Əslində bu sualın cavabı olduqca asandır. Bu gün Avropada möhkəm “müxalifətçilik” edənlərin bir qismi siyasi sığınacaq almaq ərəfəsindədir və elə bu səbəbdən də adlarının Azərbaycanda “qatı müxalifətçi” kimi hallanmasında maraqlıdırlar, çünki bu, onların müəyyən prosedurlardan keçməsini asanlaşdırır. Əslində bu sualın cavabı olduqca asandır. Bu gün Avropada möhkəm “müxalifətçilik” edənlərin bir qismi siyasi sığınacaq almaq ərəfəsindədir və elə bu səbəbdən də adlarının Azərbaycanda “qatı müxalifətçi” kimi hallanmasında maraqlıdırlar, çünki bu, onların müəyyən prosedurlardan keçməsini asanlaşdırır.

Bizim avropadakı “fəallar”ı hərəkətə gətirən nədir?

Əslində bu sualın cavabı olduqca asandır. Bu gün Avropada möhkəm “müxalifətçilik” edənlərin bir qismi siyasi sığınacaq almaq ərəfəsindədir və elə bu səbəbdən də adlarının Azərbaycanda “qatı müxalifətçi” kimi hallanmasında maraqlıdırlar, çünki bu, onların müəyyən prosedurlardan keçməsini asanlaşdırır.

Digərləri üçün isə bu, adi bir siyasi biznesdir və “müxalifətçi” kimi tanınmaq qrantların və siyasi himayədarların artması, gələcəkdə də belə sifarişlərin çoxalması deməkdir.

Elə bu səbəbdən də belə adamlardan söhbət gedəndə biz heç vaxt ad çəkmirik. Bilirsiniz, elə insanlar var, onların adını daim, ən azı, hər dəfə fürsət düşəndə çəkmək lazımdır ki, cəmiyyət bu insanları unutmasın, ona görə ki, bu adamlar cəmiyyət və ölkə üçün gərəkli adamlar olublar və ya elə indi də gərəkli insanlardırlar.

Elələri də var ki, cəmiyyətimiz bu insanları tanımasa, daha yaxışıdır. Həm də bu adamlar belə diqqətə layiq də deyillər və bir daha deyirik ki, onların istəyi də elə budur ki, Azərbaycanda adları daim hallansın, cəmiyyət arasında tirajlansın. Bu səbəbdən də onlara bu fürsəti vermirik və gələcəkdə də verməyəcəyik.

O ki qaldı həmin insanların fəaliyyətinin siyasi, əxlaqi tərəflərinə, səmimi şəkildə deyirik ki, indiyədək dinc, demokratik siyasi mübarizə üsulları ilə bağlı bir neçə seminarda iştirak etmişik, bu mövzuda onlarla kitab oxumuşuq, amma inanın, onların heç birində tövsiyə olunmayıbdır ki, dövlət adamlarını söyün, onları və ya yaxınlarını təhqir edin.

Hətta əcnəbi media strukturları ilə əməkdaşlıq edənlərə həmişə tapşırılırdı ki, dövlət adamlarına münasibətdə etik çərçivələri gözləyin, onlarla, xüsusən də hüquq - mühafizə orqanlarının əməkdaşları ilə münaqişəyə girməyin, onlarla mübahisə etməyin, peşə fəaliyyətiniz vaxtı və dinc aksiyalar zamanı polislərin göstərişlərinə əməl edin, əgər hansısa problem yaranarsa, sonradan bununla bağlı müvafiq orqanlara müraciət edə bilərsiniz.

Bilirsiniz, bir çox hallarda unuduruq ki, hər hansı bir məmur həm də dövlət adamıdır, dövləti və 10 milyonluq milləti təmsil edir. Onlara qarşı sayğızlıq həm də dövlətə və millətə qarşı sayğısızlıq deməkdir.

Təbii, bu, qarşılıqlı şəkildə olmalıdır, dövlət adamı da daim fərqində olmalı və heç bir vaxt unutmamalıdır ki, onun hər bir hərəkəti dövlətin və hakimiyyətin adına yozulur - istər pozitiv, istərsə də neqativ tərəfdən.

Dövlət adamlarına nihilist münasibət sərgilənərsə, onlar daim aşağılanırsa, sabah həmin adamların cəmiyyət arasında sözünün kəsəri olarmı? Belə hallar digər insanları da itaətsizliyə və total qanunsuzluğa sövq etməzmi?

