykənir. Müəyyən qisim də var ki, onlarda öz əmlakını qorumaq psixologiyası üstündür. Bir şəbəkə yerliçilik prizmasından yanaşır, digəri qarşlıqlı bir-birini qorumaq, gəlirinə, çıxarına xidmət etmək prinsiplərini gözləyir və s. Mühafizəkar qrup fikirləşir ki, narazılıqlar olsa da, hamısını bir gündə aradan qaldırmaq olmaz və hakimiyyətin dəyişilməsini istəmirlər. Bunlar hamısı göz qabağındadır.

- Müxalifət bu şəbəkələrin içərisində necə görünür?

- Təəssüf ki, bu qüvvələri yan-yana düzəndə müxalifət zəif görünür. Yəni müxalifətin öz qüvvəsini nəzərdə tuturam. Müxalifətin içində bizim kimi parlamentdə təmsil olunan və cəmiyyətin qüvvələri arasında balans yaratmağa çalışan adamlar da var, "nə qədər pis olsa, o qədər yaxşıdır, təki hakimiyyətə mən gəlim" devizi ilə yaşayanlar da. Mən hakimiyyət dəlisi deyiləm. Düşüncəmə görə, hansı idarəetmə bu xalqın indiki durumunda daha yaxşıdırsa, onu qorumaq lazımdır. Cəmiyyətin inkişafı inqilabla dəyişə bilməz. Tədrici proses getməlidir. Camaat məni barışdan yana, vətəndaş həmrəyliyi, milli birliyin tərəfdarı olan adam kimi tanıyır. 2003-cü ildə namizədliyimi verəndə demişdim ki, əgər bu millət 5 il rahat nəfəs almaq istəyirsə, məni prezident seçsin. Çünki olduğum yerdə ayrı-seçkilik, rüşvət, xalqa aşağıdan yuxarı baxmaq, klan, tayfabazlıq ola bilməz. Və ən əsası, ölkədə tam ədalətli bir seçki mühiti yaradaram. Xalq kimi istəyirsə, onu seçsin: şəbəkə "seçimi" ayrı, xalq səsverməsi ayrıdır.

- Müxalifət 20 ildir ki, bir ola bilmir...

- Müxalifət xalqla bir yerdə olanda həmişə güclü olub. 88-ci ildə meydana çıxmışıq. Arxamızca bir milyon adam gəlib. Xalq həmişə müxalifətə inanıb. Amma sonra müəyyən səhvlər oldu və xalq inamını itirdi. Demokratik düşərgə param-parçadır və etiraf edək ki, bunda xarici qüvvələrin də rolu olub. Digər tərəfdən, mədəni və siyasi səviyyədə problemlər parçalanmağa gətirib çıxarıb. Bu, bir marafondur; bu marafonda uzun müddət duruş gətirə bilənlər meydanda qalacaq. Bizdə uzaqbaşı beş partiya olmalıdır, bu qədər firqələrə ayrılmağa ehtiyac yoxdur. Seçkidən-seçkiyə fəallaşmaq, vahid namizəd axtarmaq doğru deyil. Beş il bir araya gəlməyin, bir-birinin qapısı açmayan, oturub dərdləşməyən və siyasi yolunun müəyyən proqramlarını bir yerdə müzakirə etməyən adamlar seçkiyə 5-6 ay qalmış necə bir araya gələ bilər?! Məncə, elə buna görə də müxalifətin vahid namizədinin olması məsələsi real deyil.

- Müsavat başqanı ilə necə, müzakirələr aparmısınızmı?

- Niyə məhz İsa Qəmbəri soruşursunuz?

- Hazırda müxalifət cəbhəsində onun şansının daha yüksək olduğu dəyərləndirilir...

