Rüstəm İbrahimbəyov yenə də öz ampluasındadır. Onun növbəti “Qafqaz triosu“ filmi də ermənilərin bədbəxtliyində “vəhşi azərbaycanlıların” ittiham edilməsi motivi üzərində qurulub. Rüstəm İbrahimbəyov yenə də öz ampluasındadır. Onun növbəti “Qafqaz triosu“ filmi də ermənilərin bədbəxtliyində “vəhşi azərbaycanlıların” ittiham edilməsi motivi üzərində qurulub.

Vətənin ağ zülməti...

Rüstəm İbrahimbəyov yenə də öz ampluasındadır. Onun növbəti “Qafqaz triosu“ filmi də ermənilərin bədbəxtliyində “vəhşi azərbaycanlıların” ittiham edilməsi motivi üzərində qurulub.

Rejissoru Eldar Şengeleya və Fuad İbrahimbəyov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyov olan filmdə qorxaq azərbaycanlı ögey atanın familiyası ilə yaşayan “istedadlı erməni aktyoru”nun və onun əsl erməni atasının - Moskvada yaşayan bacarıqlı oftalmoloqun faciəvi həyatından bəhs edilir. Ssenariyə görə onların bədbəxtliklərin bütün suçu “vəhşi azərbaycanlıların” üzərindədir. Aktyoru azərbaycanlı uşaqlar quyuya atıb diri-diri basdırır, atası min bir vasitə ilə Azərbaycan sərhədini keçib haqqı söylədiyinə görə işdən qovulan azərbaycanlı dostunun evinə gəlib çıxır. Azərbaycanlı kütləsi onu linç etmək üçün evi dövrəyə alır, sərhəd keçid məntəqəsinin məmuru tərəfindən vəhşicəsinə döyülür.

Digər filmlərində olduğu kimi R. İbrahimbəyov növbəti dəfə Ermənistan rəhbərlərinin Avropa tribunalarından etdiyi etirafın əksini sübut etmək-azərbaycanlıların ermənilərə apriori nifrətini, irqi dözümsüzlüyünü nümayiş etdirmək istəyir. Xatırladaq ki, erməni rəhbərləri də mütəmadi olaraq beynəlxalq tribunalardan ermənilərin və azərbaycanlıların irqi baxımdan birgə mövcudluğunun mümkünsüzlüyünü bəyan edirlər.

Bax belə...İnanmaq çətindir ki, filimin ssenarisini yazan ata-babası XX əsrin əvvəllərində ermənilərin Şamaxı və Bakı qırğınlarının şahidi olmuş ailədə doğulub böyüyən şəxsdir. 30 ilə yaxındır ki, 1 milyon soydaşı qaçqın kimi didərgin yaşır. Nəhayət, bu “görkəmli” yazıçı “mili şura”ın qurucusudur və 2013-cü ildə Azərbaycanda birinci şəxs olmağa iddia edirdi.

Amma bu, məhz odur-əsl İbrahimbəyovdur. O İbrahimbəyov ki, bütöv bir cəmiyyət Əkrəm Əylislinin alçaldıcı “Daş yuxular” romanına qarşı etiraz etsə də, əqidədaşının müdafiəsinə qalxmışdı. Axı, eyni mahiyyətdə olan, mənsub olduqları xalqa qarşı eyni dərəcədə kin püskürən şəxslərdir.

Rüstəm İbrahimbəyov “milli şuranın” sədri kimi Azərbaycanda birinci şəxs olmağa iddia edəndə isə Rusiya mətbuatına müsahibəsində bütün azərbaycanlılar üçün həssas mövzu olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuracaq açıqlamalar vermiş, Qarabağı münaqişəli ərazi hesab etmişdi...

