“Gülər Əhmədova başına gələnləri pis zarafat adlandırır“ - Müsahibə

"Gülər Əhmədova uzun müddət polis nəzarəti altında qalıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. O, polis idarəsində vaxtında qeydə alınıb, istintaqın bütün çağırışlarına vaxtında gəlib, buna görə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmayıb."

Bu barədə SalamNews-a müsahibəsində Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın vəkili Eldar Qədimov bildirib.

- Sabiq deputat qarşı qətimkan tədbirinin dəyişdirilməsi barədə ərizə veriləcəkmi?

- Böyük ehtimalla, gələn həftə Bakı şəhər prokurorluğuna keçmiş deputat Gülər Əhmədovaya qarşı qaldırılan Cinayət Məcəlləsinin 307.2-ci maddəsinin təxirə salınması barədə ərizə təqdim olunacaq. Biz ehtimal edirdik ki, Bakı Apelyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin ona qarşı qəbul etdiyi həbs şəklində qətimkan tədbiri barədə qərarını təxirə salacaq. Əgər yalnız CM 178-ci maddəsi qalarsa, qətimkan tədbirinin dəyişdirilməsi barədə danışmaq olar.

Dələduzluğa gəldikdə isə, bu halda aldadılma elementi heç nə ilə əsaslandırılmayıb. Yalnız video çəkilişdəki danışıqlar var. Elşad Abdullayevdən pulun alınması və ötürülməsi faktı sübut olunmayıb.

- Ancaq, video yazıya əsasən, Gülər Əhmədova Elşad Abdullayev ilə məbləğ barədə razılığa gəlib?

- Hər mövzuda söhbət etmək olar, ancaq bu onu göstərmir ki, onlara əməl olunur. Hər halda əgər insan danışıqları yazıya alıbsa, pulu verdiyi kadrları da lentə almalı idi. Əgər sübut yoxdursa, bu necə cinayətdir?!

- Siz deyirdiniz ki, müdafiə etdiyiniz şəxs ağır xəstədir.

- Mənim tərəfimdən sadalanan bütün xəstəliklər, o, izolyatora düşənə qədər aşkarlanıb. Mənim müdafiə etdiyim şəxs ev şəraitində ürək xəstəliyindən, qanda şəkərin artmasından, əsəb pozuntusundan və digər xəstəliklərdən müalicə alırdı. Prokurorluq əməkdaşları G.Əhmədovanın mənzilinə baxış keçirərkən, bir neçə dərman qutusu aşkarlanıb. O, mütəmadi olaraq müalicə kursları alırdı. Ona müalicə prosedurlarını dayandırmaq olmazdı, ancaq indi o dayandırmaq məcburiyyətindədir, buna görə də xəstəlik kəskinləşib.

- Qətimkan tədbiri barədə qərar verərkən hakim onun sağlamlıq vəziyyətini nəzərə almalı idimi?

- Qətimkan tədbiri barədə qərar verilən zaman güzəştlərin edilməsi məhkəmənin özündən asılıdır. Adətən yetkinlik yaşına çatmayan uşaqları olan, xəstə qadınlara qarşı ev dustaqlığı şəklində qətimkan tədbiri barədə qərar qəbul oluna bilər. Nəzərə almaq lazımdır ki, Gülər Əhmədovanın həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Bundan başqa, G.Əhmədova uzun müddət polis nəzarəti altında qalıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. O, polis idarəsində vaxtında qeydə alınıb, istintaqın bütün çağırışlarına vaxtında gəlib, buna görə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmayıb.

- Ancaq daha əvvəl mətbuatda Gülər Əhmədovanın ölkəni tərk etməyə cəhd göstərdiyi zaman saxlanılması barədə məlumat yayılıb.

- Bu absurddur. O, heç yerə getməyə hazırlaşmırdı. Onun evi, ailəsi buradadır. Dediyim kimi, mənim müdafiə etdiyim şəxs xəstədir. G.Əhmədova Gürcüstanda həkim müayinəsindən keçmək istəyirdi. Bundan başqa, o, Gürcüstana getmək istəyərkən onun ölkəni tərk etməsi qadağan olunmamışdı.

