“İstəyir, bu məsələni bizimlə müzakirə etsin, istəyir də etməsin..." “İstəyir, bu məsələni bizimlə müzakirə etsin, istəyir də etməsin..."

YAP-çı deputat ABŞ səfirinə meydan oxudu

“İstəyir, bu məsələni bizimlə müzakirə etsin, istəyir də etməsin..."



ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində bütün ölkələrdə olduğu kimi Azərbaycanda da azad və ədalətli seçkilər görmək istədiklərini bildirib:

"Ümidvarıq ki, bütün namizədlərə öz platformalarını təqdim etmək üçün şərait yaradılacaq. Eyni zamanda bütün qüvvələrə sərbəst toplaşmaq azadlığı veriləcək, mediada açıq müzakirə şəraiti yaradılacaq. Sadaladıqlarım demokratiyanın əsas atributlarıdır. Ümid edirik ki, Azərbaycanда da buna riayət olunacaq". Hazırda Azərbaycan hökuməti ilə demokratik seçkilər keçirilməsi, buna şərait yaradılması haqda söhbətlər apardıqlarını vurğulayan səfir qeyd edib ki, mətbuatda bu barədə tez-tez danışmaqdansa şəxsi konstruktiv danışıqlar daha faydalı olar.
Amerikalı səfirin fikirlərini AzNews.az-a şərh edən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, seçki məsələsi həmişə müzakirə edilib. Bu mənada indi aparılan müzakirələr də qəribə qarşılanmamalıdır:

"Azərbaycanda seçkilər azad, ədalətli, demokratik keçiriləcək. Bundan əvvəlki seçkilərimizdə də belə olub. Sadəcə istər ABŞ, istərsə də hansısa bir ölkənin səfiri hər hansı bir proseslə maraqlanıb müzakirə aparırsa burda qəbahət nə var ki? Bizim səfirlərimiz xaricdə necə müzakirə aparırsa, ABŞ səfiri də bizdə elə müzakirə aparır. Ona görə də ABŞ səfirinin dövlətimizin yetkililəri, dövlətin səlahiyyətli şəxsləri ilə müxtəlif mövzularda müzakirələr normal bir prosesdir, mən burda qeyri-adi heç nə də görmürəm".

M.Qurbanlı onu da əlavə edib ki, amma səfir Morninqstarla müzakirələrin aparılması o demək deyil ki, Azərbaycan hakimiyyəti seçki strategiyasını bu müzakirələrə uyğunlaşdıracaq: "ABŞ səfiri istəyir bu məsələni bizimlə müzakirə etsin, istəyir də etməsin, biz onsuz da demokratik prinsiplərə sadiqik. Bizim seçimimiz kiməsə görə deyil, bu Azərbaycan prezidentinin tutduğu yoldur. Bu müzakirələrin də bizim seçkilərin gedişinə, seçdiyimiz xəttə təsiri yoxdur. Sözügedən müzakirələr isə ABŞ səfirin marağından irəli gəlib. Bu heç də seçkinin şübhə altına alınması demək deyil. Bizim səlahiyyətli nümayəndəmiz görüşəndə deyir ki, biz seçkiyə hazırlaşırıq, seçkimiz də dünya standartına uyğun keçiriləcək".

Gültəkin
AzNews.az