18:38
(077) 610-22-33

Aydın Mirzəzadə fransalı deputata məktub yazıb

  • >
221 1 Mart 2013 13:35 | Siyasət

Milli Məclisin deputatı Aydın Mirzəzadə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlının döyülməsi ilə müşayiət olunan tədbirdə iştirak edən deputat Fransua Roşeblouna məktub yazıb. "Media forum" saytının məlumatına görə, məktubda deyilir:

- Hörmətli kolleqa!

Sizinlə Avropa Şurası Parlament Assambleyasında birgə fəaliyyətdən tanışam. Siz yadımda daha çox Ermənistanın maraqlarının ciddi müdafiəçisi kimi qalıbsınız.

Ona görə də 26 fevral tarixində Parisdə, Fransa Milli Assambleyasının binasında Erməni Məsələləri üzrə Fransa Bürosu tərəfindən təşkil olunan tədbirdə iştirakınıza təəccüblənmədim.

Mümkündür ki, hətta orada Azərbaycanda olmadığınız halda ölkəmizlə bağlı geniş çıxış da etmisiniz.

Ancaq təəccübləndim ki, həmin tədbirdə iki azərbaycanlı gəncin erməni əsilli iştirakçılar tərəfindən vəhşicəsinə döyməsini sakitcə seyr etmisiniz.

Fransada təhsil alan azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynov tədbir zamanı "demokratikcəsinə" döyülmüş, onların kömək çağırışlarına isə heç kim məhəl qoymamışdır.

Buna səbəb isə onların tədbir iştirakçılarından 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş azərbaycanlıların xatirəsinin yad edilməsini istəmələri olub.

Tədbirdə olan 150-yə qədər erməni əsilli iştirakçı sizin gözünüz qarşısında qadının və gəncin üzərinə düşüb onları vəhşicəsinə döyməyə başlayıblar. Onlar ciddi zədələr almış, həkim köməyinə və ciddi müalicəyə ehtiyac yaranmışdır. Siz kütlənin iki gənci (onlardan biri gənc qızdır) döyməsini görməsəniz də səsləri eşitməli və reaksiya verməli idiniz.

Sual edirəm, hörmətli fransalı həmkarım, niyə susdunuz, niyə erməni dostlarınızı insanlığa yaraşmayan hərəkətlərdən çəkindirmədiniz?

Qadına əl qaldırmaq, onu hamılıqla döymək nə zamandan sivillik norması sayılır? Siz baş verən hadisə ilə bağlı təəssüf hissi keçirdiyinizi bildirirsiniz.

Ancaq olmazdımı, orada məsələyə müdaxilə edib, vəhşiliyi dayandırmağı, insan hüquqlarına hörmət edilməsini tələb edəydiniz.

Siz həmin iki nəfərin bu tədbirdə iştirak etməsinə təəccübləndiyinizi bildirirsiniz. Anlamıram, Fransa parlament binasında ictimai təşkilatın keçirdiyi tədbirin niyə qapalı olmasına çalışılır? Orada onların cəmiyyətin bilməsi məsləhət bilmədiyi hansı məsələlər müzakirə edilirmiş?

26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mühasirədə olan və silahsız Xocalı şəhərinə gecə zamanı hücüm edərək 613 nəfəri öldürmüşlər, onlardan 63-i uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamam öldürüldü, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirdi. Həmin gecə erməni silahlı qüvvləri Xocalının 1275 nəfər dinc sakinini əsir götürdülər. 150 nəfər isə itkin düşdü. İki azərbaycanlı gəncin istəyi demokratik ölkədə demokratikcəsinə bu həqiqətlərin xatirəsinin anılması idi.

İnanıram ki, Fransa parlamenti binasında baş verən hadisə və Xocalı faciəsi ilə əlaqədar yazdığım məlumat sizə erməni millətçiliyinin əsl simasını aydın görməyə kömək edəcək və siz xalq tərəfindən seçilmiş səlahiyyətli şəxs kimi hadisə barəsində parlament iclasında çıxış edərək təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edəcəksiniz.

Sizi tanıdığıma görə bu məktubu yazmağa qərar verdim.

AzNews.az
Bağla X