04:14
(077) 610-22-33

“Xocalı aeroportu sülhə kömək etməyəcək”

  • >
304 7 Mart 2013 13:40 | Siyasət

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində Xocalı aeroportunun açılmasının qeyri-qanuni olması ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (AAC) geniş məlumatlandırma kampaniyası aparır



APA-nın məlumatına görə, bu kampaniya çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyi Xocalı aeroportunu açılmasının Çikaqo Konvensiyası və Beynəlxalq mülki aviasiya hüququna zidd olduğu üçün açılmasına yol verilməməsinin əhəmiyyətini vurğulayaraq, Avropanın müxtəlif maraqlı tərəflərinə müraciət edib.

Avropa Azərbaycan Cəmiyyətinin bu müraciətlərinə bir sıra rəsmi orqanlardan, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozodan da cavab gəlib.
Prezident öz məktubunda xüsusi olaraq qeyd edib ki, sülh prosesində nailiyyət əldə etmək üçün gərginliyə yol aça biləcək səbəblərdən uzaq durmaq vacibdir: "Xocalı aeroportuna gəldikdə isə, Avropa Birliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2011-ci ilin apreli və 2012-ci ilin iyulunda verdiyi bəyanatları dəstəkləyir. Onlar bu aeroportun fəaliyyətinin gərginliyi artıra biləcəyinə dair öz narahatlıqlarını ifadə ediblər. Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək və Avropa Birliyi hər iki tərəfi məsələnin danışıqlar yolu ilə həllini axtarmağa çağırır".

Cavab məktubunda bildirilir ki, Avropa Birliyi hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində və öz əraziləri üzərində həyata keçirdikləri uçuşların cari təcrübəsinə uyğun olaraq hərəkət etməyə dəvət edib. Prezident ən inandırıcı şəkildə şərtlər qoymaqla belə davam edib: "Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz".

Avropa Azərbaycan Cəmiyyəti belə dəstəkləyici bəyanatlara əsaslanaraq, Ermənistanın yeni seçilmiş lideri Serj Sərkisyana Ermənistanın ATƏT və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında öz öhdəliklərini yerinə yetirməsi və işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq aeroport açılmamasına dair təminat verməsi barədə diplomatik yol ilə təzyiq göstərilməsi üçün Avropa Birliyinə və beynəlxalq aləmdəki bütün aparıcı qüvvələrə müraciət edib.

AzNews.az
Bağla X