06:01
(077) 610-22-33

Elmira Axundovaya cavab

  • >
299 2 Mart 2013 08:28 | Siyasət



Fazil Mustafa

Əslində mən bu mövzuda özünü AXC-nin varisi, Elçibəy yolunun ölümsüz qəhrəmanları hesab edən şəxslərin cavab verməsini gözlədiyimdən, bir qədər fəal müdaxiləçi kimi qoşulmaq istəmədim. Ancaq onların kəramətinə və vəfasına bələd olduğumdan yaxından iştirakçısı olduğum hadisələrə dair mövqeyimi ifadə etməyi zəruri hesab etdim. Hörmətli Elmira Xanım Axundovanın başqa mövzularda obyektivliyini şübhə altına almadan, bu mövzuda iddialarının tamamilə əsassız olduğunu bir daha söyləyirəm və istənilən debatda bunu isbatlamağa hazıram. Xocalının, Şuşanın, Laçının işğal olunmasında AXC-nin heç bir günahı və məsuliyyəti olmamışdır. AXC-nin könüllü batalyonları üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirmişlər. Yüzlərlə insanın əsirlikdən azad edilməsi, meyitlərin alınması və s. məsələlərdə AXC könüllüsü Allahverdi Bağırovun haqqını kim dana bilər? AXC-nin Xocalının işğalına şərait yaradan hansısa qərarını və ya sənədi hörmətli Elmira xanım ortaya qoya bilərmi?

Hörmətli Elmira xanımın 1992-ci ilin fevral ayının əvvəllərində AXC-nin keçirdiyi Qarabağ Forumu və ona iqtidarın necə laqeyd münasibət bəsləməsindən məlumatı vardımı? Mütəllibovun şifahi istefa verməsini kim söyləyib? Şifahi istefa xahişi ilə Milli Şura necə qərar çıxara bilərdi? Dedi-qodu və ya qərəzli müəllif yazıları ilə hər hansı qəti nəticə çıxarmaq məncə doğru olmazdı.

Bir daha bu məsələdə hörmətli həmkarım Elmira xanım Axundovanın mövqeyini yanlış və qərəzli hesab edirəm və iddiasını isbatlamaq üçün əlindəki bütün faktları açıqlamağa çağırıram.
Bağla X