Yüksək vəzifələrə təyinatlar heç vaxt birmənalı qarşılanmır. Bu baxımdan Novruz Məmmədovun baş nazir təyin edilməsi də istisna olmadı – alqışlayanlar da oldu, tərəddüd edənlər də, hətta narazı qalanlar da... Yüksək vəzifələrə təyinatlar heç vaxt birmənalı qarşılanmır. Bu baxımdan Novruz Məmmədovun baş nazir təyin edilməsi də istisna olmadı – alqışlayanlar da oldu, tərəddüd edənlər də, hətta narazı qalanlar da...

Bizə hansı hökumət lazımdır?

Yüksək vəzifələrə təyinatlar heç vaxt birmənalı qarşılanmır. Bu baxımdan Novruz Məmmədovun baş nazir təyin edilməsi də istisna olmadı – alqışlayanlar da oldu, tərəddüd edənlər də, hətta narazı qalanlar da...

Amma bir şeyi bilmək lazımdır: prezident respublikasında cəmiyyət – seçicilər prezidenti seçir, prezident isə hökumət başçısını təyin edir. Bu səbəbdən də Novruz Məmmədovun təyinatına yalnız bircə prizamadan baxmaq lazımdır: bu, prezident İlham Əliyevin seçimidir...

O ki qaldı digər detallara, N.Məmmədovun kifayət qədər məmurluq və dövlət idarəçiliyi təcrübəsi var və bunlar ona hökumətə başçılıq etməkdə heç şübhəsiz ki, yardımçı olacaq.

Düşünürük, N.Məmmədovun beynəlxalq siyasət və diplomatiya sahəsindəki təcrübəsi də istifadəsiz qalmayacaqdır, çünki beynəlxalq iqtisadi münasibətlər dövlətin xarici əlaqələrinin mühüm bir hissəsini təşkil edir, üstəlik, ölkəyə təşrif buyuran xarici qonaqlar da bir qayda olaraq prezident və baş nazirlə görüşürlər.
Məmmədovun işi kabinetin işinə rəhbərlik etmək və onu koordinasiya etmək olacaq.

Təbii ki, burada bəzi nüanslar var və onların nəzərə alınması hökumətin gələcək fəaliyyətinə yalnız kömək edərdi.

Novruz müəllim vaxtilə Polşanın “Fəxri legion” ordeninə layiq görülübdür və bu səbəbdən də Polşanın yaxın keçmişindən bir misal gətirmək istərdik. Polşa həm də keçmiş sosialist ölkəsi olduğundan, məhz ondan misal çəkmək, fikrimizcə, daha məntiqli olar.

Qərəz, müstəqil Polşanın ilk hökumətinin başçısı Tadeuş Mazovetski hüquq təhsili almışdı, amma daha çox jurnalistlik və siyasi maarifçilik fəaliyyətilə məşğul olmuşdu. Amma burada mühüm bir detal vardı. Hüquqşünas və jurnalist T.Mazovetskinin başçılıq etdiyi hökumətdə Leşek Baltseroviç kimi ciddi iqtsadçı və intellektual insan vardı. O, hökumətdə baş nazirin müavini vəzifəsilə bahəm, maliyyə naziri postunu da tuturdu. Üstəlik, ölkədə həyata keçirilən ilk iqtisadi islahatlaın da ideoloqu və müəllifi o idi.

Bunları niyə görə sadalayırıq? Bizim iqtisadiyyat sahəsində görüləsi işlərimiz hələ çoxdur. Ona görə də hökumətdə bilavasitə peşəkarların da iştirakına böyük ehtiyac var.

Düşünürük ki, bu da olacaq. Hökumətin tam tərkibi hələ müəyyənləşdirilməyib. Amma ilk təyinatlardan da görünür ki, peşəkarlıq meyarları qətiyyən yaddan çıxmayıb.

Bir az əvvəldə dedik ki, iqtisadiyyat sahəsində görəcəyimiz işlər hələ çoxdur. Bununla nəyi nəzərdə tuturuq?

Bir vətəndaş olaraq bizə elə gəlir ki, yeni hökumət fəaliyyətini iki istiqamətdə xüsusilə gücləndirməlidir.

İlk olaraq, iqtisadiyyatda şəffaflıq artırılmalıdır. Amma daha bir mühüm məsələ var ki, o, ümumiyyətlə, yeni hökumətin siyasi və sosial missiyası olmalıdır.

