Azərbaycanın Latviyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirib. Azərbaycanın Latviyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirib.

Riqada AXC-nin 100 illiyi münasibətilə rəsmi qəbul keçirildi

Azərbaycanın Latviyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirib.

Latviya Milli Simfonik Orkestrinin binası – “Böyük Gildiya” sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycandan dəvət edilmiş “Emil Əfrasiyab və dostları” musiqi qrupunun ifasında möhtəşəm konsert proqramı təşkil olunub. Etno-caz janrında keçirilən konsertdə Latviya ictimaiyyətinin tanınmış nümayəndələri, Riqa şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan icmasının üzvlərindən ibarət 500 nəfərə yaxın qonaq iştirak edib.

Azərbaycanın və Latviyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qəbulda çıxış edən səfir Cavanşir Axundov Şərqdə yaradılmış ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik və dünya demokratiya tarixində yeri və rolundan bəhs edib.

Bu il Azərbaycanla bərabər Latviyanın da öz dövlət müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyini söyləyən səfir müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycan-Latviya münasibətlərinin tarixində yeni bir səhifənin açıldığını, siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə münasibətlərimizin uğurlu inkişaf yoluna qədəm qoyduğunu söyləyib. Təkcə son iki ildə ölkələrimizin prezidentləri, parlament sədrləri, xarici işlər nazirləri, ədliyyə nazirləri və digər mühüm dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini, Hökumətlərarası Komissiyanın iki iclasının baş tutduğunu qeyd edən səfir iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əhəmiyyətli qərarların qəbul edildiyini və mühüm sazişlərin imzalandığını diqqətə çatdırıb.

Sonra söz mərasimin fəxri qonağı, Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi (nazirin birinci müavini) Andreys Pildiqoviçsə verilib.

Çıxışı zamanı Azərbaycanın və Latviyanın əlverişli strateji-coğrafi regionlarda yerləşdiyini və hər iki xalqın oxşar talelər yaşadığını qeyd edən A.Pildiqoviçs hələ bir əsr bundan öncə xalqlarımızın öz müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə apardığını və bu il hər iki ölkənin öz dövlət müstəqilliyinin 100-cü ildönümünü qeyd etdiyini diqqətə çatdırıb.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin cəmi iki il yaşamasına baxmayaraq, onun müsəlman dünyasında ilk parlament respublikası olduğunu və bu dövlətin hətta Britaniya və ABŞ-dan öncə qadınlara seçki hüququ verdiyini qeyd edən dövlət katibi bütün bu mütərəqqi nailiyyətlərə bolşevik işğalı ilə son qoyulduğunu və bunun ardınca ölkənin Sovet İttifaqına birləşdirildiyini söyləyib.

Bu gün Azərbaycanın və Latviyanın azad ölkələr olduğunu qeyd edən A.Pildiqoviçs ölkəmizin Latviyanın vacib tərəfdaşı olduğunu və Latviyanın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib.

Həmçinin Azərbaycanın və Latviyanın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən hər iki ölkənin təkcə dövlət başçıları səviyyəsində deyil, parlament, hökumət və yerli hakimiyyət orqanları arasında da sıx əməkdaşlığın həyata keçirildiyini deyən dövlət katibi 2019-cu ilin 11 yanvar tarixində iki ölkə arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd ediləcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin iyul ayında Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladan dövlət katibi bununla ölkələrimiz arasında münasibətlərin yeni bir mərhələyə yüksəldiyini söyləyib.

Həmçinin bu gün iki ölkənin paytaxtları arasında birbaşa hava nəqliyyatı əlaqəsinin mövcud olduğunu və hazırda ölkələrimiz arasında təkcə siyasi və iqtisadi əlaqələr deyil, xalqlarımız arasında da birbaşa təmasların artdığını deyən A.Pildiqoviçs latviyalı turistlərin Azərbaycanın qonaqpərvərliyini və onun qədim mədəniyyətini yüksək qiymətləndirdiyini və hər il onların Azərbaycana səfər etdiklərini diqqətə çatdırıb. 2017-2018-ci təhsil ilində ölkəsinin ali təhsil müəssisələrində 129 azərbaycanlı tələbənin təhsilə cəlb edildiyini məmnunluqla qeyd edən dövlət katibi Latviyada yaşayan azərbaycanlı icmasının ölkənin müxtəlif dövlət və mədəniyyət tədbirlərində də fəal iştirak etdiyini bildirib.

Latviyanın hər zaman Azərbaycan-Avropa İttifaqı münasibətlərinin möhkəmləndirilməsinə dəstək verdiyini qeyd edən A.Pildiqoviçs bunun xüsusilə Avropa qanunları və dəyərləri üzrə təcrübə və biliklərin mübadiləsində daha aydın təzahür etdiyini söyləyib. Bu gün Avropanın enerji mənbələrinin diversifikasiyasında Azərbaycanın töhfələrini yüksək qiymətləndirən dövlət katibi yaxın zamanda Trans-Anadolu boru kəməri layihəsinin fəaliyyətə başlayacağından məmnun olduqlarını bildirib.

Sonra konsert proqramı təqdim edilib. Azərbaycanın caz musiqisi və milli muğam elementlərini özündə birləşdirən geniş konsert proqramı dinləyicilərdə Azərbaycan musiqi sənətinə böyük maraq oyadıb.

Konsert proqramının ardınca tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

AzNews.az