“Rusiya Qarabağ münaqişəsinin “açar”ını əlində saxlamaq istəyir”

"Rusiyanın xarici siyasət konsepsiyası var və bu günlərdə sonuncu konsepsiyanı prezident Putin imzaladı. Həmin konsepsiyada bir neçə maraqlı məqamlar var. Xüsusilə də Dağlıq Qarabağla bağlı diqqəti cəlb edən məqamlar da istisna deyil"

Bunu AzNews.az-a siyasi şərhçi Elman Nəsirli deyib. O qeyd edib ki, ABŞ-ın xarici siyasət konsepsiyasında dünyanın güc mərkəzinin Avropadan Şərqi Asiyaya, Sakit okean regionuna keçməsi tendensiyası var və bu artıq belə də qəbul olunur. Onun sözlərinə görə, müasir dünyada Rusiyanın xarici siyasət konsepsiyasında mövcud reallıqların nəzərə alınacağı güman olunurdu. Amma bu baş verməyib:

"Rusiyanın indiki xarici siyasət konsepsiyasında əsas tərəfdaşları ardıcıllıqla göstərilib ki, orada da ilk yerləri MDB ölkələri tutur. Bu onu göstərir ki, Rusiya üçün xarici siyasətin əsas prioritet istiqamətləri MDB ölkələridir. Ikinci yerdə Avropa, üçüncü yerdə ABŞ, Asiya regionu dayanır. Bunun mənası o anlama gəlir ki, əgər Rusiya kimi dövlət xarici siyasətində əsas prioritet MDB məkanını elan edibsə, deməli bu ölkələrdə münaqişələrin həlli məsələsində də əsas söz sahibi, dominant o, olmalıdır. Yəni bu o deməkdir ki, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində də əsas açarı öz əlində saxlamaq iddiasındadır. Bunu öz konsepsiyasında da açıq şəkildə ifadə edir".

Gültəkin
AzNews.az