Ulu öndər Heydər Əliyev dahi vətənpərvər idi. O, heç vaxt xalqı çağırışlarla, şüarlarla yükləmirdi. Böyük dövlət adamı, sadəcə olaraq, Azərbaycanı təmənnasız bir istəklə sevir və hər addımında bu sevgi uğrunda istənilən fədakarlığa hazır olduğunu sübut edirdi. Ulu öndər Heydər Əliyev dahi vətənpərvər idi. O, heç vaxt xalqı çağırışlarla, şüarlarla yükləmirdi. Böyük dövlət adamı, sadəcə olaraq, Azərbaycanı təmənnasız bir istəklə sevir və hər addımında bu sevgi uğrunda istənilən fədakarlığa hazır olduğunu sübut edirdi.

"Gələcək Heydər Əliyevin ölməz ideyalarınındır" - Xeyrəddin Qoca

Ulu öndər Heydər Əliyev dahi vətənpərvər idi. O, heç vaxt xalqı çağırışlarla, şüarlarla yükləmirdi. Böyük dövlət adamı, sadəcə olaraq, Azərbaycanı təmənnasız bir istəklə sevir və hər addımında bu sevgi uğrunda istənilən fədakarlığa hazır olduğunu sübut edirdi.

Dərin zəkası və xalq sevgisi ilə əksər yaşıdlarından seçilən Heydər Əliyev gənc yaşlarından Kommunist Partiyasının sıralarına qoşulmuşdu. O zamanlar, təbii ki, dövrün xarakterinə uyğun olaraq tapşırıqlar, göstərişlər və ideoloji tezislər yuxarıdan gəlirdi və qeyd-şərtsiz yerinə yetirilməli idi. Ulu öndərimiz belə məqamlarda heç vaxt ədalət hissini itirmir, həmişə öz vicdanının səsinə qulaq asırdı. Etiraf edək ki, yuxarıların göstərişinə “yaradıcı yanaşmaq” çox təhlükəli idi. Böyük siyasi xadim bu cür “yaradıcı yanaşma”larını yuxarıların və bədxahlarının nəzər-diqqətindən məharətlə yayındırmağı da bacarırdı. Təsadüfi deyil ki, o, Azərbaycan Respublikasının Prezidenti olarkən deyirdi ki, mən Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələrdə, eyni zamanda, ondan əvvəl dövlət təhlükəsizlik orqanlarında çalışdığım zaman Azərbaycan xalqının əleyhinə heç bir hərəkətə yol verməmişəm. “Biz o dövrdə heç bir dissidenti həbs etmədik. Antisovet təbliğatına görə heç kimi cəzalandırmadıq. Baxmayaraq ki, yuxarıdan belə göstərişlər və təzyiqlər olurdu”.

O vaxt Azərbaycan DTK-ya məlumat daxil olmuşdu ki, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində özbaşınalıqdır. Universitetin Elmi Şurasında görünməmiş hadisə baş verib. Bir neçə alim iddia edib ki, Azərbaycan Rusiyaya heç də rəsmi təbliğatın diktə etdiyi kimi könüllü olaraq birləşməmişdir. Yurdumuz silah gücünə, qanlı çarpışmalarla zəbt edilmişdir. DTK-nın sədri olan Heydər Əliyev həmin məlumatı araşdırır və görür ki, bu “iddianı” irəli sürənlər tanınmış tarixçilər Mahmud İsmayılov və Süleyman Əliyarovdir. Onlarla bir sırada tarixçi-alim, eyni zamanda, Böyük Vətən müharibəsinin iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da adı çəkilirdi. Həmin fakültədə baş verən hadisə universitetin hüdudlarından kənara çıxmışdı. Mərkəzi Komitəyə və DTK-ya məlumat çatdıran danosçular tələb edirdilər ki, Mahmud İsmayılov, Süleyman Əliyarov və Ziya Bünyadov sərt formada cəzalandırılsınlar. Onlar hesab edirdilər ki, bu, ideoloji təxribatdır və buna laqeyd qalmaq olmaz. Çünki bu hadisədən beş il əvvəl Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olması haqqında geniş tədbirlər keçirilmiş, Azərbaycan Respublikası Lenin ordeni ilə tətlif edilmişdi. İndi isə azərbaycanlı alimlər belə bir iddia ilə çıxış edirlər...

