“Saakaşvili dahi avantüristdir” “Saakaşvili dahi avantüristdir”

Rəsul Quliyev: “Həqiqətən də onun prezident olmaq potensialı var” – Müsahibə

“Saakaşvili dahi avantüristdir”



"Gürcüstan prezidenti Azərbaycana məqsədlərini reallaşdırmağa gəlmişdi"


Eks-spiker Rəsul Quliyevin AzNews.az-a müsahibəsi:

- Rəsul müəllim, ""El" Hərəkatı Ziyalılar Forumunun proyekti deyil" demisiniz. Layihənin kimin proyekti olduğunu güman edir?

- Fikrimcə, "El" hərəkatı Eldar Namazov və onunla yaxın ünsiyyətdə olan bir qrup insanların proyektidir. Proyektin əsas məqsədi isə E.Namazovun prezidentliyə namizədliyini təşkil etməkdir.

- Ümumiyyətlə, "El" hərəkatına münasibətiniz necədir? Hərəkat real gücə çevrilə biləcəkmi?

- Bu gün "El" hərəkatına münasibət bildirmək mümkün deyil. Çünki hərəkatın nə konkret proqramı, nə də konkret məramı elan edilib. "Bu hərəkat xalqın passiv hissəsini aktivləşdirmək üçün yaradılıb" ideyasını isə qəbul etmək mümkün deyil. Bunu necə, hansı yolla edəcəklər? Televiziyalara, radiolara çıxış imkanları yoxdur ki, məram, məqsəd açıqlansın. Qismən müstəqil olan qəzetlərinsə, ümumi tirajı maksimum 20 mindir. Nəzərə alsaq ki, hər gün bu qəzetləri alanlar eyni adamlardır, o zaman reallığın tam şəkli tamamlanar. İnternet mediası ilə bağlı durum da ürəkaçan deyil. Bütün bunları nəzərə alsaq görərik ki, informasiya texnologiyaları ilə passivləri aktivləşdirmək də müşkül məsələdir.

- Sizcə, bu gün hansı liderlərin fikirləri daha çox oxunur və cəmiyyətdə maraqla qarşılanır?

- Şəxsən mən Azərbaycanda youtube, bloqq, tiwtter və qəzetlərdən çox oxunan, baxılanlardan biriyəm. Yeni informasiya vasitələri ilə məni oxuyanların sayı çoxdan 1 milyonu keçib. Təkcə "youtub"la mənim video çıxışlarıma baxanların sayı 450 min nəfərdən çoxdur. Bütün bunların hamısı real rəqəmlərdir. Çünki sayğac məşhur xarici kompaniyaların əlindədir, onların sadəcə saxtalaşdırmaq şansı yoxdur, çünki bu cinayət hesab edilir. Bununla yanaşı, yaxşı bilirəm ki, bu xalqı aktivləşdirmək üçün həlledici rol oynaya bilməz, yetərli deyildir.

- "El" hərəkatı barədə fikirlərdən uzaqlaşmamış, Rüstəm İbrahimbəyov bu qurumla bağlı optimist düşünürdü...

- Rüstəm müəllim həyatı boyu bir çox mübarizələrdən qalib çıxdığına görə optimistdir. Amma unutmaq olmaz ki, hərəkatın real gücə çevrilə bilməsi bir çox faktordan asılıdır. Əgər hərəkat süni sürətdə yaradılmış, başa düşülməyən "qərbi azərbaycanlılar’’ ideyasına söykənəcəksə, onun heç zaman heç bir real gücü olmayacaq. Çünki qərbi azərbaycanlı faktoru yoxdur, bu, mifdir. Ölkədə qaçqın statuslu azərbaycanlılar var, onları isə "qərb" və "şərq"ə ayırmaq olmaz.

- Necə düşünürsünüz, bəs real gücü nə ilə müəyyənləşdirmək olar?