80-cillərin sonlarında Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda, azərbaycanlılar Ermənistandan didərgin salınanda Moskva televiziyaları Rüstəmin “Bağlı qapı” filmini nümayiş etdirirdi. Azərbaycanlıların qonşuluqda baş verənlərə etinasızlığı fonunda əsl “bakinets” olan Qarabağ ermənisi (obrazı Frunze Mkrtıçyan canlandırır) “biz buna etinasız qal bilmərik, axı biz qarabağlıyıq” deyə məhəlləni haqsız həbs olunmaq təhlükəsi olan Muradın xilası üçün səfərbər edir. O zaman sovet vaxtı çəkilib deyə üstündən sükutla keçilmişdi. Amma kimsə bu filmin nümayişi ilə Əkrəmin “Drujba narodov”dakı qalmaqallı yazısının eyni vaxta təsadüf etməsinə diqqət çəkməmişdi. Ədəbiyyat tənqidçilərindən birinin sözləri ilə desək, “mədəniyyətimizin işğal olunmuş” iki fenomeni əslində hələ o illərdən Azərbaycana qarşı istifadə olunmaqdadır. Mədəniyyətimizin işğal olunmuş hissəsinə mənsub olan bu iki fenomen ərazilərimizin işğalına beynəlxalq dəstək almaq işində erməni silahı kimi üstümüzə tuşlanıb. Dünya mediasında, sovet mərkəzi mətbuatında ermənilərin azərbaycanlılara qarşı təbliğat maşını tam gücü ilə işləyəndə işğal olunmuş ədəbi-ictimai simalarımız “Есть такая нация- бакинцы” deyib dad edir, hər vəchlə digər azərbaycanlılardan fərqləndiklərini sübut etməyə çalışırdılar. Əlbəttə ki, özünü əsl azərbaycanlı ziyalısı, vətən təəssübkeşi kimi təsdiqləmiş yüz minlərlə rusdilli vətəndaşımız bu təbəqəyə aid deyil.

Rüstəmin Sovet İttifaqı dağılandan sonra çəkdiyi “Əlvida cənub şəhəri” və “Kabusun gözü ilə” ilə filmləri də azərbaycanlılara nifrət aşılayır. “Əlvida cənub şəhəri” filminin süjet xətti Qarabağ hadisələri nəticəsində paytaxta köç edən qaçqın və məcburi köçkünlərin şəhər əhalisi ilə münasibətlərini əks etdirir. Filmdə Bakıya “axışan” qaçqınları aşağılayan, təhqir edən bir sıra kadrlar yer alıb.

“Kabusun gözü ilə” filmində isə alkaş azərbaycanlı ərlə hüquq müdafiəçisi və kinonun əsas qəhrəmanlarından biri olan arvadı Rənanın(bu rolu Fatimə İbrahimbəyova oynayır) fransızsayağı münasibətləri Azərbaycan ictimaiyyətində haqlı etiraz doğurmuşdu.

İstər “Əlvida, cənub şəhəri”nin, istərsə də “Qafqaz triosu”nun ideyası ilə Əkrəm Əylislinin “Daş yuxuları”ı arasında elə də ciddi fərq yoxdur. “Əvilda cənub şəhəri”ndə azərbaycanlılar kütbeyin, “Kabusun gözü ilə” də alkaş, əyyaş, bivec kimi təsvir edilirsə, “Qafqaz triosu” “Daş yuxaların” rusdilli zehniyyətlə təkrarıdır. “Daş yuxular”dakı “vəhşi yerazlar” obrazı burda daha da ümumiləşdirilir -bütün azərbaycanlılar vəhşi kimi təqdim olunur.

