Taleh ŞAHSUVARLI Taleh ŞAHSUVARLI

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

Taleh ŞAHSUVARLI

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda erkən prezident seçkiləri təyin olundu. Seçkilərə hazırlaşmağa, adətən seçki bitəndən dərhal sonra start verən hakim "Yeni Azərbaycan” partiyası prezidentlik üsul-idarəsinə malik hər bir ölkə üçün ən taleyüklü siyasi kampaniya olan dövlət başçısı postu uğrunda başlayacaq mübarizəyə hər baxımdan hazır olduğunu bəyan etdi və bu məqsədlə qısa zamanda qurultay təşkil olundu. Artıq hər kəsə yaxşı məlum olduğu kimi, Yeni Azərbaycan Pariyasının VI qurultayında hakim siyasi təşkilatın təmsilçiləri prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürüb və bununla da seçki marafonunun qələbə şansı ən yüksək olan iştirakçısı məlum olub.

İstər daxili, istərsə də xarici müşahidəçilər Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən necə yüksək inam və şövqlə dəstəkləndiyindən yaxşı agahdırlar. C. Kennedi və R. Reyqan da daxil olmaqla dörd ABŞ prezidentinə məsləhətlər vermiş, liderlik mövzusunda onlarla kitab yazmış siyasətşünas V. Benis sərrast ifadə etmişdi: "İdarəçi işləri doğru, lider isə doğru işləri görər”. İlham Əliyev hələ ilk prezidentlik müddətində həm davam etdirilməsini üzərinə götürdüyü siyasi kursun prioritetləri sayılan işləri doğru gerçəkləşdirən idarəçi, həm də daxili və xarici siyasətdə önə çıxan problemlərə münasibətdə doğru işlər görən lider kimi özünü təsdiq etmişdi. Elə ona görə də kimsə qarşıdakı 7 il müddətində də dövlətimizi idarə edəcək siyasi liderin məhz İlham Əliyev olacağına şübhə etmir, 11 apreldə mütəşəkkilliklə səsvermə qutusuna yaxınlaşacaq seçicilərin cüzi istisnalar olmaqla hakim partiyanın namizədinə səs verəcəyini təxmin etməyə çətinlik çəkmirlər.

Bu səbəbdən hakim partiyanın qurultayında namizədliyi rəsmiləşmiş İlham Əliyevin çıxışı son dərəcə böyük maraq doğurur, prezidentin üzərində dayanacağı tezislər müstəqil Azərbaycanın ən azı 2025-ci ilə qədərki inkişaf xarakterini və tendensiyasını dəyərləndirmək üçün siyasi təhlilçilərə əlavə imkanlar yaradırdı. Bir öncəki cümlədə "əlavə” kəliməsindən xüsusi olaraq istifadə etdik ona görə ki, əslində 2003-cü ildən bu yana Azərbaycan dövlətinə rəhbərlik, Azərbaycan xalqına liderlik edən İlham Əliyevin idarəçilik fəlsəfəsi, üslubu və missiyası seçicilərə yetərincə məlumdur. O, hakimiyyətdə olduğu müddətdə cəmiyyətin bütün sağlam kəsimləri ilə, ölkənin müqəddəratını düşünən vətənpərvər soydaşlarımızla doğmalaşıb, siyasi olimpin zirvəsinə yüksəlmək üçün qatıldığı ilk seçkidə verdiyi vədləri doğruldaraq hər bir azərbaycanlının prezidenti olmaqla dayanıqlı elektoratının həcmini önəmli ölçüdə artırıb. Təsadüfi deyil ki, hakim partiyanın qurultayındakı çıxışında dövlət başçısı iqtidarının xalq tərəfindən geniş və ardıcıl şəkildə dəstəklənməsindən öz məmnunluğunu ifadə etdi, bunun başlıca səbəbi kimi isə xalq və vətəndaş mərkəzli siyasət yürüdülməsini göstərdi. "Azərbaycan xalqının birinci xidmətçisi mənəm”- bu sözlər İlham Əliyevin dilindən dəfələrlə, həm də səmimi və qətiyyətli bir formada səslənib, bəzən xalqda narazılıq doğuran müəyyən məmurlara xəbərdarlıq səciyyəsi də daşımaqla müstəqil Azərbaycan dövlətinin qurucusu, BÖYÜK MÜƏLLİM Heydər Əliyevdən alınan siyasət fəlsəfəsi dərslərinin yekununda formalaşmış yüksək dünyagörüşün təməlində dayanan amal kimi rəğbətlə qarşılanıb.

