“Bəziləri söyləyə bilər ki, Hüseyn Abdullayevə nə var, bu gün oturub Almaniyada, istədiyini deyə bilir və ona bütün bunları söyləmək çox rahatdır” “Bəziləri söyləyə bilər ki, Hüseyn Abdullayevə nə var, bu gün oturub Almaniyada, istədiyini deyə bilir və ona bütün bunları söyləmək çox rahatdır”

Axırıncı adam – o, lateks əlcək kimi atılmağın qisasını almağa çalışır

“Bəziləri söyləyə bilər ki, Hüseyn Abdullayevə nə var, bu gün oturub Almaniyada, istədiyini deyə bilir və ona bütün bunları söyləmək çox rahatdır”

Adam eyforiyanın, xəyallar dünyasının zirvəsində, gerçəklik qavrayışının dibindədir.

Ona elə gəlir ki, sevimlidir, xalq arasında nüfuzu var, düşünür ki, hamı birmənalı olaraq, qeyd-şərtsiz, dinməz-söyləməz onu dəstəkləməlidir.

O, özünü alovlu inqliabçı, dönməz mübariz, hətta mücahid sayır.

Adam bu niyyətdədir ki, xalqın gələcəyi onunla bağlıdır.

O, inanır ki, ölkənin ən böyük demokratı özüdür.

Ancaq hələ ona deyən olmayıb ki, bu ölkədə demokratiyadan danışacaq axırıncı adam odur.

Onun indiyədək apardığı mübarizə güclünün tərəfində duraraq əliyalın müxalifətçiləri öz qulbeçələri ilə əzdirməkdən ibarət olub.

O, fərqində deyil ki, artıq yarımsiyasi, yarımhərbi, yarımkriminal mübarizəsi heç bir işə yarayası deyil. Vaxtilə onun xidmətindən yararlanan qüvvələr onu dantistlərin bir dəfə işlədərək atdığı lateks əlcəklər kimi bir tərəfə atıb.

İndi o, revanş arzusundadır, onu kənara atanlardan amansız qisas almaq istəyir, bu məqsədlə vaxtilə döydürdüyü, əzdirdiyi adamları öz tərəfinə çəkməyə, onlardan istifadə etməyə çalışır.

“Hamınızı Milli Şuranın mitinqində iştirak etməyə çağırıram”, deyən bu adamın çağırışının əsl mənası, “yığılın, qanınızı qaşığa qoyun, döyülün, söyülün, ortalıq qarışsın, sonda mən hakimiyyətə gəlim” deməkdir.

Ondan qabaq bu üsulu təcrübədən keçirən biri olub. Rəsul Quliyev okeanın o tayında oturaraq xalqı üsyana, mövcud hakimiyyəti devirməyə çağırırdısa, o (Hüseyn Abdullayev) okeanın bu tayındadır, amma eynilə onun kimi düşünür.

Onların ikisi də (biri keçmişdə, biri də indi) demokratik müxalifətin, keçmiş hərəkatçıların liderləri ilə səmimi müttəfiqlik büsatı qurmaq eşqində deyillər, əsl niyyətləri bu qüvvələrdən faydalanmaqdır. (Bu qüvvələrin də bir hissəsi onların varidatından yararlanmağı düşünür, amma əbəs yerə).

O, bu ölkədə prezidentliyə namizəd olacaq, bu iddiaya düşəcək insanların da ən axırıncısıdır. Yalnız bir halda axırdan ikinci ola bilər ki, sağa-sola hədyan üfürən stajlı namizədlərdən biri yenə namizəd olsun.

Prezidentliyə iddia etmək üçün siyasi arenada boy göstərənlərin hər birinin haqqı onunkundan çoxdur. Çünki o, bu ölkədə demokratiyanın anasını birbaşa ağladan 2-3 adamdan biridir.

O birilər, dövlət qulluqçuları tutduqları vəzifələrə görə qanunsuz əmrləri yerinə yetirərək, müxalifətçilərə qarşı sərt addımlar atırdılarsa, onun bütün amansızlıqları və qanunsuz hərəkətləri öz təşəbbüsü idi. Ondan belə hərəkətlər etməyi tələb edən yox idi. O, sevə-sevə, öz şəxsi hakimiyyətini qoruyurmuş kimi meydana yarımhərbi qüvvələr göndərir, siyasi fəalları orda-burda cəzalandırırdı.

İndi o, demokratiyadan danışır, öz seçki platformasını açıqlayır, “məni sevən və hər zaman dəstəkləyən dostlarıma bildirim ki, öz namizədliyimin qeydə alınmasından ötrü mubarizəmi aparıb, sonuna qədər gedəcəyəm”.

Adama deyərlər, “sonuna qədər gedəcəyəm” deyərkən, hara qədər gedəcəksən, Abdullayev, heç olmasa Simferopola qədər gələcəksənmi?
Özü də bilir ki, bu sözləri ona deyəcəklər, ona görə də yazır: “Bəziləri söyləyə bilər ki, Hüseyn Abdullayevə nə var, bu gün oturub Almaniyada, istədiyini deyə bilir və ona bütün bunları söyləmək çox rahatdır”.

Bəli, elədir. 40 ilin başında bircə dəfə parlamentdə açıq danışdın, baş qaldırdın, sifətinə yumruq atdılar, başına torba keçirdilər, bir ay təcridxanada yatırtdılar, qohum-əqrəbanı və özünü yalvartdılar, sonra şərtlə azadlığa buraxıb vətənindən sürgün etdilər.

Ancaq o, sanki ölkəsindəki gerçəklikləri bilmir, qeyd edir: “Əminəm ki, xalqımız kütləvi şəkildə Milli Şuranın təyin etdiyi mitinqlərə qatılmalı, heç bir təzyiqdən çəkinməməli və köləliyə son qoymaq məqsədi ilə bu rejimin dəyişməsinə nail olmalıdır”.

Sanki bunun Almaniyada oturub “qorxma, qorxma” deməsi kifayətdir. Polis gücünün, hakimiyyətin sərt təpkisinin, yarınmağa çalışan yeni “Quska”ların önünə başqaları çıxacaq, nə olsa, onlara olacaq, bu isə klassik inqilab liderləri kimi hər şey hazır olandan sonra təntənəli şəkildə ölkəyə qədəm qoyacaq, hakimiyyəti götürəcək.

“Arzuya bax, sevgilim” məsələsi...

Siz, onun aşağıdakı sözlərinə diqqət edin, əziz oxucular, deyir: “Məgər mən də başqa iş adamları, deputatlar və nazirlər kimi çəkilib kənarda dayanaraq, pulumu qazanıb, bütün dünyanı gəzib öz keyfimə baxa və ömrüm boyu çalışıb qazandığım mülklərimi qoruya bilməzdimmi? Bəs niyə bunu etməyib hər şeyə tüpürərək və Almaniyada deyil, elə Azərbaycanda bu rejimə qarşı çıxıb, parlamentdə üzlərinə üsyan etdim?”

Bu sözlər kiməsə həqiqət kimi görsənə bilər. Amma həqiqət deyil. Sən ona görə “başqa iş adamları, deputatlar, nazirlər kimi çəkilib kənarda dayanaraq”, pulunu qazanıb, dünyanı gəzib kef edə bilmədin ki, bu mərhələni çoxdan aşmışdın, artıq sənə daha yüksək mənsəblər (məsələn, ARDNŞ prezidenti, FHN rəhbərinin müavini), daha böyük sərvət lazım idi və zamanını, gücünü düzgün qiymətləndirə bilmədin, çaşdın və vurdular, aşdın.

Ömrün boyu çalışıb qazandığın mülklərə gəlincə, o mülklərin də, o biri sərvətlərinin də hansı yolla toplandığını çox adam bilir. Bunlar hər halda lirik mahnıların populyar müğənnilərə satılması hesabına başa gəlməmişdi, ayrı-ayrı zamanlarda pislədiyi hakimiyyətə göstərdiyin qulluqlar hesabına başa gəlmişdi.

Xalqın iradəsiylə, səsiylə hakimiyyətə gələcəyini bəyan edən “demokrat namizəd”in elan etdiyi “platforma”nın əsas prioritet məsələləri belədir: “1.Ölkəmizdə tam qayda-qanun yaratmaqdan ötrü ən azı 2 illiyinə fövqəladə vəziyyət elan edəcəyəm”.

Demokratiya və 2 illik fövqəladə vəziyyət rejimi. Bundan da böyük absurd və paradoksal durum politologiya elminə bəlli deyil.

Bəs, bu 2 illik FV rejimi cənab Abdullayevin nəyinə lazımdır? “Gələcək prezident”in cavabı belədir: “Bu müddət ərzində bütün dövlət strukturlarında, xüsusilə də hüquq- mühafizə orqanları, məhkəmə, ədliyyə və gömrük- vergi sistemlərində kök salmış kriminal ünsürlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəcəyəm”.

Belə etsə, bayırda kim qalacaq? Bu qədər adama türmə çatdırmaqmı olar, cənab Abdullayev?

Müəllimin iİkinci “prioriteti” də maraqlıdır: “Tək adam və ailə iradəsindən aslı olan Prezident üsul-idarəsini ləğv edib, Parlament üsulu ilə idarəetmə sisteminə keçidi reallaşdıracam”.

Adam “tək adam” rejiminə qarşı çıxır və təkbaşına prezident üsul-idarəsini ləğv edir, parlament üsuli ilə idarəetməyə keçir, heç bir müzakirəyə, referenduma ehtiyac yoxdur.

Hiss olunur ki, onun “demokratiya”nın “de”sindən, dövlət idarəetməsindən, hakimiyyət qollarının funksiyalarından, adi prosedur qaydalarından xəbəri yoxdur.

Bu söhbətdən sonra onun “platforma”sının o biri müddəalarına toxunmaq belə artıqdır, cəfəng fikirləri burda konstatasiya və şərh etməyə dəyməz.

Ancaq Abdullayevin hələ seçkilərə bir il qaldığı, əsəblərin sakit, seçki ehtirasının sıfır olduğu bir vaxtda seçdiyi ifadələrə toxunmasaq olmaz. Adamın seçki platformasında “qor-qoduq” sözü var, hesabınızı götürün.

Hiss olunur ki, o, heç vaxt tənqid olunmayıb, daima tərifli sözlər, mədhnamələr eşidib, ona görə də haqqında bir balaca tənqidi fikirlər oxuyanda hövllənir.

Özünün başlatdığı media savaşında xeyli yumşaq bir cavab alan Abdullayev “haqqın az” və “musavat com” saytlarının yazılarına cavab verərkən tanınmış jurnalistlərin ünvanına burda sitat gətirilməcək ağırlıqda söyüşlər söyür.

İndi bu adam prezident olmaq istəyir. Bu qədər hikkəylə, məkrlə, minlərlə adama məhbəs vəd etməklə, latayırlı ritorika ilə prezident olmaq olarmı?

Ancaq o, hesab edir ki, olar və yazır ki, “əgər azacıq da olsa demokratik bir seçki keçirilərsə, sizin İlham Əliyevinizdən qat-qat artıq səs toplayaram, bundan qəti şübhəniz olmasın”.

Qoy söhbətin bu yerinə də iqtidar qəzetlərində çalışan həmkarlarımız cavab versinlər.

Musavat.com