Rusiya rəsmiləri Ermənistanda baş verən son proseslərlə yaxın keçmişdəki Ukrayna hadisələri arasında paralellərin aparılmasını heç bir halda düzgün hesab etməsələr də bu gün ən çətin sual hazırkı Ermənistan olaylarının geosiyasi oriyentasiyası və təfərrüatıdır. Rusiya rəsmiləri Ermənistanda baş verən son proseslərlə yaxın keçmişdəki Ukrayna hadisələri arasında paralellərin aparılmasını heç bir halda düzgün hesab etməsələr də bu gün ən çətin sual hazırkı Ermənistan olaylarının geosiyasi oriyentasiyası və təfərrüatıdır.

Qarabağla bağlı hansı senarilər yarana bilər?

Rusiya rəsmiləri Ermənistanda baş verən son proseslərlə yaxın keçmişdəki Ukrayna hadisələri arasında paralellərin aparılmasını heç bir halda düzgün hesab etməsələr də bu gün ən çətin sual hazırkı Ermənistan olaylarının geosiyasi oriyentasiyası və təfərrüatıdır.

Əvvəlcə V.Putinin S.Sarkisyanı təbrik etməsi, bunun ardınca D.Medvedevin K.Karapetyanla dərhal telefon əlaqəsi saxlaması bir daha göstərir ki, Kremlin özündə bir çaşqınlıq var.

İrəvandakı etirazlarda geosiyasi şüarlar səslənməsə də, üstəlik, “məxməri inqilab”ın haraya qədərə inkişaf edəcəyi məlum olmasa da artıq rusiyalı politoloqlar Moskva üçün ən arzuolunmaz senariləri də nəzərdən keçirməyi vacib bilir. Bir çoxları hətta birmənalı şəkildə iddia edirlər ki, Ermənistan Qərbə tərəf dreyf edəcəkdir.
Təbii ki, bütün bu proseslər bizim üçün ən çox Dağlıq Qarabağ konteksində maraq doğrurur və indidən sual yaranır ki, bu müstəvidə hansı yeniliklər yarana bilər?

Azərbaycan diplomatları artıq bildiriblər ki, hakimiyyətə gələcək yeni qüvvələrlə konstruktiv danışıqları davam etdirməyə hazırdırlar.

Amma bunun üçün Ermənistanda ilk növbədə hakimiyyət məsələsi aydınlaşmalıdır. Son hadisələrin ən aparıcı lideri N.Paşinyan bu məsələyə bir həftəyə qədər aydınlıq gətiriləcəyini bildirsə də aydın məsələdir ki, bu, çox qısa müddətdir və bu müddətdə yalnız müvəqqəti hökumət qurula bilər. Uzunmüddətli hakimiyyətin bərqərar olması üçün isə ölkədə növbədənkənar parlament seçkiləri keçirilməli, yalnız bundan sonra əsl legitim hökumət kabineti formalaşmalıdır.

Ümumi halda isə Qarabağ probleminin evolyusiyası həm də bir mühüm amildən də asılı olacaq – bu da Ermənistanın gələcək geosiyasi oriyentasiyasıdır. Burada iki haldan asılıq olaraq iki senari gerçəkləşə bilər.
Birincisi, Ermənistan Rusiya ilə indiki sıx ittifaqını saxlayır. İkincisi, Ermənstan Rusiyadan məsafə götürür və nisbətən Qərbə, daha müstəqil siyasətə doğru dreyf edir.

Birinci halda ciddi dəyişikliyin baş verəcəyini güman etmirik, çünki bu halda əvvəllər olduğu kimi, söz sahibi yenə də Kreml olacaq.

Daha maraqlısı isə ikinci senaridir. Bu halda müəyyən yeniliklərin, hətta Kreml üçün sürprizlərin olması mümkündür. Ən azı ona görə ki, bəzi Qərb analitikləri Bakı ilə İrəvanın münaqişəsini həm də bu iki ölkənin müxtəlif geosiyasi müstəvilərdə qərar tutması ilə izah edirdilər. Elə bu səbəbdən düşünürük ki, belə vəziyyətdə İrəvan fərqli davranış nümayiş etdirə bilər.

Burada elə Azərbaycanın özünün də iki cür davranışı mümkündür. Birincisi, indiyədək dəfələrlə yazmışıq ki, Qarabağ problemində Bakı üçün ən böyük perspektiv Ermənistan–Rusiya ittifaqında “çat” yaranan zaman meydana çıxacaq. Bu səbəbdən hətta adi vətəndaşlarımız da ilk olaraq bu haqda düşünürlər – Rusiya ilə Ermənistan arasında soyuqluq yaranan kimi dərhal bundan faydalanmalıyıq...

Bəzi rusiyalı politoloqlar da açıq şəkildə buna işarə edir və onların arasında Bakıya simpatiyası ilə seçilənlər Azərbaycan üçün yeni şansın yarana biləcəyini deyirlər. Amma bu senarinin də öz riskləri var və bu da ilk növbədə ondan ibarətdir ki, Qərbə dreyf edəcəyi halda Ermənistan bu ünvandan müəyyən dəstək alacaq.
Fəqət düşünürük ki, əsas olan bu deyil. Daha uzunmüddətli sülh və sabitlik üçün Rusiyadan məsafə götürən Ermənistana şans da vermək olar, bəlkə elə doğrudan bunlar otuz ildən sonra nəhayət, adam kimi hərəkət etməyə və düşünməyə başlayacaqlar?

Amma sözsüz ki, bütün bunlar ehtimallardır. Azərbaycanda ən çox səslənən tezislərdən biri də budur ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq onun Qarabağ siyasəti dəyişməyəcək, çünki on illər ərzində bunlar özləri üçün axmaq “böyük Ermənistan” doktrinası uydurublar və onun məntiqilə də hərəkət edirlər.

Bu yanaşmada da həqiqət var, özü də böyük bir həqiqət. Amma başqa presedent də var axı! Azərbaycan torpaqlarının hamısı L.Ter-Petrosyanın vaxtında işğal olunmuşdu. Lakin o, bir gün anladı ki, Bakı ilə dil tapmadan nə Dağlıq Qarabağ probleminin həlli, nə də Ermənistanın bir dövlət kimi inkişafı və tərəqqisi mümkün deyil.

Ona görə də düşünmək ki, belə hal unikal bir hadisə idi və bir daha heç vaxt Petrosyan presedenti təkrar oluna bilməz – bu, əlbəttə yanlışlıq olardı.

Ən əsası isə bilirsiniz nədir? Azərbaycan artıq Ermənistanın ən pis, murdar sifətini də görübdür və hətta belə bir Ermənistanı da yerində oturtmaq iqtidarında olduğunu göstəribdir.

Ona görə də bizə elə gəlir ki, İrəvanda hakimiyyətə gələcək yeni qüvvələr bütün hallarda Koçaryanlardan, Sarkisyanlardan konstruktiv və anlaqlı olacaqlar – təbii ki, “məxməri inqilab” öz məntiqi sonluğunadək inkişaf edərsə...

Hüseynbala Səlimov
AzNews.az