Vaxtilə siyasi aksiyalar zamanı müşahidə etdiyimiz bir detalı qeyd etmək istərdik: bəzi gənc jurnalistlər ya təcrübəsizlikdən, ya da qəsdən polisləri provakasiyaya çəkməyə çalışırdılar. Amma buna ehtiyac varmı? Ən başlıcası isə, bu, lazımdırmı? Niyə daim unuduruq ki, etiraz etmək və aksiya keçirmək bizim hüququmuz olduğu kimi, asayişi təmin etmək də polisin vəzifəsidir.
Eyni sözləri digər məmurlar haqqında da deyə bilərəm. Bilirsiniz, politologiyada dövlətin tərifi çoxdur. Bir tərifi də budur ki, dövlət həm də legitim zor institutudur. Bəli, biz ümumi asayiş və təhlükəszilik, həm də öz azadlığımız və rifahımız naminə azadlıqlarımızın bir hissəsindən keçərək dövlətə belə bir funksiya veririk. Dövlət adamları da həmin bu funksiyaları reallaşdıran, onları gerçəkləşdirən adamlardır. Ona görə də bu adamlara sayğı ilə yanaşmaq lazımdır, çünki bir daha deyirik ki, onlar dövləti və 10 milyonluq milləti təmsil edirlər.

Çox xahiş edirəm, bunu elə yozmayın ki, guya mən məmurların tənqid olunmasının əleyhinəyəm. Qətiyyən. Amma kifayət qədər vaxt keçib və Azərbaycan on illərdir ki, müstəqil dövlətdir və elə bu səbəbdən də hamı tənqidi təhqirdən ayırmağı, tənqidlə təhqiri qarışdırmamağı öyrənməlidir – xüsusən də jurnalistlər, siyasət və ictimaiyyət fəalları...

Vaxtilə Avropa İnsan Haqları Məhkəməsinin siyasət və dövlət adamları ilə bağlı çıxardığı bir neçə qərarı öyrənmişdik. Həmin qərarlarda deyilir ki, dövlət və siyasət adamları qəbul etməlidirlər ki, onlara qarşı tənqidlərin sərhədləri adi vətəndaşlara nisbətən daha geniş olmalıdır. Bəli, dövlət və siyasət adamları adətən daha çox tənqid olunur, amma həmin qərarların heç birində deyilmir ki, dövlət adamlarını təhqir etmək olar, deyilmir ki, bu adamlara qarşı etik-mədəni sərhədləri keçmək olar, onlara qarşı açıq-aşkar sayğısızlıq göstərmək olar...

ABŞ-da hətta keçmiş prezidentlərə “cənab prezident” deyə müraciət edirlər. ABŞ bir tərəfə, hətta qardaş Türkiyədə nəinki keçmiş prezidentə və ya baş nazirə, hətta keçmiş nazirlərə belə “sayın bakan” deyirlər! Bu, həm də millətin dövlət institutuna, onun təmisilçilərinə və eləcə də onun özünə qarşı sayğısıdır.

Nəhayət, bir məsələyə də toxunmaq istərdik. Əzəldən Azərbaycanda “siyasi məhbus” məsələsində böyük spekulyasiyalar oldu. Avropa Şurasının məsələ ilə bağlı müəyyən etdiyi “kriteriyalar”a baxanda bircə fikir keçmişdi ağlımızdan: axı bu yolla istənilən ölkənin yarısını “siyasi məhbus” elan etmək olar!

Bilrisiniz, istənilən vətəndaşa qarşı hansısa hüquqi-prosessual pozuntu baş verə bilər. Amma bu, o deməkdirmi ki, həmin adam “siyasi məhbus” elan olunmalıdır?

Siyasi məhbus o kəslərə deyilməlidir ki, onlar sözün həqiqi mənasında siyasi-ictimai fəaliyyətinə görə, siyasi və yaxud ictimai baxışlarına görə təqibə məruz qalıblar.

Məni həmişə bir məsələ olduqca düşündürüb: nəyə görə Avropadan sığınacaq alarkən özünü hansısa müxalifət partiyasının üzvü və ya fəalı kimi təqdim edən insanlardan soruşulmur ki, necə olur, sizdən də daha artıq fəallıq edən, hətta partiyanızın rəhbərliyində olan adamlar Azərbaycanda qalıb fəaliyyət göstərə bilirlər, amma siz iddia edirsiniz ki, guya, siyasi fəaliyyətinizə görə həyatınız üçün təhlükə var: guya, sizi təqib edirlər!

Düşünürük, heç olmasa, bundan sonra belə incəliklərə diqqət etməyə başlayacaqlar. Məhz belə incəliklərin nəzərə alınmamasının nəticəsidir ki, bəzi azərbaycanlılar yalnız ölkəni tərk edəndən, bəli, Avropada və ya başqa ölkədə peyda olandan sonra “ictimai-siyasi ulduzlar”a çevrilirlər...

Hüseynbala Səlimov
AzNews.az