Siyasi müşahidəçilərin diqqətindən yayınmayacaq bir şəkildə Prezident İlham Əliyev YAP-ın son qurultayında sədri olduğu təşkilatın tarixinə, müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yola qısaca ekskursiya etməklə daha çox gələcəyə kökləndi, 11 aprel seçkilərində qələbəsi labüd olan siyasi lider kimi növbəti mərhələ üçün ideya və hədəflərini açıqladı. Əlbəttə, "Yeni Azərbaycan”ın hakimiyyətdə olduğu hər iki dönəmdə, yəni həm Heydər Əliyev, həm də İlham Əliyevin zamanında kifayət qədər rasional bir siyasət anlayışı ilə milli müstəqilliyimizin möhkəmlənməsi, dövlət təşkilatının formalaşması, sosial və iqtisadi baxımdan vətəndaşlarımızın rifah halının yüksəldilməsi, cəmiyyətimizin çağdaş dünyanın bir parçası ola bilməsi üçün misilsiz işlər görülüb, ardıcıl və səmərəli addımlar atılıb. Ötən əsrin əvvəllərində aydınları "İmzasını qoymuş miləl övraqi-həyatə, yox millətimin xətti bu imzalər içində" deyə hayqıran bir toplumun ictimai müqaviləsindən doğan gənc dövlət 17 raundluq səsverməni udaraq qeyri-daimi üzv statusunda olsa belə, BMT sayaq ən nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına qatılmağa nail olub. Azərbaycanın və azərbaycanlı həyatının bütün sferalarında hiss edilmiş bu cür möhtəşəm uğurları sadalayaraq öyünmək hər bir siyasi lider və onun komandası üçün normal haldır. Lakin bunun müqabilində YAP-ın qurultayında gələcəyə hesablanan mesajlara üstünlük verməsi İlham Əliyevin xalqa təmənnasız xidmət anlayışını növbəti dəfə ortaya qoymaqla yanaşı, həm də yorulmadan, prinsiplərindən bir addım da geri çəkilmədən apardığı quruculuq prosesinin, Azərbaycan adına yaratdığı, qanlı və qarışıq zəmanəmizdə cəlbediciliyi gündən-günə artan məxsusi inkişaf modelinin perspektivini qarantiya altına almış oldu.

Hər müqayisədə nöqsan payı olması barədə məşhur deyim var. Bu payı zaman, şərtlər, coğrafiya kimi amillər yaradır. Azərbaycan xanlıqlara bölünmüş bir coğrafiyanın 19-cu yüzilin birinci yarısında Rusiya tərəfindən işğal edilməsi, bir əsr sonra çar hakimiyyətinin devrilməsi ilə demokratik üsul-idarəyə üstünlük verərək müstəqilləşməsi, daha sonra bolşeviklərin həmin müstəqilliyi qəsb etməsi, nəhayət 1991-ci ildə öz azadlığına yenidən qovuşması kimi uzunmüddətli və təlatümlü tarixi olaylar sonucunda ortaya çıxmış dövlətdir. Başqa sözlə, biz Osmanlı kimi nəhəng bir imperiyanın küllərindən doğmamışıq və işğalçılara qarşı mübarizəmiz də hər nə qədər çökmüş olsa da, bir cahan dövlətinin resurslarına, ənənələrinə, institutlarına arxalanmayıb. Bircə faktı yada salmaq kifayətdir ki, Osmanlı son nəfəsinə qədər savaşan dünyanın azman və aktiv bir parçası idi, davamçısı olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti isə Paris Sülh Konfransında öz varlığını təqdim etmək və müstəqilliyini tanıda bilmək üçün böyük əziyyətlər çəkmək məcburiyyəti ilə üz-üzə qalmışdı. Bütün bunlara rəğmən, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının ali tədbirində etdiyi çıxışın MÜƏYYƏN MƏNADA "Misak-ı Milli” ruhu daşımasının fərqinə varmamaq mümkün deyil.