Heydər Əliyev həmin alimləri görüşə dəvət edir, onlarla söhbət aparır. Alimlər DTK sədrinə tarixi mənbələr, o cümlədən, arxivlərdən götürülmüş sənədlər göstərirlər. Vətəninə, xalqına qəlbən bağlı olan Heydər Əliyev görür ki, alimlər haqlı danışırlar. Ziya Bünyadov əlavə edir ki, siz ağıllı adamsınız, bilirsiniz ki, tarix siyasətdən nə ilə və necə fərqlənir. Biz tarixi öyrənirik və tədqiq edirik. Müzakirə aparmadan elmi nailiyyətlər əldə etmək mümkün deyil.

Heydər Əliyev fakt qarşısında qalmışdı və nə etməli idi? Onun öz karyerası təhlükə qarşısında qala bilərdi. Bircə yanlış hərəkət bəs edərdi ki, bədxahları onun bu addımını öz bildikləri kimi yozsunlar. Ancaq həmişə olduğu kimi, yenə də ədalət hissi, öz xalqına məhəbbət üstün gəldi. Heydər Əliyev göstəriş verdi ki, tarix fakültəsində baş verən həmin hadisəni elmi mübahisə kimi qiymətləndirərək arxivə göndərsinlər.

Sonralar ulu öndər Bəxtiyar Vahabzadənin o dövrdəki fəaliyyətindən danışaraq böyük şairi hansı təhlükələrdən (bir çox hallarda şairin özünün xəbəri olmadan) qoruyurmuş. Bəxtiyar Vahabzadə özü deyirdi ki, DTK-nın sədri Heydər Əliyev məni dəvət edib Lenin haqqında əsər yazmağımı təklif etdi. “Leninlə söhbət” poemam belə yarandı və Dövlət mükafatına layiq görüldü. Başa düşdüm ki, bütün bunlar mənim müdafiəm üçün düşünülmüşdür.

Belə hadisələr çox olmuşdu və ümummilli lider xalqın xeyri üçün bütün riskləri göz önünə almışdı. Təsadüfi deyil ki, Heydər Əliyev ziyalılarla söhbətində “o dövrdə bir nömrəli dissident mən özüm idim” deyəndə çox səmimi və haqlı idi.

Heydər Əliyevin Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda olduğu SSRİ Nazirlər Sovetinin partiya təşkilatına yazdığı məktub-bəyanat unikal tarixi bir sənəddir. Mən düşünürəm ki, bu məktub-bəyanatın mətni orta məktəb dərsliklərinə salınmalı, öyrənilməlidir. YAP-ın bütün təşkilatlarında görkəmli yerlərdən asılmalıdır. Heydər Əliyev həmin dövrdə heç kimin bacarmadığı, hamının başa düşdüyü, amma dilinə gətirməyə cəsarət etmədiyini çox açıq şəkildə bəyan etdi: “Bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı. Zorakılıqla yaranan və saxlanılan respublikaların ittifaqı süquta uğramaqdadır”.

Bunları partiya təşkilatına ünvanlamaq üçün böyük mərdlik, vətəndaş cəsarəti tələb olunurdu. Heydər Əliyev bu bəyanatdan sonra qarşısına çıxa biləcək çətinlikləri təsəvvür edirdi. Çünki o, DTK generalı idi. Cürbəcür hücumları, iftiraları, təqibləri əvvəlcədən görməmiş deyildi. Ancaq Kommunist Partiyasının keçdiyi yolu düzgün təhlil etməsi onu bu mövqeyə gətirmişdi. Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyevin bu addımı, sadəcə olaraq, Sov.İKP sıralarından adi bir istefa deyildi, bu, üç yüz səksən illik dövlətçilik tarixi olan nəhəng bir imperiyaya meydan oxumaq idi.