- Bəs istintaq izolyatorunda Gülər Əhmədovanın təhlükəsizliyi necə təmin olunur? Kamerada onunla yanaşı, daha bir qadının saxlanılması barədə məlumat doğrudurmu?

- İstintaq izolyatorunda ona yaxşı davranırlar, təhlükəsizliyi təmin olunur. Bu səbəbdən bununla bağlı problemin olduğunu deyə bilmərəm. Dünən qəzetdə oxudum ki, müdafiə etdiyim xanım günün ikinci yarısında istintaq izolyatorunun rəisinin yanına gedərək qalmaqal yaradıb, daha sonra onu müalicəxanaya aparıblar. Bu, tamamilə səhvdir. Mən inanmadım, çünki hələ səhər onu Bakı Apelyasiya Məhkəməsindən istintaq izolyatoruna aparmışdılar. Ancaq mən müştərimə zəng etdim və bunun yalan olduğuna əmin oldum.

- Yalan məlumat yaymaq kimə lazımdır?

- Bilmirəm, görünür kiməsə lazımdır.

- Gülər Əhmədovanın əmlakının müsadirə edildiyi barədə məlumat yayıldı. Ona aid olan daşınmaz əmlakların siyahısı dərc olunub. Bununla bağlı nə deyə bilərsiniz?

- Müsadirə ilə bağlı məsələ qaldırılmayıb. Əgər belə bir şey olsa, mən birinci xəbər tutardım.

- Gülər Əhmədovanın mənzilində keçirilən axtarış zamanı nələr müsadirə olunub?

- Sadəcə, texnika götürüblər – kompyuterlər, telefonlar və flash-cardlar. Onlar da ekspertizadan sonra geri qaytarılacaq. Bəzi ekspertizaların qərarı var, ancaq mən vəkil kimi istintaq sirrini açıqlaya bilmərəm. Biz Türkiyədən gələcək ekspertiza nəticələrini gözləyirik. Orada istintaq işləri aparılır. Araşdırmalar bu iş bu çıxarışın bizə lazım olub olmadığına qərar verməlidir. Yalnız bundan sonra istintaqın dayandırılması və ya davam etdirilməsinə dair qərar veriləcək.

- İstintaq materiallarında Gülər Əhmədovanın həyat yoldaşının adı da hallanır.

- Gülər xanım özü bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. Buna görə də, mən heç nə deyə bilmərəm.

- Mərhum Sevinc Babayevanın olduğu yer haqqında məlumat verməməklə bağlı Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham barədə nə deyə bilərsiniz?

- Belə şey olmayıb. Bu insan 2012-ci ilin sentyabr ayında Bakını tərk edib. S.Babayevaya qarşı cinayət işi isə oktyabrda qaldırılıb. Kimin ağlına gələrdi ki, 3-4 il əvvəl bağlanan iş 20 gün sonra yenilənəcək və onu axtarışa verəcəklər?!

- Gülər Əhmədovanın ittiham olunduğu maddəni nəzərə alsaq, onu hansı müddətə həbs edə bilərlər?

- Bu suala cavab vermək bir az çətindir. Ümid edirik ki, ədalət öz yerini tutacaq və məsələ müsbət yöndə həllini tapacaq. Maddələr çox ağırdır. Ancaq istintaq işləri genişdir və bunun nə ilə nəticələnəcəyini heç kim bilmir. Gülər xanım iddia edir ki günahkar deyil.

- Əgər Gülər Əhmədova azadlığa buraxılarsa, xaricdən siyasi sığınacaq istəməyi planlaşdırırmı?

- Əlbəttə ki, yox. O, söyləyir ki, öz ölkəsinə və prezidentinə sadiq olub və olacaq.

- Hazırkı vəziyyətə görə Gülər Əhmədova kimi günahlandırır?

- O hesab edir ki, bu, kiminsə pis zarafatıdır.

AzNews.az