Səyyad Aran: “Kadrlar səhv də edə bilər, imam övladı deyillər ki...” Səyyad Aran: “Kadrlar səhv də edə bilər, imam övladı deyillər ki...”

“Azərbaycan ayrı-ayrı dövlətlər tərəfindən təzyiqlərə məruz qalır” - Müsahibə

Səyyad Aran: “Kadrlar səhv də edə bilər, imam övladı deyillər ki...”



"Elə dövlət məmurları var ki, onların yarıtmaz fəaliyyəti ayrı-ayrı rayonlarda xırda narazılıqlara gətirib çıxarır"



2006-2010-cu illərdə Azərbaycanı Türkiyədə Baş Konsul postunda təmsil edən, hazırda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini işləyən Səyyad Aran AzNews.az-ın suallarını cavablandırıb.

- Uzun illər YAP-ın öndə gedən funksionerlərindən biri olmaqla yanaşı, həm də müxtəlif hadisələrə dərhal reaksiya verməyinizlə də seçilmisiniz. Bu gün də hakim partiyadasınız?

- Bəli.

- Təyinatdan sonra mətbuata heç bir açıqlama verməyəcəyinizlə bağlı özünüzə "yüz gün qadağası" qoymusunuz. Bu nə ilə bağlı idi?

- "Yüz gün qadağası" onunla bağlı idi ki, mən bu işin müəyyən tərəfləri və istiqamətləri ilə tanış olmalıydım. Düzdür, bu sahə mənə yad deyil, humanitar sahədir və mən də bu sahənin adamıyam, bu məsələlərdən də heç də kənarda olmamışam. Amma yenə də müəyyən dəqiqləşmələrə ehtiyac duydum.

- Çoxları Səyyad Aranı müxtəlif postlarda görə bilər, bəs siz özünüz harada daha yararlı ola biləcəyinizi düşünürsünüz?

- Hər halda hesab edirəm ki, yanlış yerə təsadüf etməmişəm. Məsləhət belə oldu, mən də qəbul elədim.

- Təyinatınız çoxları üçün gözlənilməz oldu...

- Vaxtı ilə - hələ deputat olarkən Qafqaz Müsəlmanları Dini İdarəsində "Füzuli irfan məclisi"nin qısa müddət sədri də olmuşam. Eyni zamanda da doğulduğum rayon tarixən dindar olub. Şeyxülislam Əliağa Yasirzadənin də müavini məhz İmişlidən olan Məşədi Bülbül olub. Bu insan olduqca savadlı, intellektual və xalq arasında çox nüfuzlu idi. Apardığı yas mərasimlərində xurafata deyil, daha çox elmiliyə üstünlük verən bir şəxs kimi tanınırdı. Onun məclisləri də həmişə sanbal və səviyyəsi ilə seçilirdi. Mən də həmin məclislərdə o insanın dini biliyini əyani görmüşdüm. Dinin insan həyatında nə demək olduğu, dini adət-ənənələrə riayət olunması qaydalarına həm öz ailəmdə, həm də yaşadığım rayonda ciddi şəkildə əməl olunduğunu görməyim də öz təsirini göstərib. Təsadüfi deyil ki, İmişlidə yetişən din adamları, Gəncə, Tərtər, Ağcabədi, Gürcüstanda ali dini vəzifələrə təyinat aldılar.

- Mənfi dini təsirlərin önlənməsi baxımından komitə hansı nəticələrə nail olub?

- Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi vətəndaş-din arasındakı münasibətləri tənzimləyir və eyni zamanda bəyan edir ki, hər bir vətəndaş bir fərd, yaxud da qrup halında hansısa dini əqidəyə etiqad edə, fəaliyyət göstərə bilər. Komitənin missiyası həm də ən müxtəlif dini inanclara, dini təriqətlərə qulluq edənlərin bərabərliyini gözləməkdir. Bizim üçün milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bu ölkənin vətəndaşlarıdırlar. Onların hər birinin mənsub olduğu dinə etiqad etmək ixtiyarı var və biz də bunu qanunun aliliyi, eyni zamanda da "Dini etiqad azadlığı haqqında" qanunla tənzimləyirik.

