09:54
(077) 610-22-33

ABU-nu belə sökürlər – VİDEO-REPORTAJ

  • >
473 22 Fevral 2013 21:55 | Siyasət

ELŞAD ABDULLAYEVİN “OYLAĞI” XARABALIĞA ÇEVRİLİB


ABU-nun iki binasını – yeməkxanasını və idman kompleksini sökürlər. Səbəb isə ərazidə Bakı Metropoliteni üçün "Depo" tikilməsidir.

Metronun badına gedir, yoxsa videoların?

Biz də ABU-ya gedib, orada baş verənlərlə maraqlanmaq qərarına gəldik. "Depo" tikintisi üçün ayrılan hissəylə universitetin korpusları arasında hasar çəkilib. Hələlik, söküntü yeməkxanaya və idman komplekslərinə şamil olunub. Artıq yeməkxananın bir tərəfi uçurdulub, idman kompleksi isə hasara alınaraq, tez bir zamanda sökülməsi planlaşdırılır.

ABU-nun qapıları bağlı olduğu üçün içəri adlamaq çətin idi. Odur ki, bir az ətrafda var-gəl edib söküntü-tikinti işləriylə maraqlanmaq qərarına gəldik. Böyük bir ərazini əhatə edəcək tikintisi aparılan "Depo"ya görə dayanmadan iş gedir. Onlar söhbət etmək qərarına gəlirik. Ancaq jurnalist olduğumuzu bilən kimi bizdən uzaqlaşırlar. "Biz fəhlə adamlarıq, nə deyirlər onu edirik. Desələr buranı sökün, sökürük, tapşırıq verməsələr etmirik" deyib fəhlələr öz işlərinin arxasınca getdilər.
Biz isə hasar boyunca hərəkət edib, bu dar cığırın sonunun hara qədər getdiyini görmək qərarına gəldik. Təxminən 200 metr irəlilədikdən sonra uzun bir qazıntıya çatdıq. Bu qazıntı ABU-nun bir mərtəbəli başqa bir tikilisini də yararsız hala salıb. Sonradan öyrəndik ki, bu tikili "Depo"nun özülünə mane olduğu üçün belə hala gətirilib. Hasarın sonunda kiçik yarıq olduğu üçün biz buradan universitetin həyətinə adlandıq.

Korpuslar sökülməyib, ancaq...

ABU-nun korpusları hələ ki, sökülməyib. Ancaq bina və həyəti çox pis gündədir. Yerə vurulan daş üzlükləri ot basıb. Həyətdə olan yaşıllıqlar isə məhv olmaq üzrədir. Ərazini kol-kos bürüyüb.
Əsas korpus kənardan gözəl görünsə də, yaxına gələndə hər şeyin o qədər də füsunkar olmadığı qənaətinə gəlirsən. Hər yer tör-tüküntü içindədir. Binaların qapısından içəri boylananda vəziyyətin arzuolunmaz olduğunu görürsən. Deyəsən, korpuslarda olan bütün əşyaları daşıyıblar. Ancaq qapılar bağlı olduğu üçün bunu dəqiqləşdirə bilmirik.
ABU-nun həyətində bir az gəzişib, geri qayıtmaq istəyirik. Ancaq Heydər Əliyevin heykəli bizi fikrimizdən daşındırır. Böyük pullar hesabına başa gələn bu heykəl də universitet kimi toz-torpağın içindədir. Yerə vurulan mərmər döşəmələr isə qopub. Heydər Əliyevin abidəsiylə üz-üzə olan bir neçə görkəmli şəxsiyyətlərin lap kiçik büstləri isə baxımsızlığa hələ ki, davam gətirə bilir.
Həyətdəki fontanın suyu qurumasa da, oradan gələn üfunət iyi nə vaxtsa burada tələbələrin sifətinə çilənən balaca bir hovuzun olduğuna şübhə yaradır.


Kol-kos içində olan ABU


Toz-torpaqlı, baxımsızlıq üzündən yararsız hala düşən, bir vaxtlar minlərlə tələbənin üz tutduğu bir məkanın əvvəllər böyük, indi isə kiçik qapısında çölə atlanırıq.

ABU ilə bağlı problemlər təkcə bununla bitmir. Universitetin 7-ci korpusunu icarəyə götürən firmalar da ofisdən çıxarılıb. Bunu isə bizə orada keçən həftəyə qədər mənzil alqı-satqısı kimi fəaliyyət göstərən firmalardan birinin rəhbəri dedi. Onun sözlərinə görə, vaxtı ilə universitetin tarix, hüquq və beynəlxalq münasibətlər fakültələrinin yerləşdiyi binada fəaliyyət göstərən firmalar köçməyə məcbur olublar.
"Bizə dedilər ki, gələn həftədən köçməlisiniz. Sizinlə bağlnamış müqavilələr birtərəfli qayda da dayandırılır. Başqa yerdə özünüzə kirayəyə yer tapın", - deyə universitetdə yer götürmüş firmalardan birinin sahibi deyir.

Məlumatlara görə, ofislər burada aylıq 200-250 manat kirayə qalırdılar.
ABU-nun yaxınlığında yerləşən və Elşad Abdullayevə məxsus ABU klinikasının qapıları da qıfıllanıb. Sonuncu parlament seçkiləri zamanı sözügedən ünvan seçki məntəqəsi kimi istifadə olunub.
ABU bağlanandan sonra diplomlarının ala bilməyən tələbələr və onların valideynləri bir müddət universitetin qarşısına gəlirdilər. İndi isə heç kim gözə dəymir. Çünki attestatlarının qaytarılması və diplomların həll edilməsi məsələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yönəldilib.

Son

Hazırda Fransada mühacirətdə olan universitetin sabiq rektoru Elşad Abdullayevin Heydər Əliyevin adını daşıyacaq parkın salınması ilə bağlı aldığı torpaq sahəsi isə Bakı Metropoliteninə verilib.
ABU-dan ayrılırıq. Universitetin qarşısında dayanacaqda avtobus gözləyirik. Vaxt var idi burada müəllim-tələbə əlindən tərpənmək olmurdu. İndi isə tək-tənha dayanmışıq. Necə deyərlər, hər aşiqin bir dövranı var...



Ramin DEKO
AzNews.az
Bağla X