İyul ayının 3-də, axşam saatlarında Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd təşkil edildi. Hadisə anında kimliyi naməlum olan şəxs tərəfindən açılan atəş nəticəsində İcra başçısı və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı Qasım Aşbazov xəsarət aldı. Hadisə baş verən saatlarda Azərbaycan ictimai rəyi kifayət qədər gərgin, stress altında idi. Belə ki, gecə Mingəçevirdəki elektrik stansiyasında baş vermiş ciddi qəza ölkədə elektrik kəsintisi yaratmış və Azərbaycan Prezidenti İlham Əliyev vəziyyəti birbaşa nəzarətə götürmüşdü. Onun başçılığı ilə hökumət elektrik böhranın aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirirdi. İyul ayının 3-də, axşam saatlarında Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd təşkil edildi. Hadisə anında kimliyi naməlum olan şəxs tərəfindən açılan atəş nəticəsində İcra başçısı və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı Qasım Aşbazov xəsarət aldı. Hadisə baş verən saatlarda Azərbaycan ictimai rəyi kifayət qədər gərgin, stress altında idi. Belə ki, gecə Mingəçevirdəki elektrik stansiyasında baş vermiş ciddi qəza ölkədə elektrik kəsintisi yaratmış və Azərbaycan Prezidenti İlham Əliyev vəziyyəti birbaşa nəzarətə götürmüşdü. Onun başçılığı ilə hökumət elektrik böhranın aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirirdi.

Yunislərin terroru, munislərin “error”u

İyul ayının 3-də, axşam saatlarında Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd təşkil edildi. Hadisə anında kimliyi naməlum olan şəxs tərəfindən açılan atəş nəticəsində İcra başçısı və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı Qasım Aşbazov xəsarət aldı. Hadisə baş verən saatlarda Azərbaycan ictimai rəyi kifayət qədər gərgin, stress altında idi. Belə ki, gecə Mingəçevirdəki elektrik stansiyasında baş vermiş ciddi qəza ölkədə elektrik kəsintisi yaratmış və Azərbaycan Prezidenti İlham Əliyev vəziyyəti birbaşa nəzarətə götürmüşdü. Onun başçılığı ilə hökumət elektrik böhranın aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirirdi.

Bu cür qəzalar inkişaf dərəcəsindən, iqtisadi, hərbi və digər sahələrdəki gücünün səviyyəsindən asılı olmayaraq dünyanın müxtəlif ölkələrində- ABŞ-da, Misirdə, Hindistanda, Türkiyədə və Avropa ölkələrində də zaman-zaman baş verib. Elə bizdən sonra- iyul ayının 7-də ABŞ-ın Kaliforniya ştatının cənubunda elektrik kəsintisi yaşandı və nəticədə 20 mindən çox ailə işıqsız qaldı. Los-Anceles şəhərinin müvafiq qurumları və paylayıcı şirkət əhaliyə müraciət edərək vətəndaşlarda kondisoner və soyuduculardan qənaətlə istifadə etməyə çağırdı, böhranın səbəbi kimi həmin avadanlıqlardan maksimum istifadə edilməsinin stansiyada yüklənməyə səbəb olmasını göstərdi.

Ümumiyyətlə, yay aylarında bu qəbildən olan yüklənmələrin üzə çıxması enerji sektorunda rast gəlinən haldır. Lakin təhlükəsizlik tədbirləri elə qurulmalıdır ki, elektrik stansiyaları təbiətin bu cür şıltaqlıqları qarşısında problemsiz işləsin, ölkədə və ya onun müəyyən bir ərazində fövqəladə vəziyyət yaranmasın. Prezident İlham Əliyev Mingəçevirdəki elektrik stansiyasında yaranmış vəziyyətlə bağlı 4 iyulda keçirdiyi müşavirədə bu məqamı xüsusi nəzərə almaqla, yaradılan dövlət komissiyasına enerji istehsalı sektorunun təkmilləşdirilməsi və yenilənməsi üçün göstərişlər verdi. Prezidentin sərgilədiyi yüksək anti-krizis idarəçiliyi qarşılığında dövlətin bütün qurumları səfərbər olunaraq problemi qısa müddətdə və maksimum effektlə çözdü, ölkənin uzun vədədə bir daha belə situasiyalarla üzləşməməsi üçün təkliflərin hazırlanmasına göstəriş verildi. Dövlət başçısının sərgilədiyi peşəkarlıq qarşısında bəzi cavabdeh məmurların, yumşaq desək, səriştəsizliyi və məsuliyyətsizliyi də üzə çıxdı ki, prezident bütün ölkə ictimaiyyətinin gözləri qarşısında bir dövlət adamının istifadə edə biləcəyi ən sərt üslubla onlara sərt xəbərdarlıq etdi.

