Fazil Mustafa ilə Ərəstun Oruclu Facebook-da dalaşdı

Milli Məclisin üzvü Fazil Mustafa ilə tanınmış siyasətçi Ərəstun Oruclu arasında qalmaqal düşüb. Facebook sosial şəbəkəsində başlanan status qalmaqalı qarşılıqlı ittihamlarla böyük səs-küyə səbəb oldu. Modern.az-ın məlumatına görə, politoloq Ərəstun Oruclunun öz profilində Fazil Mustafa ilə bağlı status yazması deputatı əməlli-başlı qıcıqlandırıb. Ə.Oruclunun haqqında yazdıqlarına cavab olaraq millət vəkili daha sərt ittihamlar səsləndirib.

Siyasətçilərin facebook qalmaqalı belə başladı:

"Ərəstun Oruclunun nə qədər keyfiyyətsiz birisi olduğuna bir daha əmin oldum"

Fazil Mustafa:

"Ərəstun Oruclu adlı köhnə tanışlarımızdan biri öz səhifəsində bizim fikirlərimizi təhrif edərək müzakirəyə çıxarmış və Azərbaycanın bəlkə də ən iyrənc adamları ilə birlikdə özü də geniş təhqir kampaniyası keçirmişdir. Mən köhnədən münasibətim olan insanlarla hər zaman insan münasibətlərində siyasi görüşlərimizin fərqli olmasına rağmən səmimiyyəti qorumağa üstünlük verirəm. Orada təhqiramiz şərhlər yazan adamların hamısının bütün meyarlar üzrə aşağılıq varlıqlar olduqlarını istənilən debatda və ya söhbətdə ortaya qoyacağımdan da əminəm. Bununla belə sosial şəbəkədən bir məsələdə xoşum gəlir ki, buradakı mövqelərdən bəzilərinin, o cümlədən Ərəstun Oruclunun nə qədər keyfiyyətsiz birisi olduğuna bir daha əmin oldum. Hər şeyin doğrusunu Allah bilir"

Deputatın bu statusuna Ərəstun Oruclunun cavabı gecikmədi:

"Fazil Mustafa hamını "səviyyəsiz", "keyfiyyətsiz" adlandırır, bəs özü kimdir?

Ərəstun Oruclu:

""Bu şəhərdə"nin aktyorlarından, minlərlə tamaşaçılarından tutmuş mənədək hər kəsi "səviyyəsiz", "keyfiyyətsiz" adlandıran və öz şəxsiyyəti üzərində bu qədər həssaslıqla əsən Fazil bəyin buna ciddi ehtiyacı olduğu görünür. Başqalar haqda belə ifadələr işlədərkən Fazil Mustafa bilməlidir ki, adekvat da cavab alacaq. Fazil bəyin də qeyd elədiyi köhnə tanışlığı nəzərə alaraq, mən hələlik adekvat cavabdan çəkinməyə üstünlük verirəm və həm də buna ehtiyac duymuram. Çünki siyasətdə, ictimai həyatda olanların bir-birinin keyfiyyətini müəyyənləşdirməsinə ehtiyac yoxdur, bunu kənardan baxan insanlar daha yaxşı, daha obyektiv şəkildə edə bilirlər. Ümumiyyətlə isə, Fazil bəy məncə aktyorlarla, sosial şəbəkələrdə şərh yazanlarla mübahisələrə vaxt ayırmaqdansa, üzvü olduğu parlamentdə qanunvericiliklə məşğul olsaydı, bu daha səmərəli fəaliyyət olardı. Əgər orda belə bir fəaliyyətə icazə və imkan verilirsə əlbəttə"

Siyasətçilərin status qalmaqalı izləyici şərhlərində daha kəskin şəkildə davam edir.

AzNews.az