YAP-dan dövlət çevrilişi xəbardarlığına həyacanlı reaksiya

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana səfərdən dönən kimi Tiflis hava limanında jurnalistlərlə verdiyi açıqlamasında bildirib ki, azərbaycanlı iş adamları, milyarderlər Söyün Sadıqov və Vahid Ələkbərov Rusiyanın əli ilə Azərbaycanda çevriliş hazırlayır. O, bu insanların Azərbaycanda Gürcüstan variantını təkrar etmək istədiklərini qeyd edib.

Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimova Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət çevrilişi ümumiyyətlə mümkün deyil.

"Çünki ölkədə hüquq-mühafizə orqanları, xalq, prezident var. Azərbaycan xalqı bütöv şəkildə ölkə prezidentinin ətrafında birləşib, ona görə də bu fikirlərə inanmıram. Ancaq Saakaşvili bir ölkənin prezidentidir".

E. İbrahimovun sözlərinə görə, M. Saakaşvili əgər belə bir fikir səsləndirirsə, bu fikirin məsuliyyətini də dərk edir.

"O bilir nə deyir. Bir məsələni də qeyd etmək istəyirəm ki, tarixdən üzü bəri hər hansı bir ölkədə dövlət çevrilişi etmək istəyənlərin o ölkədə güclü bazası olub. Buna diqqət edin: Azərbaycanda Söyün Sadıqov adlı bir şəxsi tanıyan varmı? Vahid Ələkbərovu tanıyan varmı? Bu məsələyə inanmıram. Əgər insanlar onları tanımırlarsa, demək onları bir nəfər belə, müdafiə etməyəcək. Amma hesab edirəm ki, Saakaşvili bu açıqlaması ilə Azərbaycana yaxşılıq etdi. İnsanları bir daha ayıltdı. Azərbaycan xalqı prezidentin ətrafında daha da sıx birləşəcək", – deyə E. İbrahimov vurğulayıb.

AzNews.az