Lakin baş verən qəzanın qaçılmaz fəsadlarından məkrlə yararlanmağa çalışanlar da vardı. Onlar ictimai rəyi çaşdırmaq, əhali arasında təşviş yaratmaq və yaranacaq təşvişi kütləvi iğtişaşlara çevirmək üçün gecənin qaranlığından Azərbaycan iqtidarının və insanının aydın mövqeyini sarsıtmağa yönəlik çağırışlar səsləndirirdilər. Əfsuslar olsun ki, bu çağırışlar müharibə şəraitində yaşayan və cəbhədə atəşkəsin hər an pozulması təhlükəsi olan bir ölkədəki yaranmış fövqəladə hal şəraitində hətta spontan sivil etiraz aksiyalarının təşkili məqsədi də güdmürdü. Macəra və xaos həvəskarlarının bəziləri bilərəkdən, bəziləri isə təlqinə məruz qalaraq vətəndaş həmrəyiliyinin vətəndaş itaətsizliyinə çevrilməsi, dövlət qurumlarının fəaliyyətinin iflic edilməsi, bankların dağıdılması, biznes mərkəzlərinin yandırılması sayaq provakativ səciyyəli çıxışlar edirdilər. Lakin cəmiyyət olduqca sağlam mövqe nümayiş etdirərək bu cür sərsəm çağırışlara əhəmiyyət vermədi və əhalinin ekstremal situasiyalarda da dövlət başçısına göstərdiyi inamın miqyası həmin provakatorları bir daha məyus vəziyyətə saldı.

Lakin görünür elektrik təchizatında yaranan problemlər və bu problemlər müqabilində cəmiyyətdə stressin artması sadəcə həvəskar provakatorların deyil, uzun zamandır Azərbaycanda terror aktları törətməyə hazırlaşan mərkəzlər üçün də fürsət oldu. Terror qruplaşmaları və onları himayə edənlər əməliyyat məkanı kimi ikinci böyük şəhərimiz Gəncəni seçməklə Azərbaycan dövlətinin oradakı təmsilçisini atəşə tutdular. Terror cəhdində məkan olaraq niyə məhz Gəncənin və hədəf kimi Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin seçilməsi az əhəmiyyətli olmayan, lakin ikinci dərəcəli sualdır. Hərçənd elə bu suala da cavab tapmaq üçün ilk növbədə sui-qəsdçinin şəxsiyyətinə, cinayətin motivlərinə və olaydan sonra Azərbaycan ictimai rəyi üzərində qanlı təşəbbüsə haqq qazandırmağa yönəlmiş manipulyasiyalara nəzər yetirmək lazımdır.

Artıq məlum olduğu kimi, terror aktının icraçısı Yunis Səfərov Azərbaycanda yaşamır, Rusiya vətəndaşıdır. Haqqında əldə edilən ilkin məlumatlara görə, ailəsinin Moskvadakı güzəranı yaxşı olmaqla birgə, ali təhsillidir və dini kimliyi milli özünüdərkin fövqündə olan bir şəxsdir. Bu cür şəxslər radikal ideyalarla yüklənməyə və hər hansı vəziyyətdə ana vətəninə qarşı istifadə edilməyə münasib tiplər sayılır. Təfərrüatlarına varmadan yada salaq ki, mərhum akademik Ziya Bünyadovun qatili Nizami Nağıyev də maddi təminatı geniş olan bir ailənin övladı idi və o da çeşidli ələalma üsulları ilə radikal dini cərəyanların planlarının icrasına cəlb edilmişdi. Yunis Səfərovun və ailəsinin maddi vəziyyəti, gəlir qaynaqlarının Azərbaycandan kənar olması sui-qəsd təşəbbüsünün birmənalı olaraq “sosial vəziyyətin ağırlığı” iddiaları çərçivəsində dəyərləndirilməsini mümkünsüz edir.