Hərfən "Ulusal and”, "Milli Pakt” anlamına gələn "Misak-ı Milli” iradəsinin Türkiyə Cümhuriyyətinin quruculuğuna konseptual təsirlərini Mustafa Kamal Atatürkün bu sözlərindən aydın görmək olar: "Biz yaşamaq istəyən, qürur və şərəfi ilə yaşamaq istəyən bir millətik. Millətin bütün fərdləri üzləşilən çətinliklərin mahiyyətini tam anlamadığı halda, hər kəs bu gün bir nöqtədə birləşib. O nöqtə tam müstəqilliyin gerçəkləşdirilməsi və davam etdirilməsidir. "Tam müstəqillik” demək, əlbəttə, siyasi, iqtisadi, maliyyə, hüquqi, hərbi və mədəni xüsuslarda tam sərbəstlik deməkdir. Bu sadaladıqlarımdan hər hansı biri üzrə müstəqil olmamaq millətin və məmləkətin gerçək mənada bütün müstəqilliyindən xali qalması deməkdir”.

Elə Azərbaycan Prezidentinin təhlilimizə mövzu olan çıxışının əsas qayəsini də Azərbaycanın müstəqilliyi, onun qorunması və inkişaf etdirilməsi zərurəti təşkil edirdi: "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”!
Misak-ı Milli hər şeydən öncə bir vətən olaraq bölünməz Türkiyənin sərhədlərini çizmiş, Türkiyənin müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinin ana ruhunu təşkil etmiş, qardaş cümhuriyyətin xarici siyasətinin hədəflərini müəyyənləşdirmiş, dövlətin suverenliyi, davamlı barışın bərqərarar olması, millətin tərəqqiyə və gələcəyə boylanması üçün əsas prinsipləri çərçivəyə salmışdı. Məhz bu rakursdan baxdıqda Prezident İlham Əliyevin sözügedən nitqinin "Misak-ı Milli” ruhu daşıması ilə bağlı sözümüz əsla qəribçiliyə salınmamalıdır. Budur, qətiyyətlə Qarabağda ikinci dövlətinin mövcudluğu ilə barışmadığımızı, ölkəmizin ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını, torpaqlarımızı işğaldan azad etmək üçün Ermənistanı hər sahədə sıxışdırdığımızı söyləyən Azərbaycan Prezidenti sözlərinə belə davam edir: "Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Xatırlayaq, "Misak-ı Milli”nin əsas tezisləri həmin sənəd 1920-ci ilin fevralında Məclis-i-Məbusanda qəbul edilməzdən nə az-nə çox, düz 13 il öncə Mustafa Kamal paşanın düşüncəsində formalaşmış, qələmə alınmış və sonda təkcə Türkiyə üçün yox, dünya tarixi üçün böyük önəm daşıyan pakta çevrilmişdi. XVIII əsr fransız mütəfəkkiri Ş. Monteskyö haqlı idi, gedəcəyi yönü bilməyənlərə külək yardım etmir. Əksinə, məhz gələcək haqqında aydın təsəvvürləri, parlaq ideyaları olan liderlər toplumdan aldığı dəstəklə sabaha yelkən aça, təmsil etdiyi xalqı zamanın fırtınalarından qoruyaraq tərəqqiyə qovuşdura bilirlər. Mustafa Kamal Atatürk də, Heydər Əliyev də məhz bu səbəbdən tarixin yaddaşında və müasirlərimizin qəlbində Ulu Öndər olaraq yaşayır, yaşayacaq.

