“ABŞ səfiri bizi görüşə dəvət etməyib” “ABŞ səfiri bizi görüşə dəvət etməyib”

Parlament partiyaları Morninqstardan incik qalıb

“ABŞ səfiri bizi görüşə dəvət etməyib”




ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bir neçə müxalifət partiyası ilə görüş keçirib. Modern.az parlamentdə təmsil olunan Ana Vətən Partiyası (AVP) və Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) münasibət öyrənib.

AVP sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, görüş barədə onlara heç bir təklif gəlməyib. Bu görüşləri isə normal sayan deputat bunu seçki ili olması ilə əlaqələndirib.

"Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. ABŞ-ın regionda ciddi strateji maraqlarının olduğunu nəzərə alaraq bu görüşlər başa düşüləndir. Ağ Ev Azərbaycandakı siyasi proseslərlə maraqlanır. Qarşıdan gələn prezident seçkisində siyasi qüvvələrin iştirakını müəyyənləşdirir. Seçki ərəfəsində siyasi partiyaların mövqeyini bilməyə çalışır və öz dövlətinə bu barədə məlumatlar verir. Şübhəsiz, ABŞ Azərbaycanda sabitliyin qorunmasında maraqlıdır. Çünki Azərbaycana külli miqdarda investisiya qoyublar. Bütün bunları nəzərə alaraq, ABŞ Azərbaycanda seçkilərin normal, sakit, kataklizmsiz keçməsini istəyir. Əslində bu bizim dövlət maraqlarımıza uyğundur. Müsbət hal ondan ibarətdir ki, ABŞ səfiri bu görüşləri ona verilmiş səlahiyyətlər çərçivəsində həyata keçirir. Hələlik bu görüşlərə mənfi yanaşmıram. AVP-yə isə görüşlə bağlı təklif gəlməyib. Müraciət olsa, biz də görüşə, müzakirələr hazırıq".

ADİP sədri, millət vəkili Asim Mollazadə də bu görüşləri normal hesab edir. "Mövzulardan asılı olaraq, hər zaman xarici ölkə səfirləri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla, QHT-lərlə görüşləri olur. Buna fövqəladə hadisə kimi qiymətləndirmək düzgün deyil. Bu normal bir hal və ənənədir. Bütün siyasi partiyaların belə bir təcrübəsi var. Çox güman ki, bu görüşlər insan hüquqları və siyasi partiyaları şikayətləri ilə əlaqədardır. Bu görüşlə bağlı bizim partiyaya isə təklif gəlməyib. Amma dəfələrlə görüşlərimiz olub".

Xatırladaq ki, dünən ABŞ səfirliyində baş tutan görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, "REAL" Hərəkatın həmtəsisçisi Erkin Qədirli , AMİP sədri Yusif Bağırzadə, Liberal Partiyasının sədri Əvəz Temirxan, "El" Hərəkatının təsisçisi Eldar Namazov və ADP sədri Sərdar Cəlaloğlu iştirak edib.

AzNews.az