05:51
(077) 610-22-33

“Ərik inqilabı” təxirə salınır

  • >
382 26 Fevral 2013 13:28 | Siyasət



Elxan Şahinoğlu

Ermənistanda prezident seçkisinin nəticəsinə etiraz olaraq vaxtilə Gürcüstan və Ukraynadakına bənzər rəngli və ya ermənilərin termini ilə desək "ərik inqilabının" baş verəcəyini proqnozlaşdırmıram. Bunun bir neçə səbəbi var.
Birinci səbəb ondan ibarətdir ki, seçkinin saxtalaşdırıldığını vurğulayan keçmiş xarici işlər naziri Raffi Ovanisyanın özü inqilabdan və qarşıdurmadan çəkinir, üzərinə məsuliyyət götürmək istəmir. Bu həm də onunla bağlıdır ki, bəlkə də onun özü gözləmədiyi halda, saxtakarlıqlara rəğmən, 37 faiz səs topladı. Bu bir növü Azərbaycanda 1998-ci il prezident seçkisinə bənzəyir. Seçkiyə bu və ya digər səbəblərdən müxalifət liderləri – Əbülfəz Elçibəy və İsa Qəmbərin qatılmadığı bir şəraitdə bütün narazı səslər Etibar Məmmədova getdi və o keçmiş prezident Heydər Əliyevlə faktiki başa-baş mübarizə apardı. Eyni ilə Ermənistanda da müxalifətin iki əsas namizədi – Levon Ter-Petrosyan və Qaqik Tsarukyan seçkiyə qatılmadıqlarından narazı elektoratın bütün səsi Raffi Ovanisyana getdi. 1998-ci ildə Etibar Məmmədov da seçkinin nəticəsinə etiraz etmək istədi, ancaq o da qatı addımlardan çəkindi və faktiki bununla da siyasi karyerasına son qoydu. Bu gün Raffi Ovanisyan da səslərini qorumaq üçün qəti addımlar atmasa, siyasi atmosfer onu da Etibar Məmmədov kimi arxa plana atacaq. Ermənistanda seçkisonrası hadisələrin xronologiyası da bundan xəbər verir.
Raffi Ovanisyan seçkidən sonra özünü qalib elan etdi, ancaq bir neçə gün sonra mövqeyində yumşalma hiss olundu. Məncə, bunda Serj Sərkisyanın da hiyləgər gedişinin rolu oldu. O, Ovanisyanla görüşüb, televiziya ekranları qarşısında güləruz pozlar verməklə həm daxili, həm də xarici auditoriyanı sakitləşdirməyə və bir növü "mən dialoqa hazıram" deməyə çalışdı. Bu görüşdən sonra Raffi Ovanisyan müsahibələrində prezident seçkisinin ikinci turunun mümkünlüyünə də eyham vurmağa başladı. Yəni Ovanisyan Sərkisyanla savaşmağa, insanları meydanlarda polisə müqavimət göstərməyə daxilən hazır deyil. Digər tərəfdən o başa düşür ki, 2008-ci ildə narazı vətəndaşlara atəş açan rejim hakimiyyətini qorumaq üçün indi də eyni üsula əl ata bilər. Əgər Serj Sərkisyan 2008-ci ildə daha güclü rəqibi Levon Ter-Petrosyana qarşı güc işlətdisə və sonda onun radikal tərəfdarlarını tərksilah etməyə nail oldusa, ondan daha zəif Raffi Ovanisyanı daha asanlıqla təksilah edə bilər. Müqayisə üçün onu da deyək ki, Levon Ter-Petrosyanın 2008-ci ildə meydanlara çıxardığı vətəndaşlar sayca indikindən daha çox idi.
Ermənistanda rəngli inqilabın baş verməyəcəyinə dəlalət edən ikinci səbəb beynəlxalq aləmin Sərkisyanı növbəti 5 il üçün də legitimləşdirməsidir. Onsuz da seçkidən öncə də Kreml və Vaşinqton Sərkisyanın yoluna davam etməsi üçün centlmen razılaşmasına gəlmişdilər və seçki sonrası da bu razılaşmaya uyğun hərəkət etdilər. Seçki saxtakarlıqlarına rəğmən, Sərkisyanı ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu. Vaşinqton da borclu qalmadı. ABŞ Dövlət Departamenti seçkilərdə qüsurların olduğunu vurğulasa da, faktiki Sərkisyanı prezident olaraq tanıdı. Hətta Ankara belə Sərkisyanı təbrik etməyə tələsdi. Bütün bu təbriklər isə Raffi Ovanisyanın mövqeyini zəiflətdi, dünya liderləri təbriklərini bir qədər gecikdirsəydilər, bəlkə də Ovanisyan qəti mövqedən çıxış etməyə həvəslənərdi. Belədə isə Rusiya və Qərb dünyası Raffi Ovanisyanı heçdən saydılar.
Buna baxmayaraq, Raffi Ovansiyan səssiz də qala bilməz. O narazı elektoratla bir müddət əlaqəni kəsməməli, şəhər və qəsəbələrdə görüşlər keçirməlidir. Ancaq bu görüşlər və mitinqlər tədricən azalmağa doğru gedəcək və beynəlxalq mətbuatın da diqqətini çəkməyəcək. Sərkisyanı Ovanisyanın bu taktikası qorxutmur və ona görə də hələ ki, güc işlətməkdən çəkinir. Yox, əgər o mitinq və yürüşlərin hakimiyyəti üçün təhlükəli olacağını görsə, tərəddüd etmədən polis və ordunun xidmətlərindən istifadə etməyə qərar verəcək.
Bağla X