19:53
(077) 610-22-33

2 milyonluq “Facebook inqilabı” realdırmı? - RƏYLƏR

  • >
405 11 Mart 2013 16:09 | Siyasət

Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi "haqqın.az" saytında sensasion məqalə ilə çıxış edib. O ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə "facebook inqilabı"nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Amerika xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan İnstitutun xüsusən də bu regionda müxtəlif siyasi layihələrə fantastik maliyyə vəsaiti ayırdığı bildirilir.

Məqalədə həmçinin Azərbaycanda olduğu üç il ərzində İnstitutun rəhbəri Aleksin yerli banklardan öz hesabından təxminən 2 milyon dollara yaxın pul çıxartdığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı İnstitutun rəsmi saytında heç bir məlumat verilmədiyi qeyd olunur.

"Qafqazinfo" məqalədə qeyd olunan faktlarla bağlı ölkənin tanınmış siyasətçilərinin məsələyə münasibətini öyrənib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bu heç bir əsası olmayan informasiyadır: "Mən 20 ildir ki, həmin institutların fəaliyyəti ilə tanışam. Azərbaycan gənclərinin vətənpərvərlik nümayiş etdirməsini hansısa xarici institutların vasitəsilə həyata keçirilməsini bildirmək milli mövqe hesab edə bilməz. Bu institutun əsgər ölümlərinə son qoyulması ilə bağlı keçirilən aksiyada nə marağı ola bilər ki? Bu çox güman ki, həbs edilən NİDA-çılar ilə bağlıdır. Onların evlərindən deyilən qədər pul tapa bilməyiblər. Ona görə də bu yazıyla onu göstərmək istəyirlər ki, həmin pullar onlara xərclənib".

Müsavat Partiyasının Ali Məclisinin rəhbəri Arif Hacılı qeyd edib ki, bu məlumat inadırıcı görünmür: "ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Milli Demokratiya İnstitutunun fəaliyyətini bərpa etməsi üçün şəxsən İlham Əliyevdən xahiş etməsindən sonra NDİ müxalifət təşkilatları ilə işləmir. Mənə də bu məlumat qəribə göründü. Məsələn, mən bilirəm ki, bu təşkilatın Müsavat Partiyası ilə bir neçə ildir ki, əlaqəsi yoxdur. Bu yazının hansı məqsədlə yazıldığını Eynulla Fətullayevdən soruşmaq lazımdır".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı vurğulayıb ki, Eynulla Fətullayevin yazısını tam olaraq şübhə altına almır: "Amma orda göstərilən faktlar araşdırılacaq. Əgər belə bir şey varsa , biz onu tərəfimizdən qətiyyətlə pisləyirik. Azərbaycanda kimsə inqilab edə bilməz. Sosial şəbəkələr vasitəsilə pul xərcləyib Azərbaycan hakimiyyətinə qarşı inqilab təşkil etmək mənasız bir şeydir. Bu elə səhrada qumun üstünə su tökməyə bənzəyir".

AzNews.az
Bağla X