“Bu məsələni də hakimiyyətin monopoliyasına buraxıblar” – Açıqlama

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov təşkilatın martın 11-nə Rusiya səfirliyi qarşısına təyin etdiyi etiraz aksiyasının vacibliyini əsaslandırıb. VİP təmsilçisi etiraz aksıyasının təyin edilməsini Rusiyanın xüsusilə son aylarda Azərbaycanla bağlı siyasətinin xeyli tündləşməsi və artıq narahatlıq doğuran həddə çatması ilə əlaqələndirib:

"Əslində, Rusiyanın Azərbaycana münasibəti heç vaxt xoş niyyətli olmayıb. Sadəcə, hər iki ölkənin hakimiyyətləri arasında bir sıra məsələləri əhatə edən açıq-gizli anlaşmalar Kremlin Azərbaycan barəsində təmkinli mövqe tutması təsəvvürünü yaradırdı. Lakin yaxın regionda cərəyan edən hadisələr, Qərbin və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsinin nisbətən açıq müstəviyə keçməsi bölgə dövlətlərini, əsasən də Azərbaycanı konkret seçim qarşısında qoyub. Rusiyanın regionda mövqeyini qoruması və gücləndirməsi üçün irəli sürdüyü Avrasiya İttifaqına mənfi münasibət Moskvanın Bakıya qarşı təzyiqlərinin artması ilə nəticələnib. Kreml sahibləri bu təzyiqlərlə öz məqsədinə çatmağı düşünürlər. Təbii ki, Rusiyanın bu təzyiqləri yolverilməz olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaradır. Ona görə də, Rusiya səfirliyi qarşısında etiraz piketi təyin etməklə, Azərbaycanın bu məsələyə dair ictimai rəyini nümayiş etdirməyi lazım bildik".

R.Hüseynov VİP-in Rusiya səfirliyi qarşısında təyin etdiyi etiraz aksiyasına müxtəlif yanaşmaların olmasına da münasibət bildirib: "Təyin olunmuş aksiyaya müxtəlif yanaşmaların olmasını təbii qarşılayırıq. Amma bu məsələdə nəsə qaranlıq məqam axtaranlara demək istəyirəm ki, bizim addımlarımızı öz tərzlərində qiymətləndirməsinlər. Məgər Azərbaycanın müstəqilliyinə yönəlmiş təhdidlər yalnız bu hakimiyyətin problemidir? Bəlkə Azərbaycanın müstəilliyinin bərpası uğrunda mübarizə aparmış qüvvələr Rusiya təhlükəsinin nə qədər ciddiləşdiyinin fərqində deyillər? Yoxsa, hesab edirlər ki, Rusiyanın zərbəsindən tək bu hakimiyyət ziyan görəcək? Belə məsələlərə məntiqlə və milli maraqlardan çıxış edərək yanaşmaq lazımdır"

AzNews.az