Mən məktub-bəyanatın mətnindəki bəzi məqamlar üzərində dayanmaq istəyirəm. Heydər Əliyev partiyadan gedişinin üç səbəbini göstərirdi. Birinci səbəb olaraq yazırdı: “Hələ 1990-cı il yanvarın 20-də Azərbaycan KP MK-nın siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində günahsız dinc əhali öldürüldü və şikəst edildi. Bu antihumanist, hüquqazidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayəti açacağına ümid bəsləyirdim. Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə, çox çəkmədi ki, “Pravda”dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə yönəlmiş unudulmaz faktları əsaslandırılmış şəkildə elə həmin kütləvi informasiya vasitələrinin özündə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas hədəfi olan aşkarlıq özünü birtərəfli göstərdi. Artıq il yarım keçib, nəinki bu dəhşətli cinayətlərin hamıya məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Heydər Əliyev ikinci səbəb olaraq qeyd edir: “Üç ildən artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov.İKP MK-nın havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə Azərbaycanın Dağlıq Qarabağ Vilayətində yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət, əslində, Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü kobud şəkildə pozulubdur. Ermənistan və Azərbaycan arasında elan olunmamış müharibə gedir. Demək olar, hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar “humanist ideologiyalı” sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, 1987–1988-ci illərdə Qarabağ problemi ətrafında milli münaqişə başlayanda onun qarşısını ala bilərdi. Getdikcə güclənən qarşıdurmaya, həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğına imkan verməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazımdır”.

Heydər Əliyev üçüncü səbəb olaraq göstərir: “Cəmiyyətin demokratikləşməsi Sov.İKP MK-nın rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. İl yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxtı fövqəladə vəziyyət rejimində yaşayır”.

Daha sonra məktub-bəyanatda deyilir ki, mən öz çıxışlarımda təklif etdim ki, xalq arasında nüfuzunu tamamilə itirmiş Azərbaycan Kommunist Partiyası təkhakimiyyətlilikdən imtina etsin. Bütün siyasi qüvvələrin bərabərhüquqlu fəaliyyətini təmin etsin. Ancaq bu çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxmır, əksinə, mənim ünvanıma təşkil edilmiş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır və təqiblərə məruz qalır”.

Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər “redaktor” deyəndə məni nəzərdə tuturdu. Çünki o zaman məndən başqa heç bir redaktor işdən çıxarılmamışdı, Heydər Əliyev haqqında ölkədə bir sətir yaxşı söz belə yazmırdılar, əksinə, rəhbərlikdə olduğu on dörd il müddətində onu tərifləyən “qələm adamları” ulu öndər vəzifədən gedəndən sonra Azərbaycanın və Rusiyanın kommunist mətbuatında görkəmli siyasi xadimə böhtan və iftiralar yağdırırdılar. Mən isə KİV-dəki məqalələrimlə yazılanları təkzib edirdim, ona görə də işdən tez-tez azad olunurdum.

Heydər Əliyev Moskvaya məktub-bəyanatı yazmağa gedəndə özü mənə dedi ki, “səni dəfələrlə (4 dəfə) işdən uzaqlaşdırdıqlarını məktub-bəyanatımda qeyd edəcəyəm”. Bakıya qayıdandan sonra “gördün, dediyimi etdim” – dedi. Bu barədə yazıçı-publisist, millət vəkili Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliliyinin beşinci cildində ətraflı bəhs edilmişdir. Məktub-bəyanatında Heydər Əliyevin göstərdiyi səbəblər onu axırıncı addımı atmağa və partiya sıralarından çıxmağa məcbur etmişdi. Amma Heydər Əliyevin bu qərara gəlməsi son dərəcə çətin olmuşdu: “Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist Partiyası ilə bağlı olub. 1943-cü ildə iyirmi yaşında ikən öz taleyimi bolşevik partiyası ilə bağlamışam. Kommunist Partiyasının ideallarına bütün varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. İndi bütün bu inamlarım məhv olub”.

Azərbaycan xalqı öz dahi rəhbərini heç vaxt unutmamışdı. Bu barədə Heydər Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyasının qurultayında belə demişdi: “Nə Qorbaçov, nə Vəzirov, nə Mütəllibov, nə də Əbülfəz Elçibəy hakimiyyətinin heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilməyib”.

Həqiqətən də belədir. Heydər Əliyevi köhnə, dağılmaqda olan hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərilən kobud cəhdlər onu sürətlə yaranmaqda olan yeni hakimiyyətə yaxınlaşdırırdı və bu Qayıdışın məntiqi nəticəsi olaraq xalq öz liderini 1993-cü ildə təkidli tələblərlə yenidən hakimiyyətə dəvət etdi. Ümummilli lider eyni səmimiyyət və ardıcıllıqla müstəqil Azərbaycanın qurulmasında xariqələr yaratmağı bacardı.

