Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Gürcüstan parlamentində “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda “dəyirmi masa” keçirilib. Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Gürcüstan parlamentində “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda “dəyirmi masa” keçirilib.

“Bu, bütün xalqların mənafelərinə cavab verəcək” - Oqtay Əsədov

Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Gürcüstan parlamentində “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iştirak edib.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qonaqları salamladıqdan sonra ölkəsinin son illər əldə etdiyi uğurlardan, regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərindən danışıb.

“Dəyirmi masa”da Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

Milli Məclisin sədri Gürcüstanın ilk Demokratik Respublikasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını ölkə rəhbərliyinə və gürcü xalqına çatdırıb, qardaş gürcü xalqına və dövlətinə müstəqil inkişaf yolunda yeni-yeni uğurlar arzulayıb.

Oqtay Əsədov çıxışında deyib ki, Azərbaycan və gürcü xalqları tarixi talelərinə görə bir-birinə çox oxşayırlar. Son 100 ildə biz təqribən eyni inkişaf yolu keçmişik. Biz xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirərək, indiki yüksək səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlar kimi hər sahədə bir-birinə dəstək verir. Ölkələrimizin fəal iştirakı ilə həyata keçirilən transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, xalqlarımızın bugünkü və gələcək rifahına töhfə verir. Əsrlərboyu Qərblə Şərqi birləşdirən tarixi İpək yolu bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolunun sayəsində “Dəmir İpək yolu”na çevrilməkdədir.

Milli Məclisin sədri vurğulayıb ki, müstəqillik bizim ən böyük sərvətimizdir. Azərbaycan da, Gürcüstan da müstəqilliyin verdiyi imkanlardan səmərəli istifadə edir, öz xalqlarının layiqli və firavan həyatını, təhlükəsizliyini təmin edən güclü dövlətlər qurmağa çalışırlar. Cənubi Qafqazda yerləşən dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə davakar millətçiliyin, etnik separatizmin, işğalçılıq və etnik təmizləmə siyasətinin törətdiyi problemlərdir. Bunlar bizim dövlət müstəqilliyimizin başı üzərində asılmış Damokl qılıncıdır. Bu məsələdə bizim bir-birimizə göstərdiyimiz köməyi heç nə əvəz edə bilməz. Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu problemin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həll olunması uğrunda çıxış edirlər. Bu mövqe beynəlxalq hüquqa tam uyğundur və bütün mötəbər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT-in və digər təşkilatların mövqeləri ilə üst-üstə düşür. Əminəm ki, Cənubi Qafqazda mövcud olan münaqişələrin nizama salınması burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcəkdir.

Oqtay Əsədov daha sonra deyib: “Əvvəllər biz fikirləşirdik ki, Yer kürəsi çox böyükdür. Amma texnoloji inkişaf baş verdikcə biz gördük ki, əslində dünya çox kiçikdir. Dünyanın bir yerində kiçik bir münaqişə baş verəndə və onun həllinə diqqət yetirilməyəndə bu, bir xəstəlik kimi çox yerə yayılır. Dağlıq Qarabağ problemi baş verəndə buna çox az diqqət yetirildi, buna görə də ardından Moldovada Dnestryanı sahə, Gürcüstanda Osetiya-Abxaziya, Ukraynada yeni münaqişə zonaları yarandı. Bunların da hamısına səbəb odur ki, artıq dünyada beynəlxalq institutların, beynəlxalq hüququn gücü yoxdur, yalnız gücün hüququ var. Nə qədər ki beynəlxalq hüquq və beynəlxalq institutlar normal fəaliyyət göstərmir, bu problemlərin həllinə nail olmaq çətin olacaq”.

Tədbirdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də yubiley tədbirlərində iştirak etmək üçün Tbilisiyə gələn xarici nümayəndə heyətlərinin başçıları çıxış edib, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov da iştirak edib.

AzNews.az