- Bəs qarşı tərəf dini tolerantlığa nə dərəcədə riayət edir?

- Qeyd etdiyim qanun həmin dini qurumların, dini icmaların qanun qarşısında üzərlərinə düşən vəzifələri olduğu kimi yerinə yetirməsini tələb edir. Eyni zamanda qanunla hər bir fərdin dini etiqadına riayət etməsi ilə yanaşı, başqasını zorla məcburi şəkildə mənsub olduğu dinə cəlb etməsi də qadağan olunur. Heç kimi zorla başqa dinə cəlb etmək olmaz.

- Amma yenə də fəaliyyəti qadağa olunan dini sektaların nümayəndələri insanları cəlb etmənin müxtəlif təbliğatı yollarından istifadə etməkdədirlər…

- Əgər bu vətəndaşın istəmədiyi şəraitdə həyata keçirilirsə, həmin adamlar məsuliyyət daşıyırlar. Ola bilər belələri var və bir sıra ictimai yerlərdə insanları zorla buna təhrik edirlər. Qanun nümayəndələri belə halları müşahidə etdikdə həmin insanlar sorğu-sual olunur və etdikləri hərəkətin səhv olduğu izah edilir.

- Bu tipli halların arxasında hansısa qüvvələrin, dövlətlərin məkrli planları dayanır, yoxsa bu, sadəcə dini təmayüllü qurumların şəxsi missiyasından irəli gəlir?

- Missionerlərin qarşısına qoyduğu məqsəd SSRİ-nin süqutundan sonra müttəfiq dövlətlərə nüfuz edərək, orda iradəcə zəif, müəyyən mənada narazı, taledən yarımayan insanları cəlb etməklə öz missiyalarını yerinə yetirmək idi. İlk növbədə bu missionerlik fəaliyyətinin təzahürləri olaraq diqqəti cəlb edirdi. Ancaq bir sıra halları təhlil edərkən onların arxasında uzaqmənzilli niyyətlərin də dayandığı diqqətdən yayınmır.

- Parlament tribunasından "saqqallılar", "qısa şalvarlılar" məsələsi qaldırılır. Konkret olaraq vəhabiliklə bağlı Azərbaycanda naratahlıq yaradacaq ciddi nəsə varmı?

- Azərbaycanın kifayət qədər möhkəm əsaslara malik əlaqədar qurumları var və onlar öz işlərini peşəkarcasına yerinə yetirməklə bərabər dövlətin mənafeyini də ləyaqətlə qoruyurlar. Biz hələlik ciddi təhlükə hiss etmirik. Onlar da dini təriqətin nümayəndələridir və özlərinə xas olan ideyaları var. Cəmiyyətə zərər verməmək, insanlara zorla nəyisə təlqin etməmək, hansısa təsiredici vasitələrdən istifadə etməməklə fəaliyyətlərinə məlum qanunla qadağa qoyulmur. Ancaq məlum çərçivədən kənar çıxma hallarına yol verilərsə, onlar da digərləri kimi qanun qarşısında cavab verməli olacaqlar.

- Çoxları deyir ki, "İslam" deyəndə niyə gözlər önünə bir qaralıq gəlir? Bu dinimizi olduğu kimi təqdim etməməyin nəticəsidir, yoxsa, burda da ikili yanaşma var?

