Yusif Bağırzadə: “Qərarı qurultay verəcək”

"Biz Etibar Məmmədovun növbəti prezident seçkilərində partiyanın namizədi olmasını arzu edirdik". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, partiyanın prezidentliyə namizədini təyin etməyə qurultay səlahiyyətlidir və bu namizəd kim olacaqsa, qurultayda açıqlanacaq: "Mən də, funksionerlər də istəyərdik ki, Etibar Məmmədov növbəti prezident seçkilərində partiyanın namizədi olsun. O da buna münasibət bildirdi. İndi qurultay səlahiyyətlidir ki, bu haqda söz desin. Bu barədə əvvəlcədən nəsə demək də düzgün deyil. Partiya sədri olaraq deyirəm ki, partiyanın nizamnaməsi bizim üçün əsas şərtdir və ona uyğun fəaliyyət göstəririk. Mən bəyan etmişəm ki, partiya olaraq biz bütün prezident seçkilərdə seçkilərində iştirak etməliyik və AMİP 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində də öz namizədi ilə iştirak etməlidir. Namizəd kim olacaqsa, bunu əvvəlcədən deyə bilmərik. Bu haqda yalnız iyun ayında keçiriləcək qurultay öz sözünü deyəcək".

Y.Bağırzadə həmçinin qeyd edib ki, əgər müxalif düşərgənin vahid namizədi müəyyənləşərsə, AMİP onu dəstəkləməyə hazırdır: "Təbii, biz istəyirik ki, müxalifət bu seçkiyə vahid komanda, vahid ideya, vahid namizədlə getsin. Hələ ki, vaxtımız var və biz bu barədə müzakirə aparmalıyıq. Bu namizəd AMİP-dən də, eyni zamanda partiyadan kənar da ola bilər. Bütün hallarda biz onu dəstəkləməyə hazırıq".

Qeyd edək ki, E.Məmmədov APA-ya açıqlamasında növbəti prezident seçkilərinə namizəd kimi qatılmayacağını bəyan edib.

AzNews.az