- Məncə, bu şans Müsavat Partiyasının taleyi ilə bağlıdır. Tariximizdə ənənəsi olan partiyadır. İsa Qəmbərlə isə heç bir problemim yoxdur. Xoş münasibətlərimiz var. Amma vaxtilə bizim meydanda başladığımız kimi, bir-biri üçün "sən daş qoyan yerə mən baş qoyaram" və "bir yerdə olacağıq, bu yolu sona kimi gedəcəyik, bu işi bitirib qalib gələcəyik" demək ayrı şeydir, arada görüşüb çay içmək ayrı... Ümumiyyətlə, siyasətə yeni adamların gəlməsini istəyirəm. Namizədliyimi verməsəm, ən gənc namizədi dəstəkləməyim də mümkündür. Yeni birliklər, qüvvələr yaranmalıdır. Bəlkə papaq altında elə adamlar var ki, onlar daha yaxşı işləyə bilərlər? Bəlkə xalq bizdən yorulub? İstəyərdim ki, yeni qüvvələr meydana gəlsin, bizlə bir arada olsun. Təcrübəmizdən onlara öyrədək.

- Budəfəki seçkilərdə namizəd olsanız, xalqın neçə faizinin səsini yığa bilərsiniz?

- Xalqın səsini yığmaq asandır, onu qorumaqsa çətin. Eyni iddia, həmin güc, enerji, iş üslubum - hamısı yerindədir. Amma ölkədə vəziyyət ayrıdır. Seçki kampaniyasının qurulması, maddi imkanlar və s. baxımından iqtidarın imkanları alternativlərin imkanlarından qat-qat artıq olur.

- Seçkidə iştirak edəcəksiz?

- Yəqin ki, yaxın vaxtlarda bu məsələni müzakirə edəcəyik.

- Partiyanın namizədi sizmi olacaqsız?

- Hələ ki, konkret qərara gəlməmişəm.

- Ənənəvi olan sualımı sizə də verəcəm. Budəfəki seçkilərdən ciddi hakimiyyət dəyişikliyi gözləyirsinizmi?

- Ya hakimiyyət özü özünü dəyişməlidir, ya da xalq onu dəyişəcək.

- Sabir bəy, sizinlə çox mövzuda söhbət etmək olar. Amma bir az siyasətdən uzaqlaşıb, yaradıcılığınızda hansı yeniliklərin olduğunu qısaca öyrənək...

- Son vaxtlar yarıfantastik, yarıgerçək "Sunami" adlı romanım çapdan çıxıb, yeri gəlmişkən, orada da bir rayonun timsalında icra başçısından narazılıq məsələsi var. "Ədəbi sevda" adlı şeir kitabım nəşr olunub. Bir publisistika kitabı hazırlayıram - məni razı salan kitabdır. Problemlərin böyük əksəriyyəti orda var; sevinirəm ki, vaxtında onları yazmışam və indi də yazmaqda davam edirəm. Adı "Dərdə əyilmə" olacaq. Əvvəl istəyirdim ki, "Dərd" qoyum - dərdlərimizin ümumi ifadəsi var, ona görə. Sonra fikrimi dəyişdim. çünki dərd həmişə var, əsas odur ki, dərdə əyilməyəsən... "Ömür kitabı" bu yaxınlarda Londonda ingilis dilində çap olunmalıdır. "Difai fədailəri" Türkiyədə nəşrə hazırlanır. Doğu Türküstandan bir dərgi redaktoru olan Razimuhəmməd Mütəllib adlı şəxsdən məktub almışam, o, "Göy Tanrı" əsərini uyğur dilinə tərcümə etməyə icazə istəyirdi. Böyük məmnuniyyətlə razılıq verdim. "Göy Tanrı" və "Ölüm zirvəsi" adlı kitablarım həm də rus dilində nəşrə hazırdır. "Şair və şər" şərti adlı yeni nəsr əsəri üzərində işləyirəm, "Vətəndaşlığın əlifbası" adlı kitabı tamamlamaq üzrəyəm. Ümumi şəkildə belədir... Yəni bekar qalmıram, işlərim gedir. Bir ara sağlamlıq məsələsinə görə əlim işdən soyudu. Amma indi, şükür, hər şey qaydasındadır.

- Son olaraq, indiki halda sözü siyasi dillə ifadə etmək daha rahatdır, yoxsa ədəbi dillə?

- Onlar bir-birinə dayaqdır. Bizim siyasətimiz xalqa müstəqillik qazandırdı. İndi də siyasət ədəbiyyata yeni materiallar verir. Siyasətdə gördüklərim, dünya ölkələrinə səfərlər, beynəlxalq əlaqələr yeni yazılar doğurur və ədəbiyyatı zənginləşdirir. Bunlar tale işləridir, heç birini özümüz seçməmişik.
Bağla X