1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə Azərbaycan imperiyanın unudulmuş, yaddan çıxmış bir əyaləti idi. Ulu öndər həmin əyaləti 14 illik hakimiyyəti ərzində Sovet İttifaqının və dünyanın diqqət mərkəzinə çevirdi.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə, demək olar ki, eyni mənzərə ilə qarşılaşmışdı: dövlət, hakimiyyət adında heç nə yox idi. Əgər dövlət olsaydı, adi şərqşünas Ayaz Mütəllibovu adi yun zavodu direktoru Əbülfəz Elçibəyi hakimiyyətdən devirə bilməzdi. Heydər Əliyev belə bir şəraitdə dövlət maşınını qurub sazladı, işə saldı.

Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və xarizması hesabına mürəkkəb bir regionda yerləşən kiçik Azərbaycan böyüdü və möhtəşəm uğurlara imza atdı, hətta nəhəng dövlətlər müstəqil Azərbaycanın mövqeyi ilə hesablaşmağa başladı.

Şübhəsiz ki, Heydər Əliyevin qeyri-adi dövlətçilik və diplomatik məharəti olmasaydı, “Əsrin müqaviləsi” imzalanmazdı. “Əsrin müqaviləsi” həm də “əsrin mübarizəsi” kimi şərh edilməlidir. Əsrin bu keşməkeşli mübarizəsindən qalib çıxan Azərbaycan öz xilaskar liderini həmişə qürurla anacaqdır.

“Əsrin müqaviləsi”, sadəcə olaraq, iqtisadi bir müqavilə deyildi, bu beynəlxalq bağlaşma uzun bir yola çıxmış gənc, müstəqil dövlətin təhlükəsizlik kəməri funksiyasını yerinə yetirirdi. Baxmayaraq ki, bəzi üzdəniraq siyasətçilər bu layihəni əfsanə adlandırırdılar, onun baş tutmayacağını iddia edirdilər. Heydər Əliyev xəyalları gerçəkləşdirməyi bacaran əfsanəvi bir lider idi.

Ulu öndər Azərbaycanın dövlət müstəqilliyini hər şeydən uca tuturdu. Məlumdur ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi “Azadlığa dəstək aktı”nın 907-ci maddəsinə Azərbaycanla bağlı düzəliş tətbiq etmişdi. Həmin ədalətsiz qərarın mahiyyəti belə idi ki, Azərbaycan Ermənistanı blokadaya məruz qoyub, buna görə də cəzalandırılır. Azərbaycan tərəfi isə hesab edirdi ki, 1991–1992-ci illərdə məhz Ermənistan Naxçıvan Muxtar Respublikası ilə əlaqələri kəsib, Azərbaycanın digər regionları, Bakı ilə Naxçıvan arasında kommunikasiyanı sıradan çıxarıb. Naxçıvan çətin vəziyyətə düşüb. İnsanlar soyuqdan donur, elektrik enerjisiz qaranlıqda qalırdılar. Lakin həmin maddə Azərbaycana yardım göstərməyi ABŞ-ın bütün dövlət qurumlarına qadağan etmişdi. Amma Amerika belə yardımları SSRİ-dən sonra müstəqillik qazanmış digər respublikalara göndərirdi. Məsələn, Ermənistan və Gürcüstan “Azadlığa dəstək aktı”ndan istifadə edə bilirdi.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən çalışırdı ki, ABŞ bu qərara yenidən baxsın və ləğv etsin. O, Amerikanın o vaxtkı prezidenti Bill Klintonla müəyyən razılığa da gələ bilmişdi. 1997-ci ildə Heydər Əliyevin Vaşinqtona səfəri zamanı dövlət başçıları bu barədə bəyanat da imzalamışdılar. Amma çox təəssüf ki, bu qərarın həyata keçirilməsi baş tutmadı. ABŞ prezidenti Bill Klinton prezidentlik səlahiyyətlərinin başa çatmasına bir neçə gün qalmış Heydər Əliyevə məktub göndərmişdi. Məktubda deyilirdi ki, ABŞ Konqresi Azərbaycana yönəlik 907-ci maddəni Azərbaycanın Ermənistana göstərəcəyi hər hansı güzəşt müqabilində, məsələn, Ermənistan–Azərbaycan sərhədinin Qazax rayonu sahəsində ticarətə imkan yaradılması müqabilində ləğv edə bilər. Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan Heydər Əliyev rədd cavabı vermiş və məktubda yazmışdı ki, Azərbaycan indiyə kimi 907-ci maddə ilə yaşamışdır və bundan sonra da yaşayacaq. Onun ölkəsi Ermənistana güzəşt etməyəcəkdir. Əvvəlcə əsas məsələni həll etmək, münaqişəni aradan qaldırmaq lazımdır. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir...

