12:42
(077) 610-22-33

“Dana oğrusunu da siyasi məhbus siyahısına salıblar”-MÜSAHİBƏ

  • >
577 21 Fevral 2013 08:07 | Siyasət

“Cərimə olunandan sonra məlum olur ki, bunun cibində 1 manat pulu yoxdur”



Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun AzNews.az-a müsahibəsi:

- Siyavuş müəllim, seçkilər öncəsi cəmiyyətdə siyasi fəallıq hiss edilirmi?

- Dünyada olduğu kimi Azərbaycanda seçki ilində cəmiyyətdə fəallıq müşahidə olunur. Hər bir siyasi partiyanın qarşısına qoyduğu məqsəd seçkilərdə iştirak edib, qələbə çalmaqdır. Bununla bağlı ayrı-ayrı namizədlər, siyasətçilər bu prosesə hazırlaşır. Seçkiyə, artıq, bir neçə ay qalıb, ona görə hər bir partiya öz daxilində müəyyən addımlar atır. Biz YAP olaraq seçkiyə ötən ildən hazırlaşırıq. Bu proses bu gün də davam edir.

- Bu şəraitdə müxalifətin durumunu necə qiymətləndirirsiz?

- Müxalifət əvvəlki seçkilərdə olduğu kimi indi də nə namizəd müəyyənləşdirib, nə də partiyaları daxilində islahatlar aparıblar. Mətbuatda yazılanlara baxmayaraq, ümumilikdə götürəndə, müxalifətin seçki ilə bağlı konkret mövqeyi yoxdur. Ayrı-ayrı partiya sədrləri bəyan ediblər ki, seçkilərdə namizədliklərini irəli sürəcəklər. Lakin hələ onların partiyalarının həmin şəxslərin rəsmi şəkildə namizəd olması barədə ali orqanlarının qərarı yoxdur. Bir müddət vahid namizəd məsələsini ortaya atmışdılar. Sonradan bəlli oldu ki, partiyalar, ictimai təşkilatlar özləri namizəd müəyyənləşdirmək istəyirlər. Hesab edirəm ki, bu prosesin özü çətindir. Bunun üçün sosial baza, elektorat, müxtəlif proqramlar hazırlanıb cəmiyyətə təqdim edilməlidir. Müxalif qüvvələr də isə bu potensialı görmürəm. Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qalib gələ bilməyəcəklər. Parlament seçkiləri keçiriləndə imza toplamaq kampaniyası sona yaxınlaşırdı, bunlar hələ kimin hansı dairədən namizədliyini irəli sürəcəyi müəyyənləşdirməmişdi. Seçkinin qanunauyğunluğu ondan ibarətdir ki, həmin ərazilərdə, dairələrdə tədqiqat işi aparılmalıdır. Ondan sonra kiminsə həmin dairədən namizədliyini irəli sürülməsi müəyyən edilir. Amma onlar bunu düşünmürlər. Tutaq ki, onlar düşünürlər ki, Əli Kərimli namizədliyini Suraxanı rayonundan irəli sürsün. Nəyə görə məhz Suraxanı? Suraxanıda AXCP təşkilatı güclü deyil axı. "Orada problemlər çoxdur, yəqin ki, Əli Kərimliyə buna görə səs verərlər" kimi düşünmək düzgün deyil. Bütün seçkilərdə bu anlayışla iştirak edirlər. Prezident seçkilərdə də onların heç bir tədqiqatı yoxdur. Bunlar seçkilərdə görüntü xətrinə iştirak edirlər.

- Siz tədqiqat deyəndə nəyi nəzərdə tutursuz?