Görəsən, bu adamı mənsub olduğu xalqa qarşı bu qədər kin –küdurətli olmağa nə vadar edir? Tanınmış kinoşünas Ayaz Salayev bir səbəbini izah edir-“Ağ Padşah”a yarınıb özünü daha humanist, digər azərbaycanlıları vəhşi göstərmək.... Bu, bizə 19-cu əsr satqınlarımızdan üzü bəri tanış motivdir. Amma yeganə motiv deyil. R. İbrahimbəyov özgə mədəniyyətin təsiri altında formalaşan, özgə dəyərlərə tapınan, maddiyyatı və məxsusi komformizmini hər şeydən üstün tutan biridir. 2013-cü ildə siyasətə qoşulduğuna görə tövbə-müsahibələrindən birində məqsədinin mülkiyyət davası olduğunu –daha dəqiqi, mümkün qədər çox mülkiyyət qoparmaq istəyində olduğunu açıqca etiraf etmişdi: “Əgər Heydər Əliyev sağ olsaydı, bizi çağırar, saqqızımızı oğurlardı”.

Axı, bu, həmin İbrahimbəyovdur ki, Nazarbayevdin ayırdığı 10 milyon dollar müqabilində çəkilən “Köşpendiler”(Köçərilər) filminin ssenarisini yazandan sonra birdən-birə onda “pantürkist damar” əmələ gəlmiş, rus mediasına müsahibələrində “bizim türk mentalitetimiz” haqda anladığı səviyyədə şərhlər vermişdi.

Yəni, pul onu canında-qanında olmayan dəyərlərin daşıyıcısı kimi danışdırmağa qadirdir. Amma iş ondadır ki, adamda “oğurlanası saqqız” qalmayıb, onun “istedad”ı, və dəyər ölçüləri dəfələrlə çeynənib-çürüyüb atılıb. İndi bu çürük saqqız ermənilər üçün çeynənilir. Odur ki, bu zat canında-qanında olanları rahat şəkildə büruzə verir və azərbaycanlılara nifrət püskürməkdə davam edir. Ən pisi isə bu antimilli nifrətə övladlarını oğlu-Fuad İbarahimbəyovu, qızı Fatimə İbrahimbəyovanı da şərik etməsidir...

... “Ağ Padşah”ın – çarizimin zor-xoş assimilə etmə siyasəti xeyli dərəcədə XIX əsr Fransa mədəni ekspansiyasının təkrarı idi. Vaxtilə fransız mədəniyyətinin təsirilə böyüyüb öz din və soy qardaşlarına xor baxan əlcəzairlilərə “harki” adı verilmişdi. Səngərin bir tərəfində Əmir Əbdülqadirlərin törəmələri, qəhrəman Cəmilələr döyüşür, Məhəmməd Dib(yeri gəlmişkən o, fransızdilli idi) kimi vətənpərvər ziyalılar bu haqq işi dünyada tanıtmağa çalışırdı; vicdanlı fransızlar onların icitimai vəkilliyini etməkdən çəkinmirdi. Digər səngərdə, fransız əsgərləri, yadelli legionerlər və .. harkilər bu haqq işi qan içində boğmaq üçün döyüşürdü. Nəticədə milyonlarla əlcəzairlinin soyqırımı baş verdi, beynəlxalq biabırçılıqdan qurtulmaq üçün de Qol hökuməti Əlcəzairə istiqlal verməyə məcbur oldu. Baxmayaraq ki, harkilərin içərisindən çıxmış xeyli “ziyalılar” Fransa imperiyasından ayrılmağın böyük itki olduğunu təbliğ edir, əlcəzairlilərin dövlət quruculuğuna qabil olmayan vəhşi obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxırdılar. Nə qədər də tanış situasiyadır.

Üstündə illər keçdi, əlcəzairlilərə qarsı baş vermiş soyqırımı tanımaq tələbləri Əlcəzairdə və Fransanın özündə artanda isə fransız parlamentari Valeri Buaye “harki soyqırımı”nın tanınması haqqında təklif verdi.
Günün birində rüstəmlərin dilindən bizim harkilər haqda oxşar çağırış eşitsəniz təəccüblənməyin. Düşmən səngərindən istifadə olunanlar hər rəzilliyə qadirdirlər.

C. İsmayıl