05:16
(077) 610-22-33

Sarkisyanın iki pərdəlik pyesinin ilk pərdəsi bitdimi?.. - Hüseynbala Səlimov yazır

  • >
16 576 5 Mart 10:23 | Siyasət

Politoloqlar siyasətə və xüsusən də geosiyasətə tətbiqən “teatr” kəlməsini işlədərkən bunda hansısa ironik məna nəzərdə tutmurlar, ona görə ki, “hərbi teatr”, “geosiyasi teatr” və s. kimi ifadələr kifayət qədər işlək və məzmunlu anlayışlardır.

Amma bir çox hallarda siyasətdə məqamlar da olur ki, sözün hərfi mənasında “teatr” anlamına gəlir. Elə siyasət olur ki, hətta ötəri bir diqqət səndə belə təsəvvür yaradır ki, Vallah, bu lap bir “aktyorun teatrı” kimi şeydir və yaxud da elə məqamlar olur ki, görürsən ki, əməlli–başlı, lap əsl mənada “teatr” gedir və hamı rolunu oynayır...

Bir müddətdir ki, Ermənistanda cərəyan edən hadisələrə baxanda da ağlımıza gələn ilk söz “teatr” olmuşdu, ona görə ki, bu ölkənin birdən-birə durub öz siyasi modelini dəyişməsinin heç bir obyektiv əsasları və ya bunu zəruri edən səbəbləri yox idi. Orta statistik erməni üçün nə fərqi var ki, ölkədə prezident idarəçiliyidir, yoxsa parlament? Həmin orta statistik erməni daha çox onun hayındadır ki, imkan tapıb bu lənətlənmiş ölkəni tərk etsin, onun yükünü və məsuliyyətini başqalarının üstünə atıb, cəhənnəm təəssüratı yaradan ölkədən birdəfəlik canını qurtarsın...

Ona görə də təkrar-təkrar bir fikrə qayıtmaq lazım gəlir ki, bütün bunlar Serj Sarkisyanın və hərbi-kriminal Qarabağ klanının oyunu idi- hakimiyyət bunlara artıq o qədər şirin gəlir ki, bunun üçün ölkənin siyasi sistemini dəyişməkdən belə çəkinmirlər.

Budur, artıq demək olar ki, istədiklərinə çatıblar da; Serjik birinci mərhələni başa vura bildi, eyni familiyalı dostunu özünün hazırladığı ən oyuncaq vəzifəyə gətirə bildi - Aram Sarkisyan Ermənistanın ilk oyuncaq prezidenti oldu, özü də alternativsiz-filansız. Durub burada yenidən teatr sözünü xatırlamayasan, nə edəsən? Burada bir “aktyorun teatrı” ifadəsini yada salmayasan, nə edəsən?

Təsəvvür edin ki, yeni prezidentlik institutu o qədər səlahiyyətsiz, simvolik bir institutdur ki, prezidenti hətta Milli Təhlükəsizlik Şurasının tərkibinə qatmağı da nəzərdə tutmurlar! Bütün səlahiyyətlər baş nazirin əlində cəmləşəcək və elə ali baş komandan da o olacaqdır. Bu vəzifəyə isə bir daha deyirik ki, əsas iddiaçı Serj özüdür.

İndi çox qalmayıb, artıq aprelin 9-da ölkə siyasi modelini dəyişərək rəsmən parlament idarəçiliyinə qədəm qoyur. Təxminən ay yarımdan sonra, aprelin 17-də baş nazir məsələsi də həll olunacaq, maya qədər isə bütün bu proseslərin yekunlaşması və hökumətin qurulucağı gözlənir.

Bəziləri deyir ki, Ermənistanda etirazlar istisna olunmur. Ola bilər. Amma bu məsələ bir neçə il bundan əvvəl həll edilib, etiraz olsaydı, elə o vaxt olardı. Bəli, ola bilsin, beş-üç adam Baqramyan prospekti boyunca o yan-bu yana addımlayacaq, böyük hesabla isə elə bir dəyişiklik və ya inqilab olmayacaq.

Elə Qarabağ hərbi-siyasi teatrında da ciddi təbəddülat görünmür. Daha doğrusu, Ermənistanda quldur siyasi klan hakimiyyətdə qaldığı üçün siyasi müstəvidə nəsə ciddi bir dəyişiklik proqnozlaşdırılmır; Serjik yenə axmaq ritorikasını davam etdirəcək, nə deyəcək, nə deməyəcək – artıq bu, hamıya bəllidir.

Güman ki, yenə Dağlıq Qarabağa bəribaşdan böyük status tələb edəcək; elə status ki, o, heç Ermənistanın özündə yoxdur. Bunların sərsəmliyi də elə bundadır. Bu adamlara demək lazımdır ki, əvvəl Ermənistanı müstəqil edin, sonra Dağlıq Qarabağ haqqında düşünün...

Mümkündür ki, hərbi müstəvidə yenidən qarşıdurma yaransın və hətta lokal toqquşmalar olsun. Açığı, iki il bundan əvvəl, Aprel döyüşləri zamanı Azərbaycan ordusundan ilk ciddi “yumruq” alandan sonra İrəvan hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil, çünki onlar üçün ən əsası, işğal etdikləri əraziləri saxlamaqdır. Bu ərazilər onlara əlavə təzyiq faktoru kimi, həm də siyasi “torq” üçün lazımdır.
Rusiya amilindən də çox şey asılıdır. Lap açığı, Qarabağdan danışanda gərək, Rusiya-Ermənistan cütlüyündən bəhs edəsən, çünki neçə illərdir ki, bu cütlüyə qarşı dayanmışıq və uğurumuz da o vaxt başlayacaq ki, bu zəncir çat versin və çütlük arasındakı rabitə ciddi şəkildə sarsılsın.

Bu, nə vaxt olacaqdır və ya hansı şəraitdə mümkündür – təəssüf ki, bu haqda konkret söz demək hələ çətindir. Ona görə ki, Rusiya özü də yenidən Şimali Koreya kimi rejimə çevrilir. Bunu praqmatik rusların özləri açıq etiraf edirlər. Deyirlər ki, Şimali Koreya rejimi dünya üçün necə problemdirsə, biz də eləyik, heç kim Rusiyanın iqtisadi-texnolji sıçrayış etməsindən, irəli getməsindən ehtiyat etmir, çünki bu müstəvidə Moskva əbədilik geri qalıb.

Hamını qorxudan bunların nüvə başlıqlarıdır və elə rusların özlərinə güvənc verən də yenə həmin o başlıqlardır ki, indi onları dünyanın istənilən nöqtəsinə çatdıra biləcəklərilə öyünürlər. Amma elə bir məqam yetişir ki, bir ölkənin cəmiyyəti hara nüvə başlığı göndərmək haqda deyil, haradan taxıl gətirmək barədə düşünür. Hər halda, belə vəziyyət ruslara tanış olmalıdır...

Qərəz, vəziyyət belədir. Ermənistan da köpək sahibinə baxıb qürurlandığı kimi Moskvaya baxaraq atılıb-düşür. Serjik qeyzlənərək hətta Sürix protokollarını da ləğv etdi. Üstəlik, Tiflis istiqamətində möhkəmcə vurnuxurlar, çünki coğrafi izolyasiya bunları yamanca sıxır. Biz də gərək, boş dayanmayaq, Tiflis rəsmilərinin də yadına bəzi şeyləri salaq – axı siyasətçi tayfası həmişə unutqan olur...

Bağla X