N.Makiavellinin belə bir fikri var:”Müharibədən qaçmaq olmur. Onu yalnız təxirə salmaq olur ki, bundan da yalnız düşmən tərəf faydalanır”... N.Makiavellinin belə bir fikri var:”Müharibədən qaçmaq olmur. Onu yalnız təxirə salmaq olur ki, bundan da yalnız düşmən tərəf faydalanır”...

Qarabağda növbəti Aprel gözlənilirmi?

N.Makiavellinin belə bir fikri var:”Müharibədən qaçmaq olmur. Onu yalnız təxirə salmaq olur ki, bundan da yalnız düşmən tərəf faydalanır”...

Təbii ki, biz orta əsrlərin ilk ən böyük hərbi-siyasi starteqinin fikirlərindəki kateqorikliyi bölüşmürük. Müharibə o vaxt qaçılmaz olur ki, bütün siyasi və diplomatik təsir üsulları tükənir. Bəlkə də bunu nəzərə alıb geopolitikanın banisi K.Klauzevits yazırdı ki, müharibə də siyasətin bir növ davamıdır, amma bir qədər fərqli üsullarla davamıdır...

Bilirisinizmi, bunları niyə deyirik və bizi ən çox düşündürən məqam indi nədir? Əksər təhlilçilərin, müstəqil və qeyri-müstəqil siyasət adamlarının rəyi budur ki, Dağlıq Qarabağ problemində də siyasi və diplomatik təsir üsulları tükənib, əks təqdirdə, problem on illərlə dalana dirənmiş halda qalmazdı.

Düzdür, Minsk Qrupunun həmsədrləri bu cür fikirləri bölüşmürlər və həmişə daha nikbin görünməyə çalışırlar ki, bəs proses davam etməlidir, ən nəticəsiz danışıqlar belə, yenə də müharibədən yaxışıdır və s.

Amma onların “nikbinliyi” indiyədək nəyi həll edibdir ki, biz də durub bu adamlara qoşulaq? Digər tərəfdən, bunlar bir yandan B.Saakyan kimi separatçı – canilərin şərəfinə ziyafətlər verir, o biri yandan da guya, bizə dəstək verdiklərini və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini deyirlər! Əslində isə bu ölkələrin özləri, həmin Minsk Qrupu problemin həlli yolunda elə ən böyük problem deyilmi?

Minsk Qrupu on illərdir, guya, problemin həlli ilə məşğuldur. Amma onların səyilə hələ bu vaxta qədər on qarış torpaq azad edilməyibdir və heç ümid də yoxdur ki, məsələ tamam onların öhdəsinə qalarsa, bundan sonra nəsə bir irəliləyiş olacaq. Halbuki iki il bundan əvvəl ordumuz bir neçə gün ərzində bir nəçə strateji əhəmiyyətli mövqeyi, bir neçə strateji yüksəkliyi ələ keçirə bildi.

Bir daha deyirik ki, Minsk Qrupu problemin həlli yolunda maneədən başqa bir şey deyil, özü də əməlli-başlı maneə. Hamıya aydındır ki, Ermənistanı konstruktiv danışıqlara məcbur etmək üçün ona qarşı siyasi-iqtisadi sanksiyalar, hətta lazım gələrsə, hərbi təzyiq üsulları tətbiq etmək lazımdır, çünki təcavüzkar “mən ölüm, sən ölüm” deməklə və ya xahiş-minnət etməklə, geri çəkilməyəcəkdir.

Əslində bu iş hazırda qismən də olsa, görülür. Bu işi Türkiyə ilə Azərbaycan birgə həyata keçirir. Qeyd etmək lazımdır ki, bu tədbirlər artıq nəticəsini də göstərməkdədir; ermənilər günbəgün necə çıxılmaz vəziyyətdə olduqlarını daha yaxşı hiss etməyə başlayırlar. Özləri də anlayır ki, artıq coğrafi izolyasiyaya yaxın bir vəziyyətdədirlər.

Əgər İran və Gürcüstan da Bakının və Ankaranın bu siyasətinə dəstək verərsə, o halda Ermənistanın halı daha acınacaqlı olar və o, çox qısa müddətdə çökər. Düşünürük, bizim siyasət və diplomatiya adamlarımız bu istiqamətdə daha intensiv işləməlidirlər ki, Tiflislə Tehranı da prosesə daha fəal cəlb etmək mümkün olsun.

Bir az əvvəldə dedik ki, sonuncu təzyiq üsulu artıq hərbdir. Özünün ərazi bütövlüyünü təmin etmək Azərbaycanın suveren haqqıdır. Məsələn, bu gün qardaş Türkiyənin Afrndə apardığı əməliyyatlara baxanda, hətta zəif ölkə olan İraqın kürdlərin referendumuna necə hərbi təpki göstərdiyini yada salanda, yaxud da demokratik İspaniyanın katalon separatistlərilə necə davrandığını yada salanda, bir daha deyirsən ki, bəli, Dağlıq Qarabağdakı erməni özbaşnalığına son qoymaq bizim də suveren dövlət olaraq haqqımızdır.

Amma kiçik və gənc, bir o qədər də güclü geosiyasi əzələləri olmayan dövlətlərə münasibətdə dünya gücələri təəssüf ki, bu haqqı tanımaq və onu etiraf etmək istəmirlər – özləri ölkələrindən min kilometrlərlə uzaq yerlərdə müharibə aparırlar, amma on illərdir, bizim başımızı tovlayırlar ki, bəs, Qarabağ problemi sülh yolu ilə həll olunmalıdır!

Elə bu səbəbdən də deyirik ki, biz hərbə müraciət edəndə buna qarşı ilk bəyanatı verən məhz həmin həmsədr ölkələr olacaqlar.

Xüsusən də Rusiyadan və onun problemə münasibətindən çox şey asılıdır. Amma bu müstəvidə də çox maraqlı proseslər gedir. Məsələn, yaxınlarda KTMT-nın qərargah rəisi dedi ki, Dağlıq Qarabağda müharibə başlayarsa, bizim qurum separatçılara yardım etməyəcəkdir.

Bir başqa işarə Kremlin ideoloqlarından birindən – politoloq A.Duqindən gəldi. O, da beş Azərbaycan rayonunun qaytarılması ilə bağlı sənədin mövcud olduğunu dedi. Düşünürük, bu da Kremlin işarəsi idi.

Üstəlik, Moskvanın S.Sarkisyanı sıxdığı da duyulur, hətta belə fikirlər var ki, Serjikə baş nazir olmaq qismət olmayacaqdır. Qərəz, ehtimallar və gümanlar, fərziyyələr çoxdur. Sadəcə, diplomatlarımız vəziyyəti ciddi şəkildə araşdırmalı və siyasətçilərimizə daha düzgün və adekvat qərarlar çıxarmağa kömək etməlidirlər...

Hüseynbala Səlimov
AzNews.az