Məmmədyarov Parisdə həmsədrlərlə görüşüb

Martın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə APA-ya Azərbaycan XIN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Yan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq ifadə edilib. Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi və bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.