Həmçinin sadə həqiqətdir ki, Rusiya vətəndaşı olan şəxs Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin iştirakçısı, o cümlədən regional müstəvidə də yaxşılığından-pisliyindən asılı olmayaraq bir komponenti də idarəçilik olan konflikt situasiyasının- bu, elmi termindir- hüquqi subyekti deyil. Odur ki, Yunis Səfərovun həyata keçirmək istədiyi qətl təşəbbüsünün əsas zəmini Gəncədəki lokal siyasi şərait- necəliyindən asılı olmayaraq- sayıla bilməz.

Bütün bunlar terror aktının ideoloqlarına da yaxşı məlum olduğundan, olaydan dərhal sonra xaricdə fəaliyyət göstərən xüsusi təyinatlı azərbaycandilli informasiya resursları və sosial şəbəkələrdəki səhifələr vasitəsi ilə Yunis Səfərovu “Gəncədaxili narazılıqların silahlı ifadəçisi” kimi göstərmək üçün xüsusi şayiələr yaymağa başladılar. Həmin şayiəyə görə, guya Yunis Səfərovun bacısı hamilə vəziyyətdə Gəncə şəhər İcra hakimiyyətinə qəbul gedibmiş və qəbul zamanı Elmar Vəliyev tərəfindən kobudluqla qarşılanmış və təhqir olunubmuş. “Hamilə qadın” və “namus motivi” kimi cəmiyyətimizin həssas qarşılayacağı vurğularla zəngin bu dezinformasiya bir tərəfdən sui-qəsdə “ədalət naminə hesablaşma” görüntüsü verməyə, digər yandan da qanqsteri mifləşdirməyə xidmət edirdi.

Bu az idi. Killerin əməlinə “siyasi mübariz” çaları qatmağa ehtiyac vardı. Ona bu məzmunu qazandırmaq üçün Yunis Səfərov XIX yüzilin sonu, XX əsrin əvvəllərindəki qaçaqlarla müqayisə olunmağa başladı. Əlbəttə, bu analogiya tamamilə yersiz və əks-arqumentlər qarşısında aciz idi, lakin Azərbaycanın ikinci böyük şəhərinin icra başçısının güllələnməsi xəbərinin yaratdığı rezonans fonunda təftiş edilməyəcəyindən kimlərəsə inandırıcı görsənə bilərdi. Bəli, XIX yüzilin sonu, XX əsrin əvvəllərində, hətta sovet hakimiyyəti illərində Azərbaycanda qaçaqlar olmuşdu. Bu hərəkat milli-azadlıq ideallarının bir parçası olmaqla Çar və Sovet Rusiyasına qarşı yönəlmişdi, mahiyyətcə dövlət müstəqilliyinin qazanılmasına xidmət edirdi və həmin dövrlərdə qaçaq kimi ad qazanmış əsas personajların, demək olar ki, hamısı erməni dəstələri ilə döyüşmüşdü.

Yunis Səfərov da döyüşüb, ancaq ermənilərə qarşı yox! Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə açıqlama yer alan fakta görə, Suriyada əlinə silah alıb. Milli mənsubiyyətindən, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bir əcnəbinin gedib Suriyada əlinə silah almasının adı terrorçuluqdur. Bu, Yunis Səfərovun qlobal terror şəbəkəsinə bağlılığını göstərən və ictimai bəraəti heç bir halda haqq etməyən bir xüsusatdır. Əgər, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti öz birgə açıqlamasında bu barədə məlumat səsləndiribsə, heç şübhəsiz, ilkin istintaq müəyyən faktlara malikdir və bu faktlar zənginləşdirilərək rəsmi ittihamda yer alacaq. Lakin elə yayılan məlumatdan çıxış edib söyləmək olar ki, Yunis Səfərov Suriyada Türkiyə əleyhinə, Türkiyənin dəstəklədiyi güclərə qarşı döyüşüb. Bu, sadəcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı döyüşmək anlamına gəlir və dolayısı ilə Azərbaycana qarşı əlinə silah almış bir şəxsin bir icra başçısını hədəf almaqla Azərbaycan dövlətinə birbaşa atəş açması da təəccüblü görünmür.