- İkili yanaşma Şərqə qarşı həmişə olub. "Səlib yürüşləri", İslamın sürətlə yayılması, İslamın yeni bir din olması dönəmlərini və həmçinin əvvəlki iki müqəddəs kitabda sonuncu Peyğəmbər olaraq Məhəmmədin gəlişinin təsdiqi, onu bütün peyğəmbərlərdən Allahın üstün tutmasını xatırlayanda bir çox mətləblər aydın olur. İslam dini olduqca humanistdir və onun mahiyyətində insana hörmət, diqqət, rəğbət, insanın insana dost, qardaş olduğu dayanır. İslam bir çox hegemonluq iddiasında olan ölkələri bu barədə ciddi düşünməyə sövq edir. Dünyanın ən məşhur insanları, istər dövlət, istər mədəniyyət, incəsənət xadimləri olsun-dinlərini dəyişərək İslamı qəbul etmişlər. Məsələn, məşhur ingilis ilahiyyatçısı, 98 il ömür sürmüş Martin Links həm də İslam tarixinin görkəmli nümayəndələrindən biridir. Onun ilk qaynaqlar əsasında "Məhəmmədin həyatı" kitabı var. Bu adam digər dinlərdə özünü axtarsa da nəhayət İslamda özünü tapıb və özünə Siracəddin Əbubəkir təxəllüsünü götürərək bütün həyatını İslamı tədqiqə həsr edib. Bu mənada İslamın təsir qüvvəsi çox güclü və cəlbedicidir. Ona görə də bütün dönəmlərdə qüdrətli dövlətlər İslama qarşı çıxıblar və bütün dünyanı əhatə etməsinin qarşısını almağa səy göstəriblər.

- Bəs Konstitusiyanın tələbləri nə qədər insanların fəaliyyətində təsdiqini tapır? Əgər belədirsə, onda niyə narazılıqlar var?

- Azərbaycanın Konstitusiyası dünyanın ən mütərəqqi, ən müasir konstitusiyalardan biridir və burada hər bir məqam öz əksini tapır. Bunu Amerikanın, Avropanın insan hüquqları ilə məşğul olan institutları da təsdiqləyir. Müxalifət qüvvələri Konstitusiyanın məlum 49-cu bəndini daha çox öz xeyirlərinə yozurlar. Məşhurlardan biri demişkən, kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Kiminsə istirahət hüququnun pozulduğu yerdə bir başqasının siyasi hüququ, siyasi istəklərinin zorla təbliği doğru deyil. Bu elə olmadır ki, cəmiyyətin digər hissəsinin hüquqları tapdanmasın. Adətən mitinq, yürüş məsələsi ortalığa gələndə, nədənsə mərkəzi parklar, istirahət yerləri, insanların daha çox gediş-gəliş yerləri seçilir, müxalifət tərəfindən həmin məkanlar ortaya qoyulur. Amma dövlət onlara adamların nisbətən daha az gediş-gəlişi olan yerləri məsləhət görür və aksiyanın təhlükəsizliyinin təmini məsuliyyətini öz üzərinə götürür. Təəssüf ki, həmin qüvvələr dərhal etiraz edir, özlərinin lazım bildikləri yerlərdə aksiyanı keçirmək istəyirlər. Bu həm də təkcə onların arzusu deyil, eyni zamanda, görünür onlara təsir edən qüvvələrin istəyidir.

- Bu təşkilatların arxasında duran qüvvələr varsa, o zaman bu qədər zaman ərzində niyə konkret nəticə əldə edə bilməyiblər? Bunu həmin qüvvələrin zəifliyinin, yoxsa onların dəstək verdikləri qurumların fərasətsizliyi hesab etmək olar?

- Azərbaycan dövlətinin əsasları ümummilli lider tərəfindən möhkəm əsaslar üzərində qurulub. İdarəçilikdə, kadrların seçilməsində, qonşularla münasibətlərin tənzimlənməsində və s. məsələlərdə Heydər Əliyev elə bir məktəb yaradıb ki, ondan sonra həmin məktəbi finişə doğru aparmaq məsələsi də təmin olunub. Bu məktəbin ən görkəmli davamçısı prezident İlham Əliyev qoyulan xətti davam etdirməkdə çox mahir rəhbər oldu. Xalqın dəstəyindən mərhum olan, fəaliyyətləri ilə boşboğazlıqdan, şüarçılıqdan uzağa getməyən müxalifət təbii ki, belə bir gücün qarşısında qalib gələ bilməz. Təsəvvür edin ki, müxalifətin daxilindəki rəqabət, mənəm-mənəmlik, "yalnız mən, məndən sonra başqaları" prinsipi o qədər güclüdür ki, 20 ildir prezident seçkilərində vahid namizəd ortaya qoya bilmirlər. Əgər Azərbaycan müxalifətində birlik ideyası yoxdursa, heç vaxt vahid namizəd məsələsi konkret həyata keçirilə bilmirsə, onların Azərbaycan xalqını xoşbəxt etməkdə vahid məqsədləri, vahid istiqamətləri, vahid ideyaları necə formalaşa bilər?

