09:02
(077) 610-22-33

“İllərdir yığılan enerjisi vulkan kimi oyanacaq”

  • >
338 5 Mart 2013 23:40 | Siyasət


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlının 55 illik yubileyini təbrik edib. Təbrikdə deyilir:

Əziz Mahmudəli bəy!

Mənsub olduğun millətin doğal haqları, hüquqları və azadlığı uğrunda mübarizə aparmaq təkcə həmin millətin mənəvi qürurunu və varlığını qorumasının təzahürü deyil, həm də mübarizəni aparan şəxsin şərəfli ömür yaşamasının sübutudur. Dünyada heç bir bər-bəzəkli həyat tərzi, cah-cəlallı yaşam dövlətinin müstəqilliyi uğrunda mübarizə ilə keçən ömrü əvəz edə bilməz.
Hər insanın bu dünyaya gəlişində bir vəzifəsi, missiyası olur. Xoş o insanların halına ki, onların taleyinə millətinin müstəqilliyik uğrunda mübarizə yazılıb.
Mahmudəli bəy, sizin ömrünüzə də millətinin azadlığı, dövlətinin müstəqilliyi yolunda mübarizə aparmaq missiyası yazılıb. Bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, apardığınız bu mübarizə və mücadilənin bir gün haqqa varacağına heç bir şübhə ola bilməz. Tarixi torpaqlarımızın çox kiçik bir hissəsində apardığımız və sonu müstəqilliklə başa çatan Milli Azadlıq Hərəkatının taleyi buna əyani sübutdur. Ötən əsrin 80-ci illərinin sonunda çox az adam inanırdı ki, dünyanın iki güclü dövlətindən biri olan SSRİ nə vaxtsa xalqların azadlıq mübarizəsi nəticəsində dağıla və əsarətdə olan millətlər müstəqil ola bilərlər. Ancaq bu baş verdi, çünki dünyanın heç bir zoru, heç bir gücü, heç bir silahı insanın azadlıq mübarizəsinin, azadlıq sevgisinin qarşısını almağa qadir deyil. Yetər ki, millətin bu istəyi, arzusu və müstəqilliyini qazanmaq üçün birliyi olsun.
Güney Azərbaycan türklərinin, soydaşlarımızın da illərdir yığılan enerjisi bir gün vulkan kimi oyanacaq və üstündəki ədalətsiz rejimi, repressiya aparatını kənara tullayacaq.
Bu xoş günü, millətin şərəf anını Sizin öz tərcümeyi-halınıza yazacağınıza əminəm!

Əziz Mahmudəli bəy!

Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və doğrusu Sizə, Sizin timsalınızda güneyli soydaşlarıma deyəcəklərim, arzularım həddən artıq çoxdur. Vaxtaşırı olaraq onları deyir, yazır və yayıram. Ən ümdəsi isə təbii ki, azadlığınızdır. Mübarizənizin təntənəsini görmək arzum həm də özümə aiddir və mən bu prosesdə heç də izləyici deyiləm, iştirakçıyam, dünyadakı səsinizdən, sözünüzdən biriyəm.

Əziz qardaşım, Tanrı mənə bir fürsət verdi, Quzeyin paytaxtındakı ən böyük meydanı Azadlıq Meydanına çevirmək xoşbəxtliyini yaşadım.
Tanrı sizlərə Təbrizin Azadlıq Meydanını qismət eləsin!
Bağla X