Sərdar Cəlaloğlu müxalifəti gecikməkdə suçladı

"Müxalifət düşərgəsində mövcud durğunluğun səbəbi vaxtında lazımi qərarların qəbul olunmamasıdır". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, zaman baxımından qərarların qəbulu artıq gecikib: "Müxalifətin birləşməsi, vahid komanda ilə çıxış etməsi, ölkə və beynəlxalq ictimaiyyətə konkret ismarışla yönəlməsi kimi qərarlar vaxtında qəbul olunmalı idi. Bundan sonra sadaladığım qərarlar qəbul olunsa belə, effekti yüksək olmayacaq. Çünki zaman siyasətdə çox önəmlidir".

Müxalifətin birliyi istiqamətində gedən prosesin ətalət vəziyyətində olduğunu söyləyən S. Cəlaloğlu hesab edir ki, bu istiqamətdə hansısa irəliləyişin əldə olunacağına ümid yoxdur: "Müxalifət partiyaları liderlərinin iştirakı ilə növbəti müzakirələrin aparılması təşəbbüsü olsa da, nəticə yoxdur. Əslində isə yaxınlaşmaya mane olan ciddi məsələ yoxdur. Bəzi qüvvələr fərdi maraqlarından çıxış edib, bu inteqrasiyaya mane oldular".

S. Cəlaloğlu qeyd edib ki, durğunluğun aradan qaldırılması üçün kifayət qədər addım atıb: "O təkliflərin nəticəsi olmadığına görə bu duruma düşmüşük. Açığını deyim ki, bundan sonra hansısa addım atmaq niyyətim yoxdur"

AzNews.az