Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Trend-ə müsahibə verib. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Trend-ə müsahibə verib.

“YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur” - Müsahibə

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Trend-ə müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Siyavuş müəllim, bildiyimiz kimi ötən il Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının hesabat-seçki konfransları başa çatdı. Partiyada hansı dəyişikliklər həyata keçirildi?

- Ümumiyyətlə, 2017-ci il Yeni Azərbaycan Partiyasının həyatında çox uğurlu bir il kimi yadda qaldı. Həm partiyanın yaranmasının 25 illiyi idi, həmçinin ötən il hər hansı bir seçki olmadığı üçün partiya quruculuğu ilə bağlı, partiyanın maddi-texniki bazasının güclənməsi və kadr bazasının formalaşması ilə əlaqədar müvafiq addımlar atıldı. Partiyanın İdarə heyətinin qərarına uyğun olaraq, partiyanın şəhər və rayon təşkilatlarının konfransları keçirildi. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var və o cümlədən, Naxçıvan Muxtar Respublikası təşkilatı var. Partiyanın 7500-ə yaxın ilk partiya təşkilatı fəaliyyət göstərir. Partiya Azərbaycan Respublikasının Milli Məclisində 71 deputat, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 41 deputat, bələdiyyə məclislərində isə 10 mindən yuxarı üzv ilə təmsil olunur. Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib və hesabat dövründə 24 min nəfərdən çox yeni üzv qəbul edilib. Beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib və sevindirici haldır ki, partiyaya daxil olan üzvlərin böyük əksəriyyəti gənclərdir.

Onu da qeyd etmək istərdim ki, keçirilən şəhər və rayon konfranslarının bir neçəsi 2017-ci ildən öncə olub. 2013-cü ildə bir neçə rayon təşkilatında, yəni Səbail, Yasamal və Kəngərli təşkilatlarında konfranslar keçirilmişdi. 2015-ci ildə də 10 təşkilatda konfranslar keçirilmişdi və qalanları 2017-ci ildə keçirildi. Konfranslar nəticəsində 16 rayon təşkilatında sədrlikdə dəyişiklik oldu. Bunların 10-u 2017-ci ildə, 6-ı isə ondan əvvəlki dövrdə baş verdi. Sədrlərin dəyişilməsinin də obyektiv və subyektiv səbəbləri var. Burada dünyasını dəyişənlər, başqa işə keçənlər var idi. Lakin təəssüflər olsun ki, müəyyən çatışmayan cəhətləri olan təşkilatlar da var idi ki, burada da sədrlərin təşkilatın fəaliyyətini günün tələbləri səviyyəsində qura bilməməsi nəticəsində geriləmə nəzərə çarpırdı və rayon təşkilatı yeni sədr seçilməsinə dair qərarlar qəbul etdi. Rayon və şəhər təşkilatlarının sədrlərinin fəaliyyət istiqamətlərinə nəzər yetirsək, onlardan 8 nəfəri Azərbaycan Respublikası Milli Məclisin deputatı, 8 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 2 nəfər bələdiyyə sədridir. 39 nəfəri rayon və şəhər icra hakimiyyətlərində, digərləri isə səhiyyə, mədəniyyət, sosial və digər sahələrdə müxtəlif vəzifələr daşıyırlar. Sədrlərdən 10 nəfəri qadındır. Həmçinin, keçirilmiş konfranslarda partiyanın rayon şuralarının, nəzarət təftiş qruplarının tərkibində də dəyişikliklər olub və təxminən 30 faizə yaxın yenilənib. Bütövlükdə, Yeni Azərbaycan Partiyası 2018-ci seçki ilinə hazır olmaq üçün tam şəkildə partiya həyatı ilə bağlı lazım olan bütün zəruri təşkilati addımları atıb.

- Siyavuş müəllim, bütün bunları qarşıdan gələn prezident seçkilərinə hazırlıq hesab etmək olarmı?

- Yuxarıda da qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə tam şəkildə hazır vəziyyətdədir. Biz hər bir seçkiyə bir il öncədən hazırlaşırıq. Rayon və şəhər təşkilatlarında keçirilən bu konfranslar da qarşıdan gələn seçkilərə hazırlıqla əlaqədardır. Mən qeyd etdim ki, bizim partiyanın 7500 ilk təşkilatı var. Azərbaycanda 5100-dən artıq seçki məntəqəsi var. Hər bir məntəqə ətrafında Yeni Azərbaycan Partiyasının bir və yaxud bir neçə ilk təşkilatı fəaliyyət göstərir. Bizim ilk təşkilatlar ərazi prinsipi əsasında qurulub və biz çalışmışıq ki, hər bir seçki məntəqəsi ətrafında Yeni Azərbaycan Partiyasının ilk təşkilatları olsun. Bunun çox böyük səmərəli cəhətləri var, həm imza toplama kampaniyasında, həm təbliğat-təşviqat aparılması dövründə, həm müşahidəçilik missiyasının həyata keçirilməsi zamanı məntəqələr ətrafında fəaliyyət göstərən ilk təşkilatlarımız mühüm rol oynayır.