- Real gücü protest mitinqləri və ya istənilən hərəkatda axırancan gedən adamların sayı müəyyənləşdirir. Yumşaq torpağın üzərində çoxmərtəbəli ev tikməyin mümkün olmadığı kimi insanların kütləvi dəstəyi olmadan da real güc mümkün deyil. Real gücü olmayan ambisiya isə təhlükəlidir. Ümid edək ki, bir neçə aya "El" hərəkatı real güc ortaya qoya biləcək. Amma bir qədər də geciksə, əhəmiyyətsiz təşkilata çevriləcək.

- Gürcüstan prezidentinin Rusiyanın, bu ölkədə yaşayan "Milyarderlər İttifaqı"nın üzvüVahid Ələkbərov və Söyün Sadıxov vasitəsilə Azərbaycanda hakimiyyət dəyişikliyi planlaşdırması fikrinə münasibətiniz necədir?

- Hələ bir il əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisin tribunasından etdiyi çıxışla bağlı fikirlərimi söyləmişdim. O çıxışa görə demək olar ki, hamı Saakaşvilini dahi adlandıranda mən bu çıxışı xalqımıza qarşı təhqir kimi qiymətləndirdim. Saakaşvili təbiətcə dahi avantüristdir. Onun Azərbaycana rəsmi səfərinin məqsədi nəydi? Saakaşvili Azərbaycana məqsədlərini reallaşdırmağa gəlmişdi. İndi ona Gürcüstanda qarışıqlıq salıb parlamenti buraxmaq səlahiyyətindən istifadə etmək və növbəti parlament seçkilərində saxtalaşdırmaq yolu ilə seçkiləri udmaq lazımdır. Saakaşvili bu işi görmək üçün bütün variantlardan istifadə edəcək. Daxildə qarışıqlıq salmaq istəyən qüvvələrin kifayət qədər güclü olmamasını, o ölkədə yaşayan azərbaycanlıların hesabına kompensasiya etmək istəyir. Azərbaycanlılar hər yerdə güclüyə tabe olmağa üstünlük verirlər. İndi də sözsüz ki, İvanişvilini dəstəkləyirlər. Saakaşvilinin səfərinin məqsədi də Gürcüstandakı azərbaycanlıların hesabına qarışıqlıq salmağa cəhd etməkdir.
Görünür, ona bu işi görməkdə güclü kömək olacağına artıq söz veriblər. Saakaşvili özünə xas inadkarlıqla Rusiya Federasiyasının Azərbaycanda hakimiyyəti dəyişdirəcəyi ideyasına inandırıb.

- Bəs niyə Vahid Ələkbərovun adı hallanır?

- Vahid Ələkbərov Rusiyanın böyük biznesmenlərinin arasında ən nüfuzlusu, kriminal aləmlə heç bir əlaqəsi olmayan tanınmış şəxsiyyətdir. Başqalarından fərqli olaraq o, həm neft sənayesində iki-üç mütəxəssisdən biridir, həm də maliyyə sahəsini gözəl bilir. Ən əsası bacarıqlı idarəçidir. Bu insan ömrü boyu istənilən fundamental məsələni kollegial və dərin müzakirə edəndən sonra həll edib. Bu insan korrupsiya və rüşvəti qazanc vasitəsi hesab etmir. Saakaşvili isə onun adını ona görə hallandırır ki, Rusiyanın həm prezidenti, həm də baş naziri Ələkbərova hörmətlə yanaşırlar. Həqiqətən də onun prezident olmaq potensialı var, baxmayaraq ki, Azərbaycan dilini bilmir.

- Söyün Sadıqovu necə xarakterizə edərdiniz?

- Söyün Sadıqov məsələsi bir qədər fərqlidir. Birincisi, ondan başlayaq ki, onun prezident olmaq potensialı yoxdur. İkincisi, Rusiya heç vaxt ölkə daxilində dəstəyi olmayan bir insana hakimiyyətə gəlmək üçün dəstək verməz. Bizdən fərqli olaraq RF-nin 300 illik dövlətçilik tarixi var. Onun xəfiyyə orqanları 300 il bundan öncə yaranıb. Rəsmi Kreml yaxşı bilir ki, daxildə dəstəyi olmayan adamı zorla hakimiyyətə gətirmək mümkün deyil.

Gültəkin Qəhrəmanlı
AzNews.az