Ulu öndər Heydər Əliyevin xarizmasında dəmir nizam-intizam və humanizm bir-birini tamamlayan iki mühüm keyfiyyət idi. Mən onun 1993-cü il iyulun 15-də Milli Məclisdəki çıxışını indiyədək xatırlayıram. Bəzi dairələr şayiə yayırdılar ki, guya, hakimiyyətə gələndən sonra ona vaxtilə pis münasibət bəsləmiş insanlardan qisas alacaq. Həmin gün Heydər Əliyev bu şayiələri, uydurmaları təkzib etmiş və demişdi: “Bütün Azərbaycan xalqına elan edirəm ki, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu, sadəcə olaraq, ayrı-ayrı adamlar süni şəkildə yaradıblar və görünür ki, təkcə mənə ləkə vurmaq üçün yox, bizi parçalamaq üçün fikirləşiblər. Sizə söz verirəm ki, qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə mənə qarşı düzgün münasibət bəsləməyibsə, inanın, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslər səviyyəsinə salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox, mən sadəcə bir vətəndaş kimi heç vaxt, heç kəslə ədavət aparmaq istəməmişəm və istəməyəcəyəm”.

Ulu öndər dərhal həmin çıxışında anlatmışdı ki, bu, heç də qanunu pozanlara göz yumacağı anlamına gəlməməlidir: “Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam-intizama tabe olmalıyıq. Biz hamımız qanuna tabe olmalıyıq. Qanunun aliliyini təmin etməliyik. Və bu yolda mən öz əqidəmdən dönməyəcəyəm”.

Dövlətçilik marağı dahi rəhbərin əqidəsindən qızıl bir xətt kimi keçirdi. O, öz şəxsi nümunəsi ilə ətrafındakılara, cəmiyyətə dövlətçilik əxlaqı aşılayırdı.

Ulu öndər 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycan həbsxanalarında ölüm cəzasına məhkum edilmiş və hökmün icrasını gözləyən 140 nəfər var idi. Heydər Əliyevin göstərişi ilə ölüm hökmünün heç biri icra edilmədi. 1980-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Ancaq özlərini demokrat adlandıran müxalifətçilər bir il ərzində 8 nəfəri güllələtmişdilər...

Gələcək Heydər Əliyevin ölməz ideyalarınındır. Bu, sadəcə olaraq, ona şəxsi simpatiyası olan bir qələm adamının bəlağəti deyil, ciddi sosial-siyasi və elmi-politoloji əsasları olan bir qənaətdir. Reallıq bundan ibarətdir ki, H. Əliyevin siyasi kursundan kənarda Azərbaycanın dövlət müstəqilliyi təsəvvür olunmur. Müasir dünyada baş verən hadisələr, ayrı-ayrı ölkələrdəki dağıdıcı proseslər Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etməsinin vacibliyini bir daha sübut edir. Biz görürük ki, demokratiya adı altında ayrı-ayrı ölkələrin həyatına rifah deyil, bədbəxtlik, xaos və acınacaqlı həyat tərzi gəlir. Necə ki, XXI əsrin əvvəllərində dövlət başçısını qətlə yetirmək, dar ağacından asmaq kimi feodal ənənələri qaytarılır.

Bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Prezidentimizin rəhbərliyi altında islahatlar geniş miqyas alıb. Ona xalqın etimadı sonsuz və tükənməzdir. Keçən il keçirilmiş ümumxalq referendumu dediklərimizi bir daha təsdiqləyir. Xalqın yetmiş faizindən çoxu referendum aktına səs verdi. Şəxsən mən inanıram ki, referendumun nəticəsi olaraq yaradılmış vitse-prezidentlik institutu özü ilə müstəqil dövlətimizin həyatına yeni ab-hava və mükəmməl idarəçilik mexanizmi gətirəcək. Əminəm ki, ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin dəsti-xətti ilə daha da zənginləşəcək və müstəqilliyimizin təminatçısı statusunu qoruyub saxlayacaqdır.

Xeyrəddin QOCA,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

image description image description