Budur, vaxtilə Azərbaycan dövlətinə qarşı atəş açmış, öz separatist fəaliyyəti ilə ərazi bütövlüyümüzə açıq təhdidlər yaratmış, xalqımızın, suverenliyimizin və ərazi bütövlüyümüzün əsas düşmənlərindən olan Əlikram Hümbətov Yunis Səfərovu “qəhrəman” adlandırır. Təəssüf keçirməyə dəyərmi, dəyməzmi bilmirəm, ancaq onunla eyni mövqedən Avropadakı söyüşkən mühacirlər, Qənimət Zahidov, Emin Milli, Emin Hüseynovun timsalında intellektual görsənməyə çalışanlar da çıxış edir. Xədicə İsmayıl və onun dəstəsi, dövlət maraqlarını hər zaman ayaqlayaraq hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlığa getməyə hazır olanlar Milli Şura mənsubları da hətta həyat yoldaşının “İmam Hüseynin qisasını aldıq” mesajı ilə verdiyi audio və video açıqlamaları, hətta özlərinin yaydıqları şəkillərin üzərindəki “mücahidlərə salam olsun” demələrini görməzlikdən gələrək Yunis Səfərovun radikal dini təmayülünü ört-basdır edən və sui-qəsdlərin, terror aktlarının silsilə xarakter almasına xidmət edən mülahizələr səsləndirirlər. Sual olunur: törətdiyi əməldən sonra polis tərəfindən zərərsizləşdirilərkən xəsarət alan “killer-qəhrəmanınız”ın üz-gözü qan içindəki fotolarını yayıb da “işgəncə yolverilməzdir” deyə hay-həşir sala bildiyiniz halda, istər Azərbaycan Respublikasının, istərsə də beynəlxalq hüququn fəaliyyətindən və nöqsanlardan asılı olmayaraq insana tanıdığı yaşamaq haqqına qəsdi niyə bəs belə “şövq”lə müdafiə edirsiniz? Bu, sizlərin terror aktının bir ucunun müdafiə etdiyiniz Hacı Talehə gedib çıxmasından əndişənizdir, yoxsa yeni “siyasi məhbus” düzəldib xarici donorlardan külli miqdarda para qoparmaq iştahınızın simptomları?

Bütün hallarda (və hər zaman olduğu kimi) qeyri-sağlam, qeyri-səmimi və ziyankar mövqe tutmusunuz! Əlbəttə, bu xislətlə nəinki hakimiyyətə gələ, hətta Prezident Administrasiyasının qənşərinə yaxınlaşa bilməzsiniz. Ancaq bir düşünün, bir tərəfdən Yunis Səfərovu “qəhrəman” kimi sırımağa çalışır, digər yandan da onun kütləvi informasiya vasitələrinə təcridxanada verdiyi açıqlamanı “təzyiqlərin nəticəsi” kimi təqdim edirsiniz. Axı bu necə Robin Huddur ki, sizin məntiqinizdən çıxış edərək soruşuram, bir-iki silləyə tab gətirməyib ötməyə başladı? Zənnimcə, Azərbaycanın şüurlu vətəndaşları fərqindədir ki, bir zamanlar ADNA da baş vermiş terror hadisəsində qəhrəman Savalan Cabbarov idisə, Gəncədəki olayda da gerçək cəsarət sahibi kimi tanımalı olduğumuz şəxs öz vəzifəsini yerinə yetirərkən xain gülləsi ilə yaralanmış polis əməkdaşı Qasım Aşbazovdur.

