ATƏT PA sədri Georgi Tsereteli müsahibə verib. ATƏT PA sədri Georgi Tsereteli müsahibə verib.

“Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var” - ATƏT PA sədri

ATƏT PA sədri Georgi Tsereteli müsahibə verib.

AzNews.az APA-ya istinadən həmin müsahibəni təqdim edir.

- Gələn həftə Azərbaycan öz dövlətçiliyinin 100 illiyini qeyd edəcək. Müasir Azərbaycan haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Əlbəttə ki, bu, bir respublikanın tarixində ən mühüm gündür və mən Azərbaycan xalqına öz səmimi təbrik və arzularımı çatdırmaq istəyirəm. Azərbaycan 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublika idi, ancaq təəssüf ki, Cənubi Qafqazda yerləşən digər ölkələr kimi, bu dövr də qısa çəkdi. Bu əsr ərzində Azərbaycan bir çox uğur və nailiyyətlər əldə etdi, eyni zamanda da çətinliklər və faciələrlə qarşılaşdı, amma indi müasir Azərbaycandan danışanda deyə bilərik ki, Azərbaycan regionda böyük iqtisadi potensiala, zəngin mədəniyyətə malik, müasir demokratik respublika və ən mühümü, sülh şəraitində yaşamağı arzulayan xalqı olan ən mühüm ölkələrdən biridir. Müstəqillik əldə etdikdən sonra regionda və xüsusilə Cənubi Qafqaz ərazisində dinc inkişaf ən çətin amillərdən biridir. Azərbaycanda enerji və nəqliyyat sektorlarında güclü iqtisadi inkişafı, böyük infrastruktur layihələrini, zəngin mədəni həyatı gördükdə təsəvvür edə bilərsiniz ki, əgər “dondurulmuş münaqişələr” və geosiyasi oyunlar olmasa, onda bütün bunlar necə sürətlə və böyük miqyasda baş tuta bilər. Azərbaycan xalqı üçün daha yüksək həyat standartları və daha təhlükəsiz demokratik mühit gətirəcək daha müsbət proseslər arzulayır və nikbin olmaq istərdim.

- Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Bizim qurumun Azərbaycanla çox məhsuldar və uzun əməkdaşlıq tarixi var. Əlbəttə k, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həmişə Assambleyanın müzakirələrində hakim mövzu olur və biz bu münaqişənin hələ də həllini tapmadığına görə təəssüflənirik. Ancaq biz dialoqa, inam yaratmağa davam edirik və inanırıq ki, sülh bu münaqişənin həlli üçün yeganə yoldur. Bu, həm də Helsinki Yekun Aktının əsas prinsiplərindən biridir.

Azərbaycan Parlament Assambleyasında vitse-prezidentlik mövqeyinə malik olaraq çox yaxşı təmsil olunur. Azay Quliyev assambleyanın vitse-prezidentidir. Nümayəndə heyətinin rəhbəri xanım Muradova çox aktiv nümayəndədir və Azərbaycanın digər nümayəndələri də qurumun bütün fəaliyyətlərində iştirak edir və biz bunu qiymətləndiririk. Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-da "İpək yolunun dəstəklənməsi qrupu" yaradılıb və bu, regionda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün çox effektiv vasitədir. Bu yaxınlarda Bakıda, Milli Məclisdə “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans təşkil etmişdik. Nəqliyyat, enerji təhlükəsizliyi və sərhədyanı əməkdaşlıq kimi sahələrdə həllərin təşviq edilməsi, əlaqələrin artırılmasının əhəmiyyəti haqqında sıx müzakirələr aparmışdıq.

İpək yolu boyunca yeni layihələr bütün üzv ölkələrə daha çox rifah və təhlükəsizlik gətirəcək. Azərbaycan beynəlxalq layihədə xüsusi rol oynayır. Məsələn, Bakı-Tbilisi-Qars şərqdən qərbə ticarət və biznes əlaqələri üçün zaman və xərcləri əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanın liman və dəmir yollarının inkişafı ilə bağlı göstərilən təqdimatlar çox maraqlı və perspektivli idi. Bütün bunlar ölkənin enerji potensialı ilə əhəmiyyətli iqtisadi nəticələr üçün çox müsbət bir zəmin yaradır. Əlbəttə ki, arzuolunan nəticələrə çatmaq üçün ölkənin maliyyə və iqtisadiyyat sektorunda islahatların sürətləndirilməsi, korrupsiya ilə mübarizə, qanunun aliliyi, demokratik birləşmənin təmin edilməsi və insan hüquqlarının təmin edilməsi lazımdır.

