Dekabrın 15-də Bakıda Hindistan-Azərbaycan texniki-iqtisadi əməkdaşlıq günü qeyd edilib. Dekabrın 15-də Bakıda Hindistan-Azərbaycan texniki-iqtisadi əməkdaşlıq günü qeyd edilib.

Bakıda Hindistan-Azərbaycan texniki-iqtisadi əməkdaşlıq günü qeyd edilib

Dekabrın 15-də Bakıda Hindistan-Azərbaycan texniki-iqtisadi əməkdaşlıq günü qeyd edilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Hindistan Texniki-İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində bu ölkədə kurslarda iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, ITEC proqramı Hindistanın müxtəlif sahələrdə öz inkişaf təcrübəsini Azərbaycan kimi tərəfdaş ölkələrlə bölüşmək məqsədilə artıq 40 ildir ki həyata keçirilir. Bu proqram çərçivəsində əməkdaşlığın 3 mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyaların ötürülməsi, təlim və biliklərin qazanılmasıdır. Kurslar kənd təsərrüfatı, qida bankçılığı, mühasibat, maliyyə, audit və digər sahələri əhatə edir.

Azərbaycan və Hindistan arasındakı əlaqələrə toxunan səfir qeyd edib ki, iki ölkə arasında yaxın dostluq münasibətləri var. Ölkələrimiz siyasi, iqtisadi, təhsil, mədəni sahələr də daxil olmaqla bir çox istiqamətlərdə fəal əməkdaşlıq edir. Bu yaxınlarda Azərbaycana səfər edən Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar Prezident İlham Əliyev tərəfindən qəbul olundu. Səfər zamanı ölkələrimiz arasında ticarət və investisiya, nəqliyyat, enerji, kimyəvi məhsullar və gübrə, kənd təsərrüfatı, elm və texnologiya, səhiyyə, əczaçılıq sahələri daxil olmaqla əməkdaşlığın bir çox sahələri üzrə fikir mübadiləsi aparılıb.

Sanjay Rana vurğulayıb ki, Hindistan və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətinə sadiqdirlər.