05:55
(077) 610-22-33

Nemət Pənahlının vəkili apellyasiya şikayəti verəcək

  • >
325 26 Fevral 2013 13:25 | Siyasət

Xəzər Rayon Məhkəməsinin məhbus siyasətçi Nemət Pənahlı haqqında qərarından apellyasiya şikayəti veriləcək. "Media forum" saytına danışan vəkil Elçin Əliyev belə deyib.

Fevralın 25-də 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin məhbus siyasətçi Nemət Pənahlı barədə təqdimatına baxış sona çatıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunurdu. Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov sədrlik etdiyi proses müəssisədə keçirilib və Nemət Pənahlının həbsxana rejiminə köçürülməsinə qərar verilib.

Vəkil Elçin Əliyev "Media forum" saytına deyib ki, məhkəmənin qərarını alan kimi apellyasiya şikayəti veriləcək: "Hesab edirdim ki, Xəzər Rayon Məhkəməsi təqdimatı təmin etməyəcək. Təqdimatda o qədər nöqsan vardı ki, hətta hakim buna iradlarını bildirdi. Məhkəmə araşdırması sübuta yetirdi ki, təqdimatın verilməsinə səbəb olan cəzalar tamamilə əsassız olub. Bu fonda məhkəmənin təqdimatı təmin etməsi bizi çox təəssüfləndirdi".

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən ilin dekabrında bir neçə dəfə 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə təcridxanası cəzası alıb, bu ilin yanvarında isə kamera tipli otağa salınıb.

AzNews.az
Bağla X