- ATƏT PA ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə birlikdə seçkilərin müşahidəsi üzrə missiyasının aparıcı təşkilatıdır. Azərbaycanda seçkilərin qiymətləndirməsi həmişə hakimiyyət nümayəndələri və ATƏT arasında müəyyən fikir ayrılığı yaradır, sonuncu prezident seçkilərində də ilkin hesabat olduqca tənqidi oldu. Gələcəkdə bu sahədə konstruktiv əməkdaşlığı davam etdirməyi düşünürsünüzmü?

- Seçki müşahidəsi Parlament Assambleyasının ən mühüm prioritetlərindən biridir. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər etibarlı təşkilatlarla əməkdaşlıq çərçivəsində Vankuverdən Vladivostoka qədər ATƏT ölkələrində seçkiləri müşahidə edirik və bu, dünyada demokratiyanın gücləndirilməsinə mühüm töhfədir.

Bizim müşahidəçilər hətta ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya da olmaqla, az, ya çox demokratik şərait qurulan ölkələrdə uzunmüddətli və qısamüddətli missiya çərçivəsində seçki prosesinə nəzarət edir. ATƏT PA prezidenti olaraq, mən bu mühüm işi yüksək qiymətləndirirəm. Biz prosesi yaxşılaşdırmaq, əsas olaraq vətəndaşların seçimlərini sərbəst ifadə etməyə imkan vermək məqsədilə onu şəffaf və azad etmək üçün tənqidi, obyektiv təhlil və tövsiyələr təklif edirik.

Bu standart hər yerdədir, Azərbaycanda da digər başqa bir ölkədə də. Yekun hesabatda tənqidi detallar var idi, bununla razıyam, amma eyni zamanda da bizim müşahidəçilər seçki prosesində müşahidə etdiyi müsbət detalları da qeyd etmişdilər. Detallara varmaq istəmirəm, çünki bəyanat ictimaiyyətə açıqdır və hər kəs bu informasiya ilə tanış ola, paylaşa bilər. Hesab edirəm ki, müşahidə missiyaları seçki dövründə Azərbaycan hakimiyyəti ilə yaxşı əməkdaşlıq etdilər və bu, qanun pozuntuları və ya tənqidlərdən başqa, nəticələrə də toxundu.

Vitse-prezident Azay Quliyev Kopenhagendə baş tutan Büro görüşündə Azərbaycan tərəfinin arqument və suallarını səsləndirdi, biz də bu barədə ATƏT və Demokratik Təsisatlar, İnsan Haqları Bürosunu məlumatlandırdıq. Ancaq mənim üçün ən vacib olan müşahidə missiyası və ATƏT rəhbərliyinin Azərbaycan hökuməti və cəmiyyəti ilə işləməyə davam etməklə bağlı istəklərini ifadə etmələridir. Düşünürəm ki, bu, çətinliklərin öhdəsindən gəlmək və ölkədə seçki prosesində əla standartları təmin etməklə demokratiyanın səviyyəsini artırmağın yoludur. Mən şəxsən səfərim zamanı cəza çəkən jurnalistlərlə görüşlə bağlı Azərbaycan rəhbərliyinin köməyini çox yüksək qiymətləndirmişəm. Biz Azərbaycan rəhbərliyi ilə bunu və digər problemləri çox açıq şəkildə müzakirə etdik. Mən görüşdüyüm həbsdə olan jurnalistlərdən Əziz Orucovun məhkəmə qərarı ilə azadlığa çıxmasına görə çox şad oldum. Ancaq burda başqa məsələlər var və ümid edirəm ki, yaxın gələcəkdə məhkəmələr onları yenidən nəzərdən keçirəcək, prezident parlamentlə birgə amnistiya ilə bağlı qərarlar qəbul edəcək.

Azərbaycanla gələcək əməkdaşlıqdan söz açarkən mən əminəm ki, konstruktiv proses üçün kifayət qədər resursumuz var. Əlbəttə ki, biz Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk qrupunun vasitəçilik səylərini dəstəkləməyə davam edəcəyik, həmçinin əlimizdə olan təcrübə və vasitələrlə əməkdaşlığın digər sahələrini inkişaf etdirəcəyik.

Ümid edirəm ki, İlham Əliyevin və yenilənmiş komandasının yeni dövr rəhbərliyi ərzində Azərbaycanı iqtisadi cəhətdən daha güclü, daha şəffaf idarəetmə, vətəndaş cəmiyyətinin daha çox rolu və sülhü təmin edəcək islahatlar aparılacaq.

Mən əminəm ki, regionda stabillik, təhlükəsizlik və rifah üçün Azərbaycan əhəmiyyətli rol oynaya bilər.