- Bəs bu gün baş verən sosial narazılıqların səbəblərini nədə axtarmaq lazım gəlir?

- Bir sıra dövlət məmurları var ki, onların yarıtmaz fəaliyyəti, işbilməzliyi, fəaliyyətlərinə, övladlarının hərəkətlərinə nəzarəti itirməkləri ayrı-ayrı rayonlarda xırda sosial partlayışlara, narazılıqlara gətirib çıxarır. Belə halların qarşısını da dövlət başçısı anındaca alır. Bir kimsəyə nə tutduğu vəzifəyə, nə xidmətlərinə görə güzəşt olunur. Əgər dövlət məmurları səhv ediblərsə, tapşırılan işin öhdəsindən gələ bilmirlərsə, bu işdə onların qohumları, övladları və yaxınları iştirak edərək dövlətimizə xələl gətirirlərsə, onlar dərhal vəzifədən uzaqlaşdırılır, səlahiyyətləri əllərindən alınır, bir sıra hallarda isə qanun qarşısında cavab verməli olurlar. Kadrlar səhv də edə bilər, imam övladı deyillər ki... Hər bir kəsdə çatışmayan cəhətlər, nöqsanlar ola bilər. Amma hansısa səlahiyyət həvalə olunan rəhbər ciddi səhvlərə və məsuliyyətsizliyə yol verməməlidir.

- Etirazlar zamanı maşınlar, villalar, hansısa istirahət mərkəzi yandırılır ki, bu da elə həmin məmurlara, onlara yaxın yüksək post tutan şəxslərə məxsusdur. Belə olan halda yalnız vəzifədən kənarlaşdırılmağı yetərli hesab etmək olarmı?

- Hesab edirəm ki, bunu həmin şəxslərə qarşı çox ciddi, kifayət qədər adekvat addım saymaq olar. Çünki onlar tutduqları ali vəzifədən məhrum edilirlər, onlara cəmiyyətin nifrəti oyanır, bir rəhbər kimi yarıtmazlıqları ortaya çıxır. Belə olan halda, yəqin ki, onlara bir daha belə etimad göstərilməyəcək. Balığı ya sudan çıxar, ya da öldür, ikisi də eyni şeydir.

- Hansısa məmurun fəaliyyəti sosial partlayış həddinə gətirib çıxarırsa və sonda həmin məmur vəzifədən kənarlaşdırılırsa, bəs həbs olunanlar niyə azad olunmur? Məsələn Quba, İsmayıllı, Binə ticarət mərkəzindəki hadisələrlə əlaqədar həbslər timsalında…

- Qubadakı hadisələr psixoloji zəmində, İsmayıllıdakı proseslər isə məişət zəmində baş verdi və müəyyən qruplar bundan istifadə etdilər. Bir sıra adamlar o proseslərdə dağıdıcı, qanunları tapdayaraq hərəkət etdilər və çox ciddi qanun pozuntularına görə də həbs olundular. Etirazın müxtəlif formaları var və ən yaxşı forması da dinc vasitələrdən istifadədir. Məsələn, bir qrup rayon ağsaqqalının icra başçısının görüşünə gedərək baş verənlərlə bağlı müzakirələr aparmaları və bir sıra hallarda ağsaqqallıqdan irəli gələrək böyük xəta törədə biləcəyi barədə xəbərdarlıq etmələri ən optimal variantlardan biridir. Ona görə ki, onlar xalqın seçilmiş nümayəndələri olmaqla, həm də dinimizə, adətlərimizə, böyük-kiçik münasibətlərinə uyğun gələn, min illərdən bəri formalaşan ən təsirli etiraz əlamətlərindən biri sayılır. Bu daha təsirli nəticəsi olan etiraz formasıdır və məncə biz belə metodlardan daha çox istifadə etməliyik, nəinki hansısa icra başçısının evini yandırmaq, yaxud da həyətindəki maşınlara od vurmaqla etiraz etmək. Görünür bu cür şəxsi əmlaka zərər vermə, mülkiyyətə qəsd etmə eyni zamanda xuliqanlıq hərəkətləri ilə bağlı olub.

