DİN Ələkbər Məmmədovun mühacirətinə reaksiya verdi

Xəbər verdiyimiz kimi hüquq müdafiəçisi Ələkbər Məmmədov Azərbaycanı tərk edib. Ələkbər Məmmədovun Azərbaycanı tərk etməsinə səbəb kimi bir müddət öncə dünyasını dəyişmiş Milli Ordunun əsgəri İbayevin daxili orqanlarının yoxa çıxması ilə bağlı araşdırmalarına görə, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən hədələndiyi bildirilir.

Hüquq müdafiəçisinin mühacirəti ilə bağlı "Qafqazinfo"nun sorğusuna Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cavab verib. Nazirlik təmsilçisi bu xəbəri oxuyanda xeyli təəccübləndiklərini bildirib: "Ələkbər Məmmədova guya təzyiqlər edildiyi və hətta onun hədələndiyinə görə ölkəni tərk etdiyi barədə məlumatları oxuyanda xeyli təəccübləndik. Axı Ələkbər Məmmədovu kim hədələyib, ona kim təzyiqlər edib? Bunlar yalandır. Əgər belə bir şey olsaydı qarışqadan fil düzəldən Ələkbər Məmmədov çoxdan onu "hədələyənlərin" adını mətbuatla bir edərdi. Əgər bu adam əsgərlərin daxili orqanlarının çıxarılması ilə bağlı böyük yalan uydura bilirsə, nədən ona qarşı edilən hədələrin mahiyyətini açıqlamadı? Hansı ki, o guya əsgərlərin daxili orqanlarının çıxarıldığını və bunun oliqarxlara lazım olduğu barədə cəfəngiyat uydurmuşdu. Buna görə də Müdafiə Nazirliyinin tibbi-ekspertiza idarəsinin rəisi hüquqi çərçivədə onu məhkəməyə verdi. Bir də ki, məhkəməyə vermək nə vaxtdan hədə saylır? Digər tərəfdən Ələkbər Məmmədov həmin fikirləri işlətdiyi "faktxəbər.kom" saytında bu günlərdə təkzib verərək üzr istədi. Əgər bu adam üzr istəyibsə və səhvini boynuna alıbsa, niyə ona təzyiqlərlər edilməlidir? Bunlar hamısı xarici havadarlardan sığınacaq almaq üçün qəsdən həyata keçirilmiş fəaliyyətdən başqa bir şey deyil. Ələkbər Məmmədovun son addımı köhnəlmiş və dəfələrlə çoxları tərəfindən həyata keçirilmiş bir taktikadırr. Ələkbər Məmmədov da bu taktikadan faydalandı. Bəlkə də dəfələrlə mətbuatda getmiş və hər dəfə də cavab verilmiş köhnə məsələləri qabardıb süni gərginlik yaratmağa çalışan Yaşar Cəfərli də sabah Ələkbər Məmmədovun yolunu gedəcək. Yəni Yaşar Cəfərli günlərin bir günü yaratdığı süni gərginliyin fonunda ona təzyiqlər edildiyini və buna görə də sığınacaq almağa məcbur olduğunu desə kimsə təəccüblənməsin. Bütün bu variantlar artıq keçmir və cəmiyyət hər şeyi çox gözəl bilir".

AzNews.az