Diqqət edin, istər bizim babalarımızın qurduğu Səfəvilər, istərsə də qardaş Türkiyəlilərin sələfi olan Osmanlıların tarix səhnəsindən silinməsinin alt qatında hər iki imperiyanın donanma dövlətinə çevrilə bilməməsi amili dayanırdı. Osmanlılar bu istiqamətdə zaman-zaman bəzi nəticəsiz addımlar atmış, lakin donanma dövlətinə çevrilmənin əhəmiyyəti Səfəvi sarayında heç zaman xüsusi aktuallıq qazana bilməmişdi. Çağdaş Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin irsini həm genetik, həm də siyasi baxımdan yaşadan İlham Əliyev isə öz yüksək tarix bilinci ilə yeni əsrin qlobal çağırışlarına adekvat reaksiyalar verir, Azərbaycan dövlətçiliyinin çoxəsrlik səhvini aradan qaldırmaq üçün alternativ yollar arayır və layihələr təqdim edir: "Növbəti illərdə önəmli, tarixi nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan- açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik”.

Həqiqət budur ki, Yeni Azərbaycan Partiyasının son qurultayındakı tarixi və konseptual nitqi təkcə növbəti dəfə prezident İlham Əliyevin strateji zəkasının dərinliyini nümayiş etdirmədi, həmçinin Azərbaycan dövlətinin başında çağımızda tez-tez rast gəlinməyən gerçək bir strateqin dayandığını sərgiləmiş oldu. Bir strateqin əsas işinin isə gələcəklə bağlı proqnozlar vermək yox, reallığa əsaslanan təxminlər qarşılığında gələcəyi gətirmək və yönləndirmək olduğunu hansımız bilmirik? Qətiyyətli qərarlara imza atmaq, qeyri-müəyyən vəziyyətlərdən uğurla çıxmaq, tərəfdarlarında güclü iştirakçılıq duyğusu yaratmaq, hədəflərin reallaşdırılmasına öncüllük etmək- bütün bunlar strateji liderliyin əsas göstəriciləri, parametrləridir. Bu parametrlərin hər biri üzrə İlham Əliyevin çoxşaxəli fəaliyyətindən saysız-hesabsız örnəklər təqdim etmək, nümunələr sadalamaq olar. Lakin strateji liderliyin bir özəlliyi də var ki, mövzumuzun ana xəttinə uyğun bir şəkildə onun üzərində xüsusi dayanmaq faydalıdır.

Strateji liderliyin ən başlıca xüsusiyyətlərindən biri vizion yaratmaq bacarığıdır. Vision bir təşkilatın,- dövlət də bir təşkilatdır- hədəfindəki gələcəyin rəsmidir, mücərrəd deyil, obyektivdir. "Gerçəkləşməsini görə biləcəyimiz qədər yaxın, ancaq yeni bir hərəkatın cazibəsini oyandıracaq qədər uzaqdır. Vizion gələcəkdə ola biləcək və ərsəyə gətiriləcək bir vəziyyətin bü gün üçün düşüncə müstəvisində formalaşdırılmasıdır”- mövzu üzrə xüsusi elmi araşdırmalar aparmış P. Heintel termini belə açıqlayırdı. Məşhur yazıçı M. Prust isə obrazlı şəkildə yazırdı: "Bir kəşfə doğru yola çıxmaq üçün yeni mənzərələrə deyil, yeni gözlərə ehtiyac var”. Vizioner gələcəyə yeni gözlə, yeni düşüncə, yeni üsul, yeni vasitələr kompleksində baxa bilən liderdir. Biz bu lideri YAP-ın qurultayında yenidən gördük, yenidən kəşf etdik, onun liderlik potensialının yeni qat və çalarlarınının üzə çıxmasına şahid olduq. Əminliklə söyləmək olar ki, Azərbaycan lideri vizion yaratmaq bacarığını çox mükəmməl bir şəkildə ortaya qoydu və ölkəmizi, biz vətəndaşları yeni hədəflərə, böyük gələcəyə səslədi. Dövlət başçısı Azərbaycanın böyük gələcəyə gedən yolunu isə belə təsvir etdi: "Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik”.