- Seçki proseduruna uyğun olaraq tədqiqat aparılmalıdır. Bölgənin hər bir problemi öyrənilməlidir. İstər ərazinin problemləri, istərsə də oradakı əhalinin yaş dərəcəsindən başlayaraq bütün xüsusiyyətləri öyrənilməlidir. Elə yer var ki, cavan namizədə, elə yer də var ki, yaşlı nəslin nümayəndələrinin namizədliyini dəstəkləyirlər. Partiya olaraq, hər bir məntəqə ətrafında bizim partiya təşkilatlarımız var. Onlar bu məsələrlə məşğul olurlar.

-İslahatlar məsələsinə toxundunuz. YAP-da islahatlar aparılırmı?

-Bu səlahiyyətlər hamısı partiyanın sədr ilə bağlıdır. Hələ ki, kadrların işi partiya üzvlərini, idarə heyətini, siyasi şuranı qane etdiyinə görə burada dəyişiklik nəzərdə tutulmur. Amma partiya aparatlarında dəyişiklik edilir. Bu yaxınlarda rayon, şəhər təşkilatlarının konfranslarını keçirdik, rayon təşkilatlarının sədrlərinin 30%-i dəyişdi. Bilirsiz ki, YAP-ın 84 rayon-şəhər təşkilatı var. Qalan dəyişikliklər isə qurultayın səlahiyyətlərinə aiddir.

- İlin sonunda keçiriləcək prezident seçkilərində müxalifət qalib gələcəyinə ümid edir. Siz necə düşünürsüz, bu mümkündürmü?

- Onlar seçkilərdə heç vaxt qalib gəlməyiblər. 1993-cü ildən bəri bələdiyyə, parlament, prezident seçkilərində həmişə məğlub olublar. Azərbaycan cəmiyyəti bu insanları tanıyır. Dünya praktikasında belədir ki, bir dəfə uduzan namizəd ikinci dəfə seçkilərə qatılmır. Amma İsa Qəmbər həmişə seçkilərdə 2-3% səs toplasa da, yenidən iştirak edir. Bu gün də onun nəticəsidir ki, Müsavat Partiyası parçalanıb. Partiyada təkcə İsa Qəmbər deyil, digər partiya funksionerləri də seçkilərdə iştirak etmək istəyirlər. Yəqin ki, onların ali orqanında bu məsələ ortaya çıxacaq. Bizdə məlumatlar var ki, regionlarda onların təşkilatları arasında da çaxnaşma var. Həmin təşkilatlar hesab edir ki, İsa Qəmbər partiyanı geri aparır. Diqqət edin, prezident seçkilərinə qədər Müsavat öz qurultayını keçirmək istəmir. Qurultay keçiriləcəksə, İsa Qəmbər sədr olmayacaq. Çünki bunu partiyadaxili belə istəyir. İsa Qəmbər də çalışır ki, prezident seçkilərinə qədər Müsavatın başqanı kimi seçkilərə qatılsın və müəyyən beynəlxalq təşkilatlardan vəsait əldə etsin.

- İsa Qəmbər partiyaya rəhbər seçilməzsə, nə baş verər?

- Partiya üzvləri istəyirlər ki, İsa Qəmbər seçilməsin. Diqqət etsəz, görərsiz ki, başqan müavinlərinin əksəriyyəti partiyanı tərk edib. Partiyada heç kəs yoxdu. Qalan bir-iki nəfər də İsa Qəmbərlə razılaşmırlar. Çünki onun fəaliyyəti partiyanı geri aparır.

- Müxalifətin sosial bazasının olmadığını bildirdiniz. Hesab etmirsinizmi onların cəmiyyətə çıxış imkanları məhduddur, rayonlarda görüşlər keçirmələri əngəllənir, efir vaxtı belə verilmir...

- Müxalifətə efir vaxtı verilir. Ayrı-ayrı telekanallarda debatlar keçirilir. Bu məsələlərlə İctimai Televiziya məşğul olur. Özüm Müsavatdan Arif Hacılı ilə, AXCP-dən Razi Nurullayevlə debatlarda iştirak etmişəm. Cəmiyyətə çıxmaq baxımından internet resursları daha əlverişlidir. Azərbaycanda kifayət qədər xəbər saytı var ki, müxalifət rəhbərlərindən müsahibələr götürməyə cəhd edirlər. Sadəcə olaraq, bu insanların deyəcəyi söz yoxdur. Eyni fikri, ideyanı 20 ildir ki, təkrar edirlər deyə onları dinləyən yoxdur.

- İsmayıllı hadisələrinə görə saxlanılan Tofiq Yaqublu və İlqar Məmmədovun siyasi fəaliyyətlərinə görə həbs edilmələri iddia olunur. Hətta İlqar Məmmədovun həbs edilməsini onun deputatları təhqir etməsi ilə bağlayırlar...

- O, parlament haqqında fikir söyləyəndə 40-a yaxın deputat məhkəməyə müraciət etmək üçün şikayət ərizəsi yazdılar. Sonradan belə qərara gəlindi ki, buna heç baş qoşmağa dəyməz. Çünki İlqar Məmmədov özü həbs edilməsini arzulayırdı. O əvvəldən istəyirdi ki, həbs olunsun və status qazansın. Məsələnin digər tərəfinə qaldıqda isə deyə bilərəm ki, mitinqlərdə ayrı-ayrı siyasi partiyaların mətbuat orqanlarının nümayəndələri jurnalist kimi deyil, aksiya iştirakçısı kimi hərəkət edirlər. Şüarlar deyirlər, qışqırırlar, səs salırlar və. s qanunsuzluqlar edirlər. Yaxınlaşanda isə cibindən vəsiqə çıxarır ki, mən jurnalistəm. Jurnalist əslində gedən prosesləri obyektiv işıqlandırmalıdır. Tofiq Yaqublu da həm Müsavat Partiyasının sədr müavini, həm də jurnalistdir. Küləyin səmtinə uyğun həm jurnalist, həm də partiyanın sədr müavini olur. Deyirlər ki, guya vəziyyəti araşdırmağa gediblər. Bunlar kimdir, hüquq mühafizə orqanlarıdır? Bölgədə proses gedir. Proses bitəndən sonra istənilən adamdan müsahibəni götürə bilərsən. Burada sənə kim əngəl olur ki?! İndi onların bu addımları araşdırılacaq. Təqsiri olacaqlarsa, həbsdə saxlanılacaqlar.

- Müxalifətlə iqtidar arasında dialoq niyə baş tutmur? Hansı tərəf daha çox dialoqdan yayınır?

- Biz həmişə dialoqa hazır olmuşuq. Xatırlayırsızsa, biz BMT-yə və digər beynəlxalq təşkilatlara məktub göndərmişdik. Azərbaycanda olan bütün siyasi partiyalar da buna qol çəkmişdi. Bundan sonra narazı qalanlar bəyanat verdi ki, niyə müxalifətlə hakimiyyət Dağlıq Qarabağ məsələsində sənədə imza atıblar. Bu da onu göstərdi ki, müxalifət hələ dialoqa hazır deyil. Biz həmişə demişik ki, dialoqa hazırıq.

- Müxalifət iddia edir ki, dialoqdan yayınan hakim partiyadır. Səbəb də o göstərilir ki, YAP-ın müxalifətin qarşısına çıxa biləcək qədər sözü yoxdur. Bu doğrudanmı belədir?

- Biz siyasi partiyaların maliyyələşməsi məsələsini qaldırdıq. Bu məsələnin müxalifətlə müzakirə olunmasına cəhd etdik. Amma onlar yaxın gəlmədi. Dağlıq Qarabağla da bağlı təkliflərimizi qəbul etmədilər. Bunların istəkləri ondan ibarətdir ki, dialoqda seçki komissiyalarının dəyişdirilməsi, və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlər müzakirə edilsin.

- İlham Əliyev üçüncü dəfə prezident seçkilərində iştirak etməsi cəmiyyətdə narazılıqla qarşılana bilərmi?

- Qəti şəkildə narazılıqla qarşılana bilməz. Bu, Azərbaycanın konstitusiyasında da öz əksini tapıb. Burada göstərilir ki, seçkili vəzifənin müddəti ola bilməz. Məsələn, millət vəkili istəsə, onda dəfə seçkidə iştirak edə bilər. Türkiyənin baş naziri Süleyman Dəmirəl 8 dəfə seçkidə iştirak edir. Həmçinin Rəcəb Tayyip Ərdoğan da ardıcıl olaraq seçkilərdə iştirak edir. Yəni müxtəlif ölkələrdən misallar gətirə bilərik. YAP yekdilliklə hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürəcək və onun böyük qələbəsinin şahidi olacağıq. Azərbaycan aparılan abadlıq işləri, yeni işlərini açılması, beynəlxalq təşkilatlarda ölkənin nüfuzunun artması buna əsas verir. Bu, xalqın tələbidir.

- Seçkilər keçirilən zaman xarici qüvvələr seçkilərin saxtalaşdırılmasını, insan hüquqlarının pozulmasını bəhanə edib, Azərbaycana qarşı təzyiq edə bilərlərmi?

- Siyasi məhbuslarla bağlı Avropa Şurasında məruzə oldu. Həmin məruzədən bəlli oldu ki, siyasi məhbusların siyahısına salınan adamların çoxu azadlıqdadır, siyahıda olan adamlardan bir neçəsi, ümumiyyətlə, ölkədə yoxdur. Toyuq və dana oğrusunu da siyahıya salıblar. Heç bunların siyasətə aidiyyətləri yoxdur. Bəzi hüquq müdafiəçiləri bunu biznesə çeviriblər. Onların bu addımları iflasa uğradı. Ola bilər ki, təzyiq göstərməkdən ötrü belə bir kampaniya aparsın. Bunun heç əhəmiyyəti yoxdur.

- Müxalifətdən başqa ölkə daxilində hansısa qüvvələr fəallaşa bilərmi?

- Ayrı-ayrı dövlətlərə xidmət edən insanlar var. Onlar da qarışıqlıq yaratmaq üçün rəhbərlərindən komanda alırlar. Bilirsiz, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı hakimiyyəti formalaşdırır. Ona görə də belə məsələlərdə sözü xalq deyəcək.

- Bəs, seçkiyə az bir müddət qalmış "Milyarderlə İttifaqı" yenidən ortaya atıla bilər?

- "Milyarderlər İttifaqı" ləğv olunub. Həmin qurumun Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil dövlətdir və heç bir xarici qüvvənin ölkə daxilinə müdaxilə etmək ixtiyarı yoxdur.

- Adı çəkilən ittifaq yaranan gündən həmin qurumu ən çox tənqid edənlərdən biri siz olmusuz. Amma Əli Həsənov çıxışında həmin şəxslərin İlham Əliyevin siyasətini dəstəkləyəcəyini dedi. Bunu necə başa düşək?

- Orada söhbət "Azər Ross"-dan və onun rəhbərindən gedirdi. Çünki həmin şəxs Azərbaycan vətəndaşı da deyil. Öz tərəfindən ermənilərlə görüşlər keçirir, Qarabağ məsələsini müzakirə edirdi. Azərbaycan xalqı sənə bu mandatı verməyib. Sən nə ixtiyarla Ermənistanın Daşnaksütuyun partiyası ilə müzakirələr aparırsan. Təbii ki, o, müəyyən qurumlar tərəfindən öyrədilmişdi. Bununla bağlı da biz konkret fikirlərimiz bildirdik və o "AzərRoss"dan uzaqlaşdırıldı.

- Məhkəmə icraçılarının Turqut Qəmbərə görə İsa Qəmbərin evindəki əşyaları siyahıya alması qanunidirmi?

