Mayın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Mayın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirdi - Fotolar

Mayın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AzNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda çıxış edən Baş prokuror Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verərək, ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyi qeyd olunmaqla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını bildirib. Baş prokuror ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz xidmətləri və onun davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib.

Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub.

Baş prokuror bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edib. O, cümhuriyyətin xalqımızın dövlətiçilik tarixinin şanlı səhifələrindən olduğunu vurğulayıb. Y.Mahmudov “Azərbaycan Xalq CümhuriyyətiEnsiklopediyası”nı Baş prokurora təqdim edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli sürurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını bildirib. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırıb ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Professor həmin dövrdə ziyalılarımızın azadlıq ideyalarına, demokratik dəyərlərə sadiqliyinin Azərbaycanın həmin dövrdə siyasi elitasının yüksək zəkasının və vətənpərvərliyinin göstəricisi olduğunu bildirib.

Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edərək Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı hüquqi zəmin yaratdığını bildirib. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixinin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başladığını qeyd edən Baş prokurorun müavini, prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri daxilində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Konfransa yekun vuran Baş prokuror Zakir Qaralov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxdığını bildirib.

Əminlik ifadə olunub ki, Azərbaycan Prokurorluq orqanları öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi tələblər səviyyəsində qurmaqla, müstəqilliyimizin və suverenliyimizin dönməzliyinin və sarsılmazlığının təmin olunması, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması istiqamətində davam etdirəcək.

image description image description image description image description image description