Vizioner lider üçün üç başlıca roldan birincisi YOLU GÖRMƏKDİR. Gələcəklə bağlı ideyaları, layihələri olan liderlər daim yol arayışında və müxtəlif yollar arasından ən qısa, ən təhlükəsiz, ən rahat olanını seçmək qayğısındadırlar. Çünki bu tip liderlər intellektual və emosional baxımdan gələcəyin üfüqünü açır, xəritəsini hazırlayırlar. Dövlət başçısının yuxarıdakı sitatından da aydın gördüyümüz kimi, yol seçilib. İkincisi, YOLDA YÜRÜMƏK gərək. Bu gün Azərbaycanda, məsələn, cəmiyyətimizin müasirləşməsini bir yol kimi görən və göstərən az siyasətçi yoxdur, lakin İlham Əliyevdən fərqli olaraq onlar bu yolda yürüməyi bacarmır, büdrəyir, yıxılır və azırlar. Ənənəvi müxalfiətin "Milli Şura” adlanan marginal qurumunu gözümüzün qarşısında bu cür yolunu azmış "siyasətçi”lər yaratmışdı və hazırda onlardan xeylisi yenə orada qalır, adlarını bir-bir çəkməyə lüzum yoxdur. Nəhayət, bir vizioner liderin ən mühim özəlliyi YOLUN ÖZÜ OLMAQDIR, çünki lider təqdim etdiyi viziona çatmaq üçün fərdləri, vətəndaş qruplarını öz arxasınca apara bilməlidir. Başqa sözlə, yol olmaq- yol açmaq deməkdir! Yol olmaq özü-özlüyündə liderdən ciddi fədakarlıqlar tələb edir, onun böyük əziyyəti, zaman-zaman riskə getməsi bahasına başa gəlir, lakin xalq həmin liderin açdığı yoldan güvənlə keçərək tarixi təntənənin yaranmasında iştirak edir. Odur ki, 11 aprel seçkilərində xalqımızın İlham Əliyevin Azərbaycanı 21-ci əsrin qüdrətli dövlətlərindən birinə çevirmək üçün açdığı yolla irəliləmək əzmini nümayiş etdirməsi həm də bu güvənli yürüş üçün zəruri olan sabitliyin davamına dəstək xarakteri daşıyacaq. Azərbaycanda hər bir məsuliyyətli vətəndaş fərqindədir ki, milli rifah və tərəqqinin, bunun üçün zəruri olan insan kapitalının inkişafının zəmini sabitlik, sabitliyin zamini İlham Əliyevdir. Prezident özü demişkən: "Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir” .
Böyük Britaniyanın əfsanəvi Baş naziri U. Çörçillin hərbi istedadı və səriştəsi İkinci Cahan Savaşında ingilislər və bütövlükdə dünya üçün çox işə yaramış, faşizm üzərində qələbənin əsas faktorlarından biri olmuşdu. Lakin dünya tarixinin ən çox öyrənilmiş simalarından olan Çörçill öz şəxsiyyətini bəlli bir çərçivə saxladığı üçün savaşdan sonrakı İngiltərə üçün cazibədar projelər təqdim edə bilməmişdi. O sadə səbəbə görə ki, yalnızca bəlli bir sahədə dərin biliklərə və böyük təcrübəyə malik olmaq, hətta karyerasının bir dönəmində böyük işlər görmək bütün dövrlərdə uğur qazanmağı şərtləndirmir. "Əgər bir şey qırılmayıbsa, təmirə ehtiyac yoxdur”- bu, ilk baxışdan praqmatik görsənsə də, uzun vədədə fəsad törədə biləcək yanaşmadır və Burnsun "Liderlik” adlı öz məşhur əsərində transaksionallar adlandırdığı tiplərin fəaliyyət düsturudur. Belə bir düsturla çağımızda uğur qazanmaq müşkül məsələdir. Sadəcə, Azərbaycan deyil, post-sovet respublikaları deyil, bütün dünya transformasiya mərhələsində yaşayır. Bu mərhələdən məhz o xalqlar uduşlu çıxacaqlar ki, gələcəyin qapısını çağdaş dünyanın elmini, mədəni və universal dəyərlərini, inkişaf meyilini dərindən mənimsəmiş, özünü mütamadi olaraq yeniləyən liderlərlə aralayırlar. Çünki tarix- millətə məxsus bir şeyin qırılması yox, qurulması üzərində düşünən liderlərin kütlələrə təsiri ilə təşəkkül tapır. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin nitqindən təqdim etdiyimiz aşağıdakı parça son dərəcə önəmlidir:

"İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək”.
Bu prioritet İlham Əliyevin siyasi liderlik potensialının müasir gözləntilərə nə qədər adekvat olduğunu və onun təqdim etdiyi vizionun nə qədər hərtərfəli hesablandığının ifadəsidir. Hesablamanın hərtərəfli, bütün incəliklər nəzərə alınmaqla aparılması onu təsdiq edir ki, İlham Əliyev yeni dönəmdə üzərinə götürdüyü məsuliyyəti təfsilatı ilə hiss edir. Məsuliyyətdən çəkinməmək bir siyasi liderdə aranan ən başlıca özəllikdir. İqtisadi və siyasi münasibətlərin qarmaqarışıq hala gəlməsi, əhali artımı, həyat tərzlərinin və dəyərlərin fərqliləşməsi kimi çoxsaylı səbəblər üzündən qloballaşan dünyada lider olmaq, bir xalqın məsuliyyətini daşımaq əvvəlki zamanlarla müqayisədə daha çətindir. Bu problemlər liderlərdən öz cəmiyyətləri ilə qarşılıqlı əlaqələri mümkün qədər sıx və açıq qurmağı tələb edir. Odur ki, İlham Əliyevin cəmiyyətə yüksək təsir gücünün "arxa planı”na nəzər salmaq yerinə düşər.

Hər şeydən öncə İlham Əliyevin bir şəxsiyyət olaraq bütün davranışları onun alicənab və nəzakətli olmasına inam yaradır, insanlara güvən aşılayır, haqqında müsbət təəssüratlar formalaşdırır. İlham Əliyev istər hakim elitada, istərsə də xalq arasında təmkinli və istiqanlı adam kimi qarşılanırsa, bir siyasətçi kimi qərarları soyuq başla, aldığı informasiyaları analitik süzgəcdən keçirərək qəbul etdiyi, qəbul etdiyi qərarların həyata keçməsi üçün iradə və cəsarət sərgilədiyi müşahidə edilir. Bir sözlə, İlham Əliyev öz davranışları ilə örnək olmağı bacarır. İkincisi, İlham Əliyev auditoriyanın nəbzini tutmağı, cəmiyyətin hiss və düşüncələrini oxumağı, ictimai rəyi yönəltməyi, vətəndaşları motivasiya etməyi ustalıqla bacarır. Üçüncüsü, İlham Əliyev cəmiyyətdən gələn təklif və təşəbbüsləri hər zaman diqqətə alır, yeni fikirlərə həssas yanaşır. Dördüncü mühim amil isə İlham Əliyevin ona müraciət edən hər bir fərdin probleminə empatik münasibət bəsləməsidir. Bütün bunlar isə C. Bernsin transformasional liderlər adlandırdığı, B. Bassın isə xüsusi nəzəriyyə həsr etdiyi şəxsiyyətlərə məxsus keyfiyyətlərdir.

Transformasional liderlər adətən:
- Açıq və cəlbedici vizion təqdim edir;
- Vizionu gerçəkləşdirmək üçün strategiyalar hazırlayır;
- Təqdim etdiyi vizionu cəmiyyətə izah edir və populyarlaşdırır;
- Elan etdiyi vizionun gerçəkləşməsinə nail olmaq üçün sistemli fəalyyət göstərir, qətiyyət və fədakarlıq sərgiləyirlər.

Azərbaycan İlham Əliyevin şəxsində belə bir liderə malik olduğu və ona davamlı etimad göstərdiyi üçün addım-addım haqq etdiyi zəfərə yaxınlaşır və nüfuz uğrunda mübarizələrin caynağından çıxıb öz təsirini yayan dövlətə çevrilir.