- Azərbaycanda vəziyyətin gərginləşməsində kənar qüvvələr, yoxsa daha yaxın dövlətlər maraqlı ola bilər?

- Qonşu dövlətlərdən də, kənardan da gələn təhlükələr var. Azərbaycanın yerləşdiyi coğrafi şərait, yeraltı və yerüstü sərvətlər həmişə dünyanın böyük dövlətlərinin maraq obyektinə çevirib. Hər bir dövlətin də Azərbaycandan öz payını qoparmaq istəyi gizlin də deyil və nəyin bahasına olursa-olsun birinci söz sahibi olmaq iddiası var. Xoşbəxtlikdən Azərbaycan balanslı siyasət yürüdür və çalışır ki, böyük dövlətlərin hansınınsa ruporu olmasın. Azərbaycan məhz müstəqil siyasət yürütdüyünə görə bir çox dövlətlər tərəfindən təzyiqlərə məruz qalır. Dövlətin müvafiq qurumları da təsdiqləyir ki, Azərbaycandakı qarşıdurmalarda, ayrı-ayrı bölgələrdəki iğtişaşlarda bir sıra dövlətlərin müəyyən izləri var. Biz heç bir dövlətin əlində alətə çevrilə bilmərik. Biz müstəqil dövlət kimi BMT-nin tam hüquqlu üzvüyük, bir çox regional və beynəlxalq layihələrin müəllifiyik, regionun ən qüdrətli dövlətiyik, yaşadığımız coğrafiyada heç bir dünya əhəmiyyətli layihə bizsiz həyata keçmir. Azərbaycan eyni zamanda bir çox nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir.

Biz bütün dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələr qurmaqda maraqlıyıq. Heç bir dövlətə qarşı torpaq iddiamız yoxdur, heç bir dövlətin də bizə qarşı belə bir iddiaya düşməsini qəbul etmirik. Bütün bunlar Azərbaycanı daxildən sarsıtmağa yönəlmiş addımlardır və hələlik kəşfiyyat xarakterlidir, həm də bir növ dövlətin və xalqın əsəblərini imtahana çəkmək məqsədlidir. Amma Azərbaycan xalqının birliyi çox güclüdür, belə təxribatlara keçməz.

- Dünyada cərəyan edən siyasi proseslər fonunda prezident seçkisi ilində Azərbaycanda nələr baş verə bilər, hazırlıqlar hansı səviyyədədir?

- Prezident seçkiləri kifayət qədər uğurlu, qanunun tələb etdiyi çərçivədə bütün namizədlərin bərabər imkanları şəraitində keçəcək. Amma baş verən hadisələr, mətbuatdan oxuduqlarım, ölkə daxilində keçirilən tədbirlər hakim partiyanın mövqelərinin olduqca möhkəm olduğunu göstərir. Bütün rayonlarda YAP-ın mükəmməl, sistemli, əhalinin geniş təbəqəsini əhatə edən qurumları mövcuddur, dəqiq fəaliyyət proqramları var və namizədləri də xalq tərəfindən sevilən, güvənilən şəxsdir. Ona görə də YAP-ın namizədinin seçkidə qalib gələcəyini güman edirəm. Hakim partiya funksionerlərinin bəyan etdiyi kimi bu şəxs prezident İlham Əliyevdir, o yenidən YAP-ın namizədi kimi seçkilərə qatılacaq.

Gültəkin Qəhrəmanlı
AzNews.az