Mübariz Qurbanlı dövlət çevrilişi ehtimalından danışdı

"Qruziya onlayn"nın yaydığı məlumata görə, prezident Mixail Saakaşvili deyib ki, Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir:

"Ölkəmizi əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanmaq təhlükəsi gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar. Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıxov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıxov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır".

Bununla bağlı AzNews.az-a danışan YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının sözlərinə görə, kimsə kənardan Azərbaycanda hakimiyyətin müəyyənləşməsində iştirak edə bilməz: "Azərbaycan o qədər də zəif ölkə deyil ki, üçüncü bir ölkə gəlib burada hakimiyyət məsələsinə müdaxilə etsin. Ona görə də cənab Saakaşvilinin dedikləri onun şəxsi mühakiməsi kimi səslənə bilər. Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhdlərə gəlincə, bu tipli cəhdlər əvvəllərdə olub. Müstəqilliyin ilk illərində-1994, 1995-ci illərdə də belə cəhdlər edilib. O zaman Azərbaycan tam güclü olmasa da xalqın hakimiyyət ətrafında sıx birləşməsi ilə xarici dairələrin əli ilə həyata keçirilən çevrilişlərin qarşısını ala bilmişiksə, deməli bu gün də hansısa müdaxilənin qarşısını almaq çətin deyil. 9 milyonluq əhalinin özünü anlayan hər biri Azərbaycanın suverenliyini qorumağa hazırdır və prezidentin ətrafında da sıx birləşib. Ona görə də əgər belə bir cəhd edənlər olsalar, onlar tam iflasa uğraya bilərlər".

Gültəkin
AzNews.az