Siyavuş Novruzov qurultay üçün Müsavata yer təklif etdi

"Vahid namizəd məsələsində problem yaradan həmişə İsa Qəmbər olub. Hətta 1998-ci ilin prezident seçkilərində də məhz Əli Kərimli və İsa Qəmbər özlərinə mənəvi ata hesab etdikləri Əbülfəz Elçibəyin vahid namizəd ideyasına ciddi etiraz etdilər, hərəsi öz namizədlik istəyini ortaya atdı". Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

"Özgəsinə quyu qazan özü düşər" atalar sözünü misal gətirən S.Novruzov bu məsəlin İsa Qəmbərə çox yaraşdığını bildirib: "O, özünü müxalifətin ağsaqqalı hesab edir, amma vaxtilə onun müxalifətin ağsaqqallarının başına gətirdiyi oyunları indi onun öz başına gətirirlər. İndi baş verənlər də elə onun öz oyunlarının nəticəsidir".

Bununla belə, S.Novruzov İ.Qəmbərin Azərbaycanda bir sıra partiyaların xarici kəşfiyyata işləməsi iddiası ilə razılaşdığını qeyd edib: "Biz də bu fikirdəyik ki, müxalifət partiyalarının bir çoxu ayrı-ayrı dövlətlərin, ayrı-ayrı xarici kəşfiyyat orqanlarının Azərbaycanda "nümayəndəlikləridir" və aldıqları konkret tapşırıqlar əsasında fəaliyyət göstərirlər". Həmin partiyaların konkret adlarının çəkilməsi ilə bağlı sualı cavablandıran S.Novruzov bu məsələdə indi müxalifətdə olan partiyaların əksəriyyətini günahlandırıb: "Məsələn, vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsi gündəmə gələndə bunun əleyhinə birinci çıxan İran dövləti ilə İsa Qəmbər oldu. İsa Qəmbər ondan da əvvəl Azərbaycan SSR KP MK-nın ikinci katibi Polyaniçkonun bir nömrəli adamı olub, ona işləyib. İndi hərdən deyirlər ki, Müsavat Partiyasına qurultay keçirmək yer vermirlər. Amma biz təklif edirik ki, Müsavat Partiyasına yer verilsin və bu yer də keçmiş "Şəhriyar" adına, indiki Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi olan klub olsun. Çünki o bina əvvəllər KQB-nin, indi də MTN-in mədəniyyət evidir və bura daim İsa Qəmbər üçün doğma olub. 1988-90-cı illərdə Polyaniçko orada gənc alimlərə "kurs" keçən zaman onun ən sevimli tələbəsi İsa Qəmbər olub. Yəni ona orada öyrədilirdi ki, çıxıb indi "Azadlıq" adlanan meydanda ümumxalq mitinqlərində neçə çıxış eləmək lazımdır. Bütün bunlardan sonra indi çıxıb bu cür danışan adam elə zənn edir ki, hamı tarixi unudub, amma heç kim bu tarixi unutmayıb..."

S.Novruzov İ.Qəmbərin ölkədəki partiyaların bir qisminin də hakimiyyətin nəzarətində olması iddiasına: "Azərbaycanda hakim partiya YAP-dır və onun müttəfiqi olan, münasibətdə olduğu partiyalar da var. Biz onlarla daim ümummilli məsələləri müzakirə edirik. Bu da ancaq qarşılıqlı münasibətlərdən ibarətdir, yəni hakimiyyətin nəzarətində olmaq demək deyil".

Qeyd edək ki, bu günlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbər gənclərlə görüşü zamanı gözlənilməz açıqlama verib və Azərbaycanda olan partiyaların bir qisminin hakimiyyətin, bir qisminin Rusiyanın, digər qisminin də İranın nəzarətində olduğunu bildirib. O, həmçinin vahid namizəd məsələsində digər partiyaları günahlandırıb.

AzNews.az