Bəli, terror və terrorizm heç bir halda məhəlli səciyyə daşımır. Terror qarşısında sərgilənməsi gərəkən mövqe də bəşəridir. Terrorun və terrorçunun qarşısında yer almaq yüksək intellekt, məsuliyyət, insanlıq və vətəndaşlıq mövqeyi tələb edir. Bu intellektdən, məsuliyyətdən və şüurdan xali Milli Şura və onun çevrəsindəki marginal qrupların isə Gəncədəki məlum olaydan sonra demokratik dəyərlər daşıyıcısı olmadıqları bir daha üzə çıxdı, dövləti, vətəndaş cəmiyyətini və xalqın rifahını təhdid edən virus mənbəyinə çevrildikləri növbəti kərə bəlli oldu. İctimai rəyin sosial şəbəkələrdəki nəfəs borularına qrip infeksiyası kimi yoluxmuşlara terrorizmin neçə-neçə tərifini sadalaya bilərik. Ancaq onlardan birini- İngiltərənin “Terrorla Mübarizə Qanunu”nda əks olunan tərifi xatırladaq: “Terror- siyasi məqsədə çatmaq, cəmiyyəti və cəmiyyətin müxtəlif kəsimlərini qorxu içində saxlamaq məqsədi ilə şiddətdən istifadə edilməsidir”. Terrorçu bəzən və elə Azərbaycan müxalifətinin etdiyi kimi, qəhrəman da elan oluna bilər, ancaq terrorçunu xarakterizə edən ümumi cizgilər də çoxdan bəllidir:

  • Qlobal və ta məhdud ölçüdəki ideoloji məqsədə uyğun rejim qurmaq üçün mövcud siyasi iqtidarı devirməyə cəhd;
  • Siyasi iqtidarı dəyişmək üçün şiddətin bir metod olaraq mənimsənilməsi və istifadə edilməsi;
  • Zorakılıq aktları gerçəkləşdirilməsi;
  • Hadisənin əks sədasını artırmaq üçün aktın hər kəsə açıq məkanlarda həyata keçirilməsi;
  • Bu aktların gerçəkləşməsi zamanı birbaşa hədəf olmayan şəxslərin də zərər görməsi;
  • Dəstək almaq məqsədi ilə siyasi iqtidara qarşı olanlara xitab edilməsi.

Bəli, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə bəyanatda da qeyd olunduğu kimi, Yunis Səfərov Azərbaycanda şəriət dövləti qurmaq istəyənlərin tətikçisidir. Həmin tətikçinin timsalında şiddəti və qanlı aksiyaları körükləməyə, müxtəlif manipulyasiyalarla terrorçuya cəmiyyətdə rəğbət formalaşdırmağa çalışmaq isə terrorizmi dəstəkləməkdir. Başa sözlə, ənənəvi siyasi müxalifətin və yeni peyda olmuş mühacir hərəkatlarının- sözdə demokratiya munislərinin ERRORudur! Məsələ, bu qədər bəsitdir və Azərbaycanda demokratiya adına, insan haqları adına ən böyük təhlükə də elə budur- iqtidarın qarşısında məhz terroru dəstəkləyən, ondan faydalanmağa çalışan zehniyyətin olması.

Bu zehniyyətin daşıyıcılarının yalanları, şayiələri, avantüraları, manipulyasiyaları hər addımbaşı ifşa olunsa da, etiraf edək ki, yeni kommunikasiya vasitələrindən heç də pərakəndə şəkildə istifadə etmirlər. Bu barədə ayrıca danışmağa ehtiyac var, ancaq indi terrorçudan “qəhrəman” düzəltmək istəyən zehniyyətin komminikasiya metodlarına baxaq. Zənnimcə, bu metodların ən başlıcası Yunis Səfərovun tətikçiliyini etdiyi terror hücrəsinin bağlı olduğu dini mərkəzdən diqqətin yayındırılmasıdır. Çünki terror və media üzrə araşdırmaçılarının da dediyi kimi, cəmiyyət terror təşkilatlarının nüvəsi haqqında nə qədər çox məlumat və fikir sahibi olarsa, onların simpatizanları ilə arasındakı məsafəsi də o qədər artır. İkincisi, müxtəlif çağırışlarla, neqativ təsirləndirmə üsulları ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinə, necə deyərlər, onların “işin axırