ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırır. ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırır.

"Aprel döyüşlərində bizə uduzanlar müxtəlif trubunalarda əleyhimizə rəy formalaşdırır" Helsinki Komissiyasındakı dinləmələrə sərt reaksiya

ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırır.

Millət vəkili Zahid Oruc AzNews.az-a açıqlamasında bildirib ki, hazırki reallıqda Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirdikdən sonra həqiqətən Tramp administrasiyasına çox mühüm məsləhətlər, baxışlar təqdim etmək fikrində olduğuna Azərbaycan cəmiyyətində əminlik yoxdur. Çünki həmin komissiya yalnız Azərbaycanda prezident seçkisi öncəsi hakimiyyət əleyhinə olan bir neçə şəxsin Vaşinqtona səfərini maliyyələşdirib:

"Biz burada ədalətli mövqe görməmişik. Hətta bu siyasət Qərbin özünün maraqlarına həsr olunubdur. İndiki reallıqda həqiqətən də aprel döyüşlərindən kimlərsə ABŞ-da narahat olublarsa və ədalətli çözüm yolları axtarırlarsa, bundan ötrü çox uzağa getməyə ehtiyac yoxdur. Əllərini uzatsalar Nyu Yorka çatar. BMT-nin baş qərargahı yerləşən həmin ünvanda 1993-cü ildə Azərbaycanla bağlı 4 qətnamə qəbul edilib və bu gün ATƏT-in Minsk qrupu baş sındırır ki, hansı modellə münaqişəni həll etmək olar. Qətnamələrdə hər şey çox aydın göstərilib ki, hansı ərazilər ələ keçirilib. Hətta ermənilərin də xeyrinə orada məsələ var. Çünki təcavüzkarın hansı ölkə olduğu yazılmayıb. Bizim üçün birinci mərhələdə məsələnin o tərəfi deyil. Önəmlisi ərazilərimizin təcavüzkarlardan azad olunmasıdır.

İkincisi həmin Helsinki komissiyası Ukrayna əvəzindən çox böyük anti-Rusiya kampaniyası apararaq, sanksiyaların Moskva əleyhinə sərtləşməsini tələb edir və bununla bağlı müxtəlif qanunvericilik normaları dəyişdirilməkdədir. Bəyan edirlər ki, Rusiya Qərb üçün təhlükə törədir. Çünki ərazi bötövlüklərini tanımaq istəmir. Putin işğalçılıq siyasəti yürüdür, Krımın ələ keçirilməsi qəbuledilməzdir, bu dünyada sülhü və təhlükəsizliyi təhdidi edir və s".

Millət vəkili bildirir ki, Krım məsələsinə görə qeyd olunan bu addımlar atıldığı halda ABŞ bu illər ərzində Ermənistana 1 milyard 200 milyon, Dağlıq Qarabağa isə 250 milyon dollara yaxın yardım edibdir:

"Bunun nəticəsində Dağlıq Qarabağda demokratikləşmənin dərinləşdiyini görmüsünüzmü? Bako Saakyan rejimi həmin vəsaitləri gerçəkdən necə istifadə edib? Ya ondan əvvəl Arkadi Qukasyan doğrudan da özlərinin hərbi hunta rejimlərinin mahiyyətini dəyişiblərmi? Mülki cəmiyyət modelini gücləndiriblərmi? Hüquqi proseslər orada güclənibmi? Demokratiya nə qədər öz əksini orada tapıb? Qarabağın bu regionda sülhə xidməti özünü göstəribmi? Yəni Amerika vətəndaşının vergisi hesabına formalaşan o maliyyələr nəticədə gəlib burada nəyə xidmət edir? Bu sualları o komissiyada səsləndirsələr, biz onlara "əhsən" deyərik.

Üçüncü məsələ Komissiyanın iclasına dəvət olunan şəxslər Azərbaycanın dövlət orqanları, rəsmi təmsilçilər və yaxud obyektivliyi ilə seçilən QHT nümayəndələri deyil. Belə olan halda belə bir nəticə hasil olur ki, bu növbəti dəfə də erməni lobbisinin himayə olunması və yaxud da Azərbaycanın 4 günlük "Aprel döyüşləri"ndən əldə etdiyi uğurlarını nəyin bahasına olursa olsun örtmək, onun qarşısına sədd çəkmək, siyasi cəhətdən səngərdə silahlanıb bizim üzərimizə gəlmək olacaqdır. Yəni bu həmin günlərdə bizə bata bilməyənlərin müxtəlif trubunalarda bizim əleyhimizə rəy formalaşdırmaq hadisəsi olacaqdır."

Zahid Orucun fikrincə bu komissiyada aparılan müzakirələrin bəri başdan hansı yekunla nəticələnəcəyi bəllidir. Azərbaycan buna görə də ABŞ-la yaxından əməkdaşlıq siyasətini yürütmək üçün prezidentlər arasında məlum əlaqələri bir daha ortaya qoyur.

"Biz Qərblə tərəfdaşlığı həmişə dəstəkləmişik. Amerikanın səyləri nəticəsində 90-ci illərdən bu regionda geosiyasi, iqtisadi proseslər köklü dəyişikliklərə uğrayıb. Lakin biz iki ölkə arasında öz mənafeyi üçün oynayan Riçard Kozlariç, Devid Kramer daxil onlarla şəxsə, o cümlədən Kristofer Smit kimi artıq təyinatı bəlli olan erməni milli komitəsinin üzvlüyündə rəsmi adı gedən adamların qətiyyən ədalətli mövqe sərgiləcəyinə inanmırıq."

Millət vəkili bəyan edir ki, gerçəkdən də Helsinki Komissiyası münaqişənin həllini düşünür və bunu istəyirsə, model olaraq hazırda dünyada seperatizmin qarşısını almaq üçün seçilən yolun bizə də tətbiq edilməsinə dəstək verməlidir.

Lalə Nurəddinqızı

AzNews.az