Bayram günlərinin ən çox maraq doğuran xəbərlərindən biri heç şübhəsiz ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun yeni hökumətdə təmsil olunmağayacağı, ümumiyyətlə, diplomatiya ilə vidalaşacağı haqqındakı informasiyalar oldu. Bayram günlərinin ən çox maraq doğuran xəbərlərindən biri heç şübhəsiz ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun yeni hökumətdə təmsil olunmağayacağı, ümumiyyətlə, diplomatiya ilə vidalaşacağı haqqındakı informasiyalar oldu.

Lavrov vəzifəsindən gedərsə...

Bayram günlərinin ən çox maraq doğuran xəbərlərindən biri heç şübhəsiz ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun yeni hökumətdə təmsil olunmağayacağı, ümumiyyətlə, diplomatiya ilə vidalaşacağı haqqındakı informasiyalar oldu.

Hələ Rusiyanın rəsmi qaynaqları tərəfindən təsdiqlənməsə də çoxunda belə fikir yarandı ki, iki rəqib ölkənin hər ikisi – ABŞ xarici siyasət idarəsini biznesmendən kəşfiyyatçıya təhvil verməklə, Rusiya da S.Lavrovu başqası ilə əvəzləməklə diplomatiyada yeni bir səhifə açmaq niyyətindədirlər.

Sözsüz ki, xarici siyasətin ən əsas orientirlərini prezidentlər müəyyən edir və buna uyğun da baş diplomat arayırlar. Amma birinci diplomatlar özləri də bütün məsələlərdə olmasa da, hər halda, bəzi məsələlərdə öz yanaşmalarını, simpatiya və antipatiyalarını əks etdirə bilirlər.

Təsadüfi deyil ki, S.Lavrov da azərbaycanlıların yaddaşında iki əsas məsələ ilə qaldı. Həmin məsələlər gündəmə gələndə nəinki adi insanlar, hətta siyasi təhliçilər də çox ciddi şəkildə, üstəlik, bəlkə ilk dəfə olaraq Kremlin baş diplomatının bioqrafiyası, etnik mənşəyilə maraqlanamağa başladılar...

Qərəz, ötən il Lavrov özünün sevimli kadrlarından birini, ermənilərə simpatiyası ilə seçilən bir nəfəri Azərbaycana səfir təyin etmək istədi. Di gəl, Azərbaycan hökuməti operativ şəkildə bunun qarşısını aldı və onun kadrına aqreman vermədi.

Daha bir detalsa budur ki, Lavrov bir dəfə “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyildir!” demişdi. Onun bu bəyanatı da geniş etirazlara səbəb oldu; jurnalistlər bu haqda yazdı, diplomatlar və ya bu sferaya yaxın insanlar məsələ ilə bağlı fikirlərini bildirdilər.

Fəqət, artıq bütün bunlar keçmiş kimi yadda qalmağı vəd edir. Amma yadda qalmağı vəd edən bir ifadə də var – “Lavrov planı”. Ermənilər daim buna ironiya edirdilər ki, əslində reallıqda heç bir “Lavrov planı” – filan yoxdur.

Amma müəyyən proses vardı axı! Diploamtlar xeyli fəallaşmışdı, həqiqətən də “mərhələli həll” variantı ilə “paket variantı”nı birləşdirən yeni layihə meydana çıxmışdı, hətta bunun bir maddəsi-“ aralıq status” məsələsi tərəflər arasında fikir ayrılığına səbəb olmuşdu. Düzdür, bunu da artıq keçmiş kimi qəbul etmək olar. Amma elə bu yaxınlarda Kremlin daha bir adamı, politoloq A.Duqin də beş rayonun qaytarılması haqqında sənədin stol üstündə olduğunu bildirmədimi?

Qərəz, bütün bunlar bir daha deyir ki, yaxın bir tarix də ola bilər və yaxud da yeni nazirin gəlişilə təkrar, artıq başqa adla aktuallaşa da bilər. Bəs həmin yeni adam kim olacaq? Təəssüf ki, bu haqda bəlkə də yalnız Rusiyanın xarici siyasət idarəsinin dəhlizlərində söhbət gedir...

Qlobal miqyasdan yanaşanda ən əsası heç bilirsinizmi, nədir? Hər iki ölkədə - ABŞ-da, elə Rusiyada da siyasətin birinci adamları öz yerlərində qalırlar; ABŞ-da Tramp, Rusiyada isə Putin...

Artıq xeyli müddət keçsə də bu iki adamın əsl münasibətlərinin incəliklərini kimsə bilmir, ABŞ-da bu, yalnız sonuncu seçkiləri araşdıran insanlara, Rusiyada isə bəlkə D.Medvedevə bir az bəllidir.

Düşünürdük, bir tərəfdən ABŞ-dakı sonuncü prezident seçkilərində “Rusiya izləri” haqda səngiməyən söhbətlərə, xüsusən də ki, İngiltərə ilə Rusiya arasında yaşanan sonuncu qalmaqala görə D.Tramp Putini təbrik etməyəcək.

Amma əməkdaşların çoxu V.Putinə zəng etməməyi təkid etsə də və ya heç olmasa, söhbət zamanı S.Skripalov məsələsinə də toxunmağı israr etsələr də, Tramp bildiyini etdi, sadəcə, Putini ürəkdən təbrik etdi və bir daha bəlli oldu ki, R.Tillersonun gedişi belə ABŞ siyasətində biznesmen yanaşmasına son qoyulmayıb, çünki ən birinci biznesmen-siyasətçi hələ də öz yerindədir.

Biznes meyarları ilə yanaşanda ABŞ üçün “təhdid” təbii ki, ac Rusiya deyil, iqtisadi qüdrəti getdikcə artan Çindir. Üstəlik, hamıya aydındır ki, ABŞ-ın hərbi qüdrətinin qarantı onun möhtəşəm iqtisadiyyatıdır. Amma o, da aydındır ki, siyasət sırf iqtisadi meyarlar üzərində qurulmur.

Ona görə də xeyli sual yaranır. R.Tillersonun gedişi və S.Lavrovun gedəcəyi haqdakı xəbərlər iki fövqəl gücün münasibətlərinə, dünyanın sahmanına necə təsir edəcək? Barışıq və ya yeni konfrontasiya nöqtələri hansı müstəvilərdə meydana çıxacaq? Keçmiş sosialist və sovet məkanı ölkələrinə münasibətdə hansı siyasət aparılacaq?..

Bir daha özümüzə qayıtsaq, bizim üçün vacib olan başqa sualdır: S.Lavrovun gedişi Azərbaycana nə vəd edir? Düşünürük ki, bütün hallarda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər indikindən pis olmayacaq.

Birincisi, hakimiyyət yenə də Putindədir. İkincisi, Lavrovun etnik mənşəyi istər-istəməz hamıda şübhə yaradırdı...

İki detalı yazının əvvəlində qeyd etdik. Başqa bir detal isə budur ki, o, Ermənistanın Avropa Birliyilə saziş imzalamasına imkan yaratdı. İndi də yadımızdan çıxmayıbdır ki, Bakını və Minski bunu etməməyə görə tərifləyən, Tbilisini, Kişinyovu və Kiyevi isə Avropaya hədsiz dərəcədə qucaq açmağa görə hədələyən Lavrov Ermənistanın adını heç çəkməmiş və bunun üstündən tam sükutla keçmişdi, halbuki Ermənistan da Birliklə saziş imzalamışdı.

Qərəz, bir daha deyirik ki, Kremllə Bakı arasındakı münasibətlər bütün hallarda indikindən pis olmayacaq. Həm də çox şey V.Putinin gələcək altı ildəki geosiyasi hədəflərindən asılı olacaq.

Məsələn, ermənilər “daha geniş” Avrasiya Birliyindən yazırlar. Burada hətta Türkiyə kimi böyük dövlətin guya, Avrasiya Birliyinə “maraq göstərməsi” haqqında vaxtilə Duqinin və Jirinovskinin dilindən səslənən “ehtimal”ları yada salsaq, ilk baxışda inandırıcı da görünə bilər. Amma yalnız ilk baxışda, çünki ruslar özləri də bir suala cavab verməyə çətinlik çəkirlər: Rusiyanın böyük geosiyasi və geoiqtisadi layihələrin mühərriyi olmaq iqtidarı varmı?..

Hüseynbala Səlimov

AzNews.az