Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov CNN-nin Qarabağda Azərbaycan yeməklərini erməni mətbəxi kimi lentə almasına münasibət bildirib. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov CNN-nin Qarabağda Azərbaycan yeməklərini erməni mətbəxi kimi lentə almasına münasibət bildirib.

Baş kulinardan CNN-in verilişinə çarəsiz reaksiya: "Heç nə edə bilməyəcəyik"

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov CNN-nin Qarabağda Azərbaycan yeməklərini erməni mətbəxi kimi lentə almasına münasibət bildirib.

"Azərbaycan heç olmazsa, ermənilərin oğurluq olan "qədim" erməni mətbəxinə ayırdığı vəsaitin onda biri qədər bu sahəyə pul ayırsın, başqa bir şey lazım deyil". Bunu AzNews.az-a Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov CNN-də yayımlanan “Parts Unkown” verilişinin aparıcısı Entoni Burdenin Qarabağa qanunsuz səfər edərək Azərbaycan mətbəxinə məxsus yeməkləri erməni mətbəxi kimi təqdim etməsinə münasibət bildirərkən deyib. Mütəxəssis bəyan edir ki, Entoni Burdenin qarşısına çıxarılan yeməklərin hamısı Azərbaycan mətbəxinin nümunələridir. Lakin bizdə bu sahənin təbliğatına maliyyə ayrılmayanadək, heç nəyi sübut edə bilməyəcəyik:

"Heç bir hay-küy etmək lazım deyil. Heç nə də edə bilməyəcəyik. Maliyyə qoyulmadan, nələrinsə arxasında dayanaraq müəyyən işlər görülmədən heç nə alınmayacaq. Ermənilər işləyirlər, onlar pul qoyurlar, maliyyə ayırırlar. 10 ildən sonra dünya təşkilatının başında bunlar olacaq, biz yox. Əgər bunun arxasında maliyyə durmasa, artıq bu mövqeni də əldən verəcəyik və o zaman mübarizəmiz nəticəsiz olacaq".

Tahir Əmiraslanovun sözlərinə görə,Prezident İlham Əliyev dəfələrlə ölkəmizi xaricdə təmsil edən diplomatlar qarşısında tapşırıq qoyub ki, təbliğata xüsusi diqqət ayrılsın. Amma nəticə göz qabağında.

"Prezident demişdi ki, hücuma keçin. İndi yenə başlamışıq müdafiə olunmağa. Nə qədər müdafiə olunacağıq? CNN-də göstərməyəcəklər, həmin kadrları aparıb başqa yerdə göstərəcəklər. Niyə CNN o verilişi Azərbaycan haqqında hazırlamasın? Bizim biznesmenlərin cibində pulmu yoxdur? Bu mövzuda söhbət təkcə dövlətdən getmir. Diasporalar, iş adamları bu işə maraq göstərməlidir. Ermənilərdə dövlət də işləyir, onun diasporası da, biznesmeni də. Bizdə bütün məsələləri dövlətin üstünə qoyublar. Çox ehtiyatlı olmaq lazımdır. İnformasiya müharibəsi heç də sərhəddəkindən aşağı səviyyədə deyil, bəlkə də daha yuxarıdadır. Birinci bu sahədə qalib gəlməsək, orada qalib gəlmək mümkün olmayacaq".-deyə baş kulinar qeyd edib.

Qeyd edək ki, CNN-də yayımlanan “Parts Unkown” verilişinin məşhur aparıcısı Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. Ermənilər Şuşada çəkilən verilişdə Burdenə milli mətbəximizə aid olan xəngəli, qutabı öz adlarından təqdim ediblər. Faktla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb.

Lalə Nurəddinqızı

AzNews.az