- Mülki hüquqda mülkiyyətin sahibliliyi məsələsi öz əksini tapıb. Əgər həmin şəxs orada yaşayırsa, orada qeydiyyatdadırsa, eyni təsərrüfatın idarə olunmasında iştirak edirsə, deməli, mülkiyyətə hüquqlu şəxsdir. Yəni mülkiyyət hüququndan məhrum olunmayıb. Gedib bunu ayda axtarmayacaqdılar ki?! Onlar İsa Qəmbərin evinə getməli idilər. Hərdən məsələ qaldırırlar ki, cərimələrin məbləği çoxdur. Burada söhbət qanunsuz hərəkətin qarşısının alınmasından gedir. Vətəndaşa əvvəlcədən xəbərdarlıq edilir. Anlaqlı vəziyyətdə qanunu pozursansa, cərimələnməlisən. Cərimə olunandan sonra məlum olur ki, bunun cibində 1 manat pulu yoxdur.

- Müxtəlif etiraz aksiyalarında küçəyə çıxan YAP-çı gənclər nədənsə, cərimələnmirlər...

- Onlar polisə etiraz etmirlər. Polis onları başa saldı ki, sizin hərəkətləriniz qanunsuzdur. Bunlar polisə müqavimət göstərsəydi, həmin gənclər haqqında da tədbirlər görüləcəkdi.

- YAP gənclərinə kifayət qədər maliyyə verilsə də, onlara hər cür şərait yaradılsa da müxalif gənclərə nisbətdə passiv görünürlər. Bunun səbəbi nədir?

- YAP bütün tədbirlərini öz vəsaitləri hesabına həyata keçirirlər. Bununla bağlı biz başqa partiyalardan fərqli olaraq hər il ictimaiyyət qarşısında maliyyə hesabatı veririk. Digər partiyaların heç birində hesabatlılıq yoxdur. YAP gənclərinin də keçirdiyi bütün tədbirlərini partiyanın büdcəsini hesabına həyata keçirirlər. Deyim ki, bizim gənclər təşkilatı çox fəaldır. "Facebook" sosial şəbəkəsində "Qələbə-2013" qrupuna baxsaz, görərsiz ki, həmin qrupun 370 mindən çox istifadəçisi var. Avropada da fəal gənclərimiz var. Gənclərin çox geniş beynəlxalq əlaqələri var. Gənclər birliyi tərəfindən tez-tez tədbirlər həyata keçirilir. Biz bunu qənaətbəxş hesab edirik.

- Əkrəm Əylisli məsələsində müxalifətin mövqeyi sizi qane etdi?

- Qəti şəkildə məni qane etmədi. Əkrəm Əylisli Azərbaycan xalqını, türk dünyasını, islamı təhqir edib. Əsərində elə sətir yoxdur ki, orada azərbaycanlılar aşağılanmasın. Guya ki, Əkrəm Azərbaycan iqtidarına qarşı olduğuna görə müxalifət ona söz demir. Bunlar da Azərbaycan xalqının nümayəndələridirlərsə, işlərini xalqın rifahı naminə aparırlarsa, mövqe ortaya qoymalı idilər. Amma buradan bəlli oldu ki, onlar xalqın maraqlarına xidmət etmirlər. Müxalifət yalnız iqtidarda səhv axtarır. Nə Ziyalılar Forumu, nə İctimai Palata, nə də digər siyasi partiyalar bu məsələyə münasibət bildirmədilər. Bir şeyi də xatırladım ki, "Evrovision"mahnı müsabiqəsi keçiriləndə Azərbaycanda iki müxalifət partiyasının rəhbərliyində təmsil olunan şəxslərin övladları ermənilərə səs vermişdilər. Araşdıranda dedilər ki, biz iqtidara etiraz olaraq erməniyə səs vermişik. İqtidara etiraz olaraq erməniyə niyə səs verirsən? Erməni Azərbaycanın ərazilərini işğal edib. Ölkə ərazisi təkcə iqtidarın deyil ki?! Azərbaycanda bu düşüncə tərzinin daşıyıcıları da var. O cümlədən də Əkrəm Əylisli.

