Fransa parlamentində azərbaycanlıların döyülməsinin təfərrüatları açıqlanıb

Dünən Fransa Milli Assambleyasında fransız deputat Fransua Roşebloun və ermənilər tərəfindən vəhşiliklə döyülən azərbaycanlı tələbə Vüsal Hüseynov APA-nın Avropa bürosuna hadisənin təfərrüatlarını danışıb.

"Biz içəri keçmişdik, amma bizim azərbaycanlı olduğumuzu bilmirdilər. Mirvari Fətəliyeva fransız dilində danışmışdı. Tədbir zamanı ermənilərin hər çıxışından sonra təkcə biz ikimiz əl çalmırdıq. O zaman hiss etdim ki, bizdən şübhələnməyə başlayıblar və tez-tez bizim şəkillərimizi çəkirlər. Qəbul otağında bizim kimliyimiz haqda maraqlanırdılar. Sonra bir dəqiqə sükut elan ediləndə, biz ayağa qalxmadıq və bununla etirazımızı bildirdik. Mirvari həmin günü Xocalı qırğınının ildönümü olduğunu tədbir iştirakçılarına xatırladı. Bundan sonra onlar bizim üstümüzə qışqırırdılar, bizi təhqir etdilər və yanımızdakı ermənilər Mirvarini susdurmaq üçün ona hücum çəkdilər. Mən dərhal Mirvarinin başını aşağı əydim və məcburən, qızı qorumaq üçün onlarla əlbəyaxa davaya girməli oldum".

Vüsal Hüseynov ən çox sağ tərəfindən yumruq və təpik zərbələri aldığını deyib: "Ona görə də ən çox sağ tərəfimdən xəsarət almışam. Sonra Mirvarini uzaqlaşdırdım və üstümə gələnləri yara-yara özüm də bayıra çıxdım. Bayırda Mirvarini bir də vurdular və hətta saçından dartırdılar. Mən ona tərəf getdim, biz koridorda qaçanda azdıq və yenidən həmin otağa, lakin bu dəfə başqa qapıdan girdik. Bu zaman ermənilər yenə də üstümüzə gəldilər, yenə bizi vurmağa başladılar. Mirvari üçün çox qorxdum, bir müddət onu görmədim, ona görə də uca səslə köməyə çağırdım. Dedim ki, məni qızın yanına aparın. Məni Mirvarinin yanına aparmaq adı ilə tam başqa otağa aparırdılar, amma dəhlizdə başqa bir otaqdan Mirvarinin qışqırığını eşitdim. Özümü dərhal o otağa verdim. Həmin otaqda başqa tədbir vardı, oradakılar bizə kömək etdilər, bizi ermənilərdən ayırdılar".

Vüsal Hüseynov ermənilərin davaya birinci azərbaycanlıların başladığı barədə yazdıqlarının uydurma olduğunu deyib: "Mən birdən-birə 150 nəfər adama qarşı niyə hücum çəkim? Biz sadəcə bu tədbirə getdik ki, ermənilərin orada nə danışdıqlarını öyrənək, onların yalan və böhtanlarına etirazımızı bildirək".

Vüsal Hüseynov xəstəxanadan yeni çıxdığını deyib: "İndi vəziyyətim nisbətən yaxşıdır, amma bədənimdə kəskin ağrılar var. Hələlik ekspertiza müayinəsindən keçirik. Daha sonra polisə şikayət edəcəyik".

AzNews.az