Millət vəkili Tahir Kərimli Nazirlər Kabinetində aparılan struktur dəyişikliyinə münasibət bildirib. Millət vəkili Tahir Kərimli Nazirlər Kabinetində aparılan struktur dəyişikliyinə münasibət bildirib.

"Nazirlər Kabinetində aparılan islahatlarla qurumdakı paralellər aradan qaldırılıb" - Millət vəkili Tahir Kərimli

Millət vəkili Tahir Kərimli Nazirlər Kabinetində aparılan struktur dəyişikliyinə münasibət bildirib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilməsi sayəsinə bu strukturdakı paralellər aradan qaldırılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Tahir Kərimli AzNews.az-a açıqlanmasında bildirib ki, Nazirlər Kabinetinin, Mərkəzi icra orqanlarının təkmilləşdirilməsi haqqında prezident İlham Əliyev dəfələrlə bildirib. Milli Məclisdə də bu barədə fikirlər səsləndirilib:

"Bu islahatlar zamanın çağırışı idi. Düzəlişlər mütləq olunmalıydı. Sonuncu referendumdan sonra bilirik ki, vitse-prezidentlik strukturları yaradıldı. Bununla bağlı mütləq Nazirlər Kabinetində ciddi struktur dəyişiklikləri olmalı idi. Eyni fəaliyyəti həm vitse-prezidentlik strukturu aparsın, həm Nazirlər Kabineti aparsın bu düzgün deyildi. Ona görə də cənab prezident Nazirlər Kabinetinin yeni strukturunu təşkil etdi. Dəyişikliklərə nəzər yetirəndə görürürük ki, müəyyən qədər paralellik aradan qalxıb. Eyni funksiyanı daşıyan şöbələr birləşdirilib. 11 şöbə birləşdirilərək 5 yeni şöbə yaradılıb".

Tahir Kərimli qeyd edir ki, müstəqillik illərinin əvvəlində bu struktur sadəcə əsasnamə ilə icra olunurdu və müəyyən qədər narahatlıqlar törədirdi. İndi isə bu Azərbaycan Respublikasının fərmanı ilə baş verib. Bunların hər birinin funksional sahələri, Nazirlər Kabinetinin sədrinin, onun müavinlərinin, strukturlarının hər birinin görəcəyi işlər müəyyənləşdirilib. Səlahiyyət sahələri dəqiqliklə göstərilib. Ona görə də bu çox ciddi və təqdirəlayiq bir addım kimi qiymətləndirilir:

"Dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində islahatlar hələ davam edəcək. Biz bu sahədə sanki bir keçid mərhələsindəyik. Çünki prezidentli respublikaların bir çoxlarında Nazirlər Kabineti yoxdur. İcra orqanlarına birbaşa olaraq Prezident Administrasiyası rəhbərlik edir. Bizdə Nazirlər Kabinetinin olmağı ənənələrdən irəli gəlir və bu cür məqbul sayılır. Referendumla da Azərbaycan xalqı bunu dəstəkləyib. Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə yanaşı saxlanılmasına səs verib. Ona görə də bu xidmət sahələrindəki oxşarlıqlar da gələcəkdə təkmilləşdirilməlidir."

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Lalə Nurəddinqızı

AzNews.az