- Necə hesab edirsiz ölkədə Əkrəm Əylisliyə qarşı atılan addımlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməzmi?

- Təbii ki, bundan siyasi riyakarlıqla istifadə edəcəklər. Artıq, Fransa Əkrəm Əylisliyə vətəndaşlıq verir. Halbuki bütün hüquqlarından məhrum olmuş qaçqına və yaxud Xocalıda bütün ailəsini itirmiş bir uşağa yardım etməyiblər. Amma Əkrəm Əylisliyə vətəndaşlıq verməklə bağlı Fransa, ABŞ hazır olduqlarını bildirdilər. Bunlara belə vətən xainləri lazımdır ki, istifadə etsinlər. Bilirsiz ki, ermənilər Əkrəmin əsərinə film çəkməyə hazırlaşırlar. Əkrəmə bu lazım idi. Bu arzusuna da çatdı.

- Yeri gəlmişkən, xeyli müddət Gülər Əhmədova ilə çalışmısız. Onun qohumlarında erməni olduğunu bilmirdiniz?

- Biz anket dolduranda soruşmuruq ki, sənin qohumlarının içərisində erməni var ya yox. Azərbaycan vətəndaşıdırsa, müraciət edir, rayon təşkilatı buna baxıb qəbul edir. Bu, orqanlara daxil olanda 7 nəslin, nəcabətin yoxlayıb ondan sonra götürürlər. Bizim partiyamızda ruslar da, yəhudilər də, avarlar da, talışlar da, ləzgilər də təmsil olunurlar. Bizdə onların statistikası var. Yəni bizim partiyada Azərbaycanda yaşayan xalqların nümayəndələri təmsil olunurlar. Bu hüquqları kimsə məhdudlaşdıra bilməz.

- Fəzail Ağamalı deyir ki, hələ də hakimiyyət olanların bəzilərinin erməni qohumları var...

- Mən bilmirəm. Fəzail Ağamalının əlində belə bir fakt varsa, ortaya qoysun. Ehtimalla danışa bilmərəm.

- Necə düşünürsüz, İlham Əliyevin son çıxışından sonra ölkədəki məmur-vətəndaşlar münasibətləri normallaşacaqmı?

- Prezident öz xəbərdarlığını etdi. Bildirdi ki, məmurların fəaliyyətindən xəbəri var. Məmurların hər birinə şans verdi ki, nöqsanlarını aradan qaldırsınlar. Kimsə buna əməl etməyəcəksə, təbii ki, prezidentin sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılacaq. Hesab edirəm ki, onların gələcək fəaliyyətlərində də bu məsələlər nəzərə alınacaq.

- Tez-tez icra başçıları bir rayondan digərinə göndərilir, yerdəyişmə edilir. Əgər korrupsioner icra başçısıdırsa, həmin yerdə də öz fəaliyyətini davam etdirəcək...

- Rotasiya olmalıdır. İcra Başçısı 5 il bir yerdə işləyib yaxşı işlər görürsə, onu digər rayona göndərirlər. Bu ənənə əvvəldən var. İnsan başqa sahələri də öyrənməlidir. Amma kiminsə nöqsanı varsa, o vəzifəsindən, ümumiyyətlə, uzaqlaşdırılır.

- Ümumiyyətlə, məmur-vətəndaş münasibətlərinin indiki halını necə qiymətləndirirsiz?

- Prezidentin də qeyd etdiyi kimi, burada əsas faktor insandır. Məmurlar insanlara hörmətlə və diqqətlə yanaşmalıdırlar. Məmurun qapısı həmişə vətəndaşın üzünə açıq olmalıdır. İnsanları dinləmək lazımdır. Hesab edirəm ki, bu istiqamətdə işlər aparılır.

İlkin PİRƏLİ
AzNews.az

Bağla X