11:54
(077) 610-22-33

“Gün gələcək Xocalı soyqırımını bütün dövlətlər tanıyacaq“

  • >
499 27 Fevral 2013 09:20 | Siyasət

Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ankarada təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyətini qəbul edib.




Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, TBMM sədri Cəmil Çiçək qonaqları salamlayıb, Xocalı soyqırımının 21-ci ildönümü günündə öz hisslərini bölüşüb. O, Ermənistanın işğalçı siyasətindən, XXI əsrdə modern dünyanın gözləri önündə soyqırımı törətməkdən çəkinməməsindən, bu ağrını və acını Türkiyənin 21 ildir dərindən hiss etdiyindən, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın məruz qaldığı haqsızlıqlara qarşı ikilistandartla yanaşdığından və problemlərimizin həlli üçün türk dünyasının birgə hərəkət etməsinin vacibliyindən söz açıb.

Cəmil Çiçək qeyd edib ki, Türkiyə tərəfi beynəlxalq toplantılar və platformlarda hər zaman iki əsas mövzunu gündəmə gətirməkdədir: Azərbaycanın ərazi bütövlüyü və Kipr problemi.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz növbəsində TBMM sədrinə öz dərin minnətdarlığını bildirib, göstərilən dəstəyə görə təşəkkür edib. Əli Həsənov qeyd edib ki, gün gələcək Türkiyə başda olmaqla, Xocalı soyqırımını bütün dünya dövlətləri tanıyacaq, qaçqın və məcburi köçkünlər öz yurd yuvalarına qayıdacaq.

Qeyd edək ki, qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin üzvləri Qənirə Paşayeva, Musa Qasımlı, Yaqub Mahmudov, AMEA-dan isə Rəna Mirzəzadə və Cəbi Bəhramov iştirak ediblər.


AzNews.az
Bağla X