Biz seçkilərə adətən bir neçə mərhələdə hazırlaşırıq. Birinci mərhələ partiyanın ümumi hazırlığıdır və qeyd etdiyim kimi, ötən ildən başlayaraq biz partiyanın rayon təşkilatlarının maddi-texniki və kadr bazasının möhkəmləndirilməsi məsələləri böyük ölçüdə həll edilib. Habelə, seçki prosesində müxtəlif funksiyalar həyata keçirəcək insanların hazırlığı da daim diqqət mərkəzindədir. Biz artıq növbəti mərhələ ilə məşğuluq. Belə ki, seçkilərlə bağlı fevral ayından etibarən partiya üzvlərinə treninqlərin keçirilməsinə başlayacağıq. Xüsusilə gəncləri bu prosesə cəlb etməyə çalışırıq. Yeni Azərbaycan Partiyasının kifayət qədər geniş seçki təcrübəsi var və bu təcrübəni təkmilləşdirərək hər seçkidə müasir seçki texnologiyaları tətbiq edirik. Bu baxımdan, qarşıdakı seçkilər də istisna olmayacaq.

- Seçkilərdə Yeni Azərbaycan Partiyasına hansısa rəqib görürsünüz?

- Yeni Azərbaycan Partiyası nəinki ölkə daxilində, ölkədən xaricdə də heç bir rəqib görmür. Azərbaycanda gedən quruculuq, abadlıq, iqtisadi inkişaf göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin və xalqımızın maraqlarını ən yüksək səviyyədə təmsil edir, çox ciddi islahatlar aparır. Hamımız üçün qürurverici haldır ki, Azərbaycan bu gün Avropanın aparıcı dövlətləri ilə müqayisə olunur, ölkədə ictimai-siyasi sabitlik hökm sürür və bunun nəticəsində iqtisadiyyat yüksək templərlə inkişaf edir. 2017-ci ilin yekunlarında da göstərildi ki, iqtisadiyyatda ciddi irəliləyişlər var, sosial problemlər uğurla həll olunur, abadlıq-quruculuq işləri ardıcıl həyata keçirilir. Həmçinin, hamımız şahidik ki, ölkə xaricində Azərbaycanın maraqları ən yüksək səviyyədə təmin olunur. Beynəlxalq konfranslarda, o cümlədən Azərbaycanda keçirilən beynəlxalq toplantılarda ölkəmiz haqqında xaricdən gələn insanların çıxışları və burada gördüklərini məmnunluqla qeyd etmələri, həmçinin, Azərbaycana çox ciddi turist axınının olması bilavasitə respublikamızın inkişafının göstəriciləridir. Xalq ilə iqtidarın möhkəm birliyi mövcuddur və cənab Prezidentin nüfuzu daim artmaqdadır.

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının 710 mindən artıq üzvü var. Bütün üzvlər aktivdirlər, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan insanlardırlar. Yəni, Yeni Azərbaycan Partiyası güclü bir siyasi ordudur. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası hər seçkiyə çox ciddi hazırlaşır. Bəzi təşkilatlar seçkilər rəsmi qaydada elan olunana qədər hələ müəyyən etmir ki, seçkidə iştirak edəcək, ya yox? Təbii ki, belə təşkilatlar elə ilk andan uğursuzluğa düçar olacaq. Seçkinin öz texnologiyası var. Bütün dünyada belədir ki, seçki qabaqcadan planlaşdırılır və bütün addımlar atılır. Seçkilərdə ən vacib şərt zamandır ki, o zamana əməl olunmalıdır. Zaman buraxıldısa, onu bərpa etmək qeyri-mümkündür.

Bəzən mən də mətbuatdan oxuyuram ki, hansısa ölkədən namizəd gəlir. Halbuki, hər kəsə yaxşı məlumdur ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində bu gün Yeni Azərbaycan Partiyasının namizədinin toplaya biləcəyi səsin 0.1 faizini toplayacaq şəxs yoxdur.