"Düşünülmüş və məqsədyönlü formada ortaya çıxmış bir təxribatdır" "Düşünülmüş və məqsədyönlü formada ortaya çıxmış bir təxribatdır"

"Bunu heç bir formada əsaslandırmaq mümkün deyil" - Türkiyə-NATO qalmaqalına reaksiya

"Düşünülmüş və məqsədyönlü formada ortaya çıxmış bir təxribatdır"

Bunu AzNews.az-a Türkiyə - NATO qalmaqalına münasibətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib. Millət vəkili qeyd edib ki, bu istiqamətdə Türkiyənin mövqeyi tam haqlıdır. Çünki həqiqətən də NATO tərəfindən Türkiyəyə qarşı böyük hörmətsizlik ifadə olunub:

"Düzdür, qarşı tərəf iddia edir ki, guya bu olay orada olan türkiyəli bir zabit tərəfindən edilib. Amma bunu heç bir formada əsaslandırmaq mümkün deyil. Çünki əvvəlcədən hər şey yoxlanılmalı idi ki, belə bir səhv addımların qarşısı vaxtında alınsın. Bütün hallarda NATO tərəfinin səhvi etiraf etməsi və Türkiyə hökumətindən üzr istəməsi yaxşı haldır. Güman ki, bundan sonra Türkiyəyə qarşı bü cür qərəzli addımlar atılmayacaq".

F.Mustafa baş verən olayın dərindən araşdırılmasının vacib olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu işdə kimlərinsə əli var. Çünki bu, heç də təsadüfi bir şeyə oxşamır, düşünülmüş və məqsədyönlü formada ortaya çıxmış bir təxribatdır. Hətta ola bilər ki, bu məsələdə Türkiyəni aşağılamaq məqsədilə bir qrup çalışması var.

Xatırladaq ki, ötən gün NATO hərbiçilərinin Norveçdə keçirilən təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Bundan sonra Türkiyə NATO təlimlərində iştirak edən hərbçilərini geri çağırıb. Norveç və NATO olaydan dolayı Türkiyədən üzr istəsə də, Ankara Cümhuriyyət Prokurorluğu məsələ ilə bağlı cinayət işi başladıb.

Elgün Mənsimov

AzNews.az