Söhbət ondan gedir ki, Azərbaycanda siyasətlə iqtisadiyyatın, məmurlarla azad işgüzar təbəqənin ayrılmasına xüsusi bir ehtiyac var. İndiki halda ölkədə siyasətlə iqtisadiyyat bir qədər çulğalaşmış şəkildə mövcuddur.

Bu, təkcə Azərbaycan üçün xarakterik olan məsələ deyil, digər postsovet ölkələrində də eyni mənzərədir.

Məhz bunun nəticəsidir ki, bizdə hələ də rəsmi milyonçular yoxdur. Bunun nəticəsdir ki, hansı məmuru tərpədirsən, onun böyük bir biznes şəbəkəsinə malik olduğu üzə çıxır...

Bu amil həm də digər sosial-iqtisadi bəlaların əsas səbəbi kimi təzahür edir – azad rəqabət boğulur, inhisarçılıq və korrupsiya artır.

İstənilən ölkədə aparılan iqtisadi islahatların ən əsas göstəricilərindən biri azad işgüzar təbəqənin formalaşmasıdır. Əlahiddə halda götürüləndə ÜDM və digər makro-iqtisadi göstəricilər hətta qeyri-azad ölkələrdə də yüksək ola bilir.

Həm də biz bəzən illərcə bundan əvvəl müəyyən etdiyimiz iqtisadi – strateji hədəflərimizi unuduruq. Politologiyada mühüm nəzəriyyələrdən biri də “orta sinif” nəzəriyyəsidir.

Vaxtilə onun tezisləri Azərbaycanda çox dəbdə idi. Hətta jurnalistlər belə yazılarında daim bu tezisləri xatırlatmağı və vurğulamağı sevirdilər.

Bunun ciddi sosial-siyasi səbəbləri vardı, belə ki, bütün mütərəqqi dünyada ölkədaxili stabilliyin qarantı kimi məhz “orta sinif” çıxış edir.

Bu təbəqənin güclü və həm də dayanıqlı olması daxili sabitliyin təmin olunması üçün inzibati, xüsusən də repressiv üsullara ehtiyacı azaldır.

“Orta sinif” qismindəsə ilk növbədə azad işgüzar təbəqə çıxış edir. Elə bu səbəbdən də ilk iqtisadi islahatlara başlayarkən elan etdiyimiz sosial-siyasi çağırışları və hədəfləri bir daha yada salmalıyıq.

Əvvəldə də qeyd etdik ki, problem təkcə Azərbaycan üçün xarakterik deyil. İlkin iqtisadi islahatlar dövrü, xüsusən də ilkin kapital yığımı dövrü həmişə müəyyən dərəcədə problemli olur, çünki ilk dövlərdə əsas məsələ planlı dövlət iqtisadiyyatın demontajı və bir də ki, mülkiyyət münasibətlərinin dəyişməsi idi.

Bir anlığa Azərbaycanı bir tərəfə qoyaq. Bəllidir ki, ilk özəlləşdirmə, xüsusən də onun acı sosial nəticələri Rusiyada hələ də müzakirə edilir. Həmin dövrdəki siyasəti əsaslandırmaq üçün A.Çubays yazırdı ki, bizim sərəncamımızda ən az olan şey zaman idi – vaxtımız yox idi, mülkiyyət münasibətlərini tez bir zamanda dəyişmək lazım idi ki, yenidən radikal solçuların hakimiyyətə qayıdışını asanlaşdıran iqtisadi platforma tamam aradan götürülsün...

Qayıdaq Azərbaycana. Bu dövr Azərbaycanda arxada qalıb, iqtisadi keçid dövrü də bitib. İndi iqtisadiyyatda da yeni mərhələ başlamalıdır; iqtisadiyyat bir az cilalanmalı, şəffalıq, rəqabətlilik, qeyri-inhisarçılıq və s. təmin edilməlidir.

Bunun üşün isə bir daha deyirik ki, iqtisadiyyatın strukturu dəyişməlidir: qoy, məmurlar dövlət işlərilə, işgüzar insanlar isə bizneslə məşğul olsunlar. Bunlara nail olsaq, ölkə iqtisadiyyatı ikinci impuls, ikinci nəfəs alacaq və cəmiyyətdə yeni bir canlanma başlayacaq.

Əks təqdirdə, böhran və tənəzzül qaçılmaz olacaq, sosial-iqtisadi polyarizasiya – qütbləşmə dərinləşcək. Sonuncu isə həmişə arzuolunmaz siyasi nəticələrə gətirib çıxara bilir ki, onun Azərbaycanda baş verməsini qətiyyən istəməzdik...

Hüseynbala Səlimov
AzNews.az