Poovar yalnız qayıq gəzintisiylə deyil, çay, kanal, göl və dənizin bir arada olmasına görə məşhurdu Tuk-tukla Poovara getdim Kovalamdan Poovara və geriyə bizim pulla 10 manat edir Poovar yalnız qayıq gəzintisiylə deyil, çay, kanal, göl və dənizin bir arada olmasına görə məşhurdu Tuk-tukla Poovara getdim Kovalamdan Poovara və geriyə bizim pulla 10 manat edir

Dəli Hindistan 3 - Qayıq turu- FOTOLAR

Poovar yalnız qayıq gəzintisiylə deyil, çay, kanal, göl və dənizin bir arada olmasına görə məşhurdu Tuk-tukla Poovara getdim Kovalamdan Poovara və geriyə bizim pulla 10 manat edir



Təkcə xilas jileti yeni görünən köhnə bir qayığa oturdum. Ehtiyatla qayığı idarə edən gənc gülümsəyərək tez-tez təkrar edirdi, İ have ambition, mən də gedəcəm, daha yaxşı iş tapacam. Daha yaxşı təhsil alacam…

Qəlbi Hindistandan xilas olmaq arzusuyla aşıb-daşan gənc qayığı Çaydan kanala, ordan gölə sürdü. Su o qədər sakit axır ki, istiqamətini müəyyən etmək olmur.

Kanalda çimən, paltar yuyan, balıq tutanların yanından keçirik. Qadınlarla kişilər bir arada suya girməzlər. Amma bir tərəfdə qadınlar çimirsə onlardan dərhal sonra kişilərin çimdiyi yerə çıxırsan. Təbii bir növbələşmə var.

Ümumiyyətlə hinduların suyla, təmizkarlıqla araları yoxdur. Yalnız indi-indi çölə getmək vərdişini tərgidib evlərdə tualetlər tikməyə başlayıblar.

Ətrafları su olsa da suya az hallarda girərlər. Amma kanallarda çimən təmizkarlarda az deyil.

Meşəliklərdə kasıb komalarda ağır həyat tərzini keçirən insanları görməsən burda insan çox sakit olur.

Burada yarpağı saralan bir ağac görməzsən. Kokos, sandal, Hindistan cevizi və adını bilmədiyim, həyatım boyu üzünü görmədiyim çoxlu ağaclar var.

Qarşımda açılan sıx meşə mənzərələrindən aydın görünür ki, burda yaşayanların həyatı bu meşə və ağaclarla sıx bağlıdır…

Gölün qırağına çəkib qayığı sahilə bənd etdi.

Dəniz var gücüylə qızıl qumluğa çırpınır, geri çəkilən dalğanın yerində bəmbəyaz köpüklər qalır. Göllə ərəb dənizini heyrətamiz tərəcədə gözəl qızılı qumluq ayırır. Burada adam çox deyil, həm də təmizlikdi.

Köpük demişkən, Hindistanda sabun və salfetka tapmaq zor məsələdi.

Məhz qayıq gəzintisində anladım ki, bu qədər çirkə, zibilliyə yalnız möcüzəli Hindistan təbiəti dözər.

Gölün kanala çıxan hissəsində bir kokos satan qayığında oturmuşdu. İki polis ona yaxınlaşdı, hərəsi bir Hindistan snikersi götürdü, təbii, heç bir ödəniş etmədilər…

Elə oturduğu yerdə kokosun baş tərəfini kətillə kəsdi, şirəsini içdim, sonr

a dedi getmə, onu yarı böldü, içinin yeməli hissəsini qabıqdan ayırıb mənə uzatdı, təşəkkür etmək üçün əlini sıxmaq istədim, ayağa durdum. O durmadı…

Bu çox möhkəm, şən həm də qayğısız görünən insanın ayaqları yox idi…

Qayıqçı yol boyu şərait yaradırdı ki, bəzəkli quşların, mənə qəribə görünə bilən mənzərələri kamerama köçürüm.

Göldə çimənləri, paltar yuyanları, qonşu qayıqlarda gəzənləri, gölün sahilində bənd olan housebotları (qayıqevlər), özümün həm də kameramın yaddaşına köçürdüm.

Çay plantasiyasına gedən gecə yolu

Kovalamda dəniz kənarında bir kafedə aşbaz, inzibatçı, xidmətçi, kassir işləyən, baxışları inam aşılıyan biri günortadan sonra çay plantasiyasına turumu təşkil etdi.

Keralanın ən yüksək hissələri çay plantasiyalarıdı, yazıldığına görə orda dövlətə mənsub Golden Peak oteli var. Düşündüm oteldə gecələyərəm. Növbəti gün plantasiyasını gəzib qayıdaram Varkalaya.

Trivandrumdan 80 km uzaqdadır. Amma yollar o qədər dolanbac, darısqaldır ki, yol getdikcə uzandı…

Gecələr yollar işıqlandırılmır, həm də ətraf meşə olduğundan zülmət qarşında keçilməz divar kimi görünür.

Yağış başladı. Maşın bir azda sürəti azaltdı. Sona az qalmış (bəlkə də çox qalmışdı) sürücü əmin etdi ki, dövlət otelində yer olmayacaq, çay kənarında başqa otelə gətirdi.

Qapılar bağlı, işıqlar sönük. Kənardan şırıltıyla axan çayın və adda budda it hürməsinin ək-sədası eşidilir.

Köhnə palçıq evin qapısını qoca bir kişi açdı, qonaq görüb otağına döndü, çiyninə bir köynək atdı.

Köynəyinin çiyinliyində yekə bir böcək oturmuşdu. Paltarına sancaqlanmış poqon kimi.

Evdən aralı, ayrıca bir otaq göstərdi, işıqlar yanmırdı. Telefonla otağı işıqlandırdım.

Özümü böcəklərin, meşə tarakanlarının çağırılmamış qonağı kimi hiss etdim. Onları yuxudan etmək fikrindən daşındım. Kəskin kif iyi verən otaqda qalmaq mümkünsüz idi…

Sürücü geridə, şəhərə daha yaxın başqa bir otelə apardı. 3 ulduz. Resepsionda vəhhabi saqqalı birisi oturmuşdu. Otağın təmizliyinə əmin etdi. 30 manat ödədim. Otaqda su yox, tualet, vanna işləmirdi. Yatacaqda üzlüklər, dəsmallarda yox idi. Burada böcəklər seyrək olduğundan qorxusu yox idi. Və birdən ağlıma gəldi ki, mən yalana etiraz edə bilərəm.

Müdir öncə pulu geri qaytarmaq istəmədi, üzümdəki mələyin yerinə içimdə əjdaha gəldi… və pulu dərhal geri ödədi.

Çay plantasiyalarını, yazıldığı kimi krokodil ferması (yüz faiz yalan), ədviyyatlar bağını görə bilmədim. Peşmançılıq hissiylə geri döndüm.

Bir qayda deyim, onu unutmayın.

Səfərlərdə nabələd yerə gecələməyə heç zaman getməyin və xüsusən sosial güvənliyi aşağı olan ölkələrdə.

Bəlkə də mən gündüz getsəydim, elə o həmin təklif olunan otaqlara qala bilərdim.

Zahid Varkala

Bura özünün amfiteatr görünüşünə görə fərqlənir. Sərt qayalıqdan narın qumlu çimərliyə düşürsən.

Bu sahildə gecələyən insanlar var, qumu topalayıb üstünü yastılayırlar, döşək kimi. Torbaya girib yatırlar. Varkalanın tarixiylə maraqlananda gördüm ki, qədimdən bura zəvvarların, səyyahların duracaq yeridir. Ən qədim məbədlərdən biri də burda yerləşir.

Təmiz sahillərdən biri hesab olunur. Kovalamda keflə dincələn, çəkidən əziyyət çəkən ruslar,burada isə axtarıb öyrənən, gəzəyən avropalılar çoxdur.

Yeri gəlmişkən gonbul hindu görmədim. Sahil boyu adamların ətrafında qara qarğalar dolanarlar. Nə qoysan dimdikləyirlər. Hətta onlar da bir yumurtadan çıxan kimi eyni boyda həmdə balaca, elə bil qaranquşdurlar. İtləri də qəribədir, sakit, gözləri tox, və mürgülü. Gələn gedənlərə baxmazlar, yemək təklif edirsən heç mıq eləmirlər.


Zahidlər, dünyadan küsənlər, özlərinə qapananları, tərki-düya olanları burda taparsan. Insanlar yarğanın başından günəşin batmasını izləyirlər. Səhərlər dənizin qırağı enib yoqa edilər.

Sahilə düşən rus qızı təpədə yanıqlı tütək çalan uzun saç-saqqalı bir zahidə yaxınlaşıb yanında oturur. Elə heyrət və həsədlə hindusa baxır ki, sanki bu müqəddəs, günahsız məxluq qanadlarını bu dəqiqə soyunub. Bu qız eynən Kuprinin sadəlövh qəhrəmanlarıtək…


Burda olduğum zamanda yeganə dadlı Amerikano kofesi tapdım, günəşin yavaş-yavaş enib, qızılı rəngə dönənə, sonra isə ay kimi hissə-hissə qaranlıq buludların arxasında itənə qədər tamaşa etdim…

Onda hiss etdim ki, deyəsən zəhərlənmişəm.

Hindistanda xəstələnmək

Varkalada böyük bir məbəd var, günəş batan kimi ora getdim. Minlərlə şam yanır, sanki ulduzlu səmanı bura endiriblər.

Otelə qayıtmalıyam. Mədəmdə narahatlıq yarandı. Daim ürəyim bulanır…

Hidistanda hər zaman zəhərlənmək ehtimalı var, o üzdən viskinizi yanınızda daşıyın. Mən viskini ağır olar deyə oteldə qoymuşdum.

Varkaladan Kovalama gələn yol əsil dəlixanadır, işgəncə labirintidir, hər bir kilometrdən bir krishna konsertləri, üstəlik maşınlar siqnal vermədən yerindən tərpənmirlər.

Bakıyla dostlara, yaxınlara mesaj yazıram, fikrimi dağıtmağa çalışıram.

Amma yox, deyəsən xəstələnmişəm. Zəiflədim, həm də qızdırma var, deyəsən. Birdən hər şey qıcıq yaratmağa başladı…

Oteldə viski içdim, bir az özümə gəldim, amma deyəsən keçənə bənzəmirdi. Dayanmadan su içirəm.

Ən bahalı və yaxşı sular HİMALAYdandır(?). Hər halda adı belədir.

Gecə bir oldu, yuxum gəlmir. Saat iki, gəlmir, mədəmdə ənənəvi olmayan təbəllütalar baş verir. İnternetdən Hindistanda mümkün xəstəlikləri araşdırıram. Deyəsən, məndə bütün xəstəliklərin əlaməti görünürdü.

Oteldən çıxdım, qabağıma Tuk-tuk gəldi, oturdum havalanına dedim.

Yolda xəstəxana gördüm, düşdüm, tuk-tuk gözlədi.

Xəstəxananın giriş zalı, oturacaqlar yatanlarla doludur. Qəbuldan reanimasiyaya yönləndirdilər. Kassaya bizim pulla beş manat ödədim. Reanimasiyanın qapısını polis qoruyur.

Gecə növbəsində olan həkimlər, tibb bacıları gənclərdi. Həkim xanım məni dinlədi, suallar verdi. Hər cavabıma başını təəssüflə yelləyirdi. Deyəsən gerçəkdən əməlli başlı, yaxşı bir virusa yoluxmuşam.

Kənarda söhbətləşən tibb bacılarına baxdım, hamısı öz aralarında bir birinə baş yellədirlər. Sən demə hindularda baş yelləmək bəli, təsdiq mənasını verirmiş.

Bu da Hindistanın bizdən daha bir fərqli cəhəti, olarda təəssüf bizdə təsdiq mənasını verir.

Həkim yubatmadan damara iynə vurdu, tablet yazdı. Və bir az uzandım, vahimə ötdu.

Səhəri yenidən gəldim. Professorun qəbuluna yazdılar. Bizim pulla doqquz manat ödədim. Qəbulunda azı yüz nəfər adam vardı. Nədənsə bu basabasda, xəstə halımda Bakı gömrüyündə şöbə rəisi İbrahimin qəbul otağının qapısı yadıma düşdü…

Pasientlər Koridorda ekranın qarşısında Bobbi filminə tamaşa edib növbələrini gözləyirdilər. Əslində hansı filmə baxdıqlarını bilmirəm, amma nə fərqi, hamısı eynidir.

Xahiş etdim, növbəsiz keçdim. Doktor İngiltərədə təhsil almış bir xanım idi, yanında üç köməkçi işləyirdi.

Dinlədi, köynəyimi soyundurub qarın boşluğu, mədəmi əlləşdirdi. Aparatını qulağına taxıb nəfəsimi dinlədi. Başqa bir köməkçi qoltuğuma istilikölçən qoydu. Axşam növbəsinin diaqnozunu təsdiqlədi. Zəhərlənməydi və artıq təhlükə ötmüşdü.

Həkimə müraciət edənlər hədsiz çoxdurlar, koridorlarda, qəbul otaqların qarşısında basabasdır. Amma etiraf edim ki, xəstəxanaları çox təmizdir. Həkimlərin üst-başı, təmizkarlığı o küçələri görən adamda heyrət yaradır.

Təsadüfi deyil ki, dünyanın ən yaxşı həkimləri hindulardı.

Şahbaz Xuduoğlu





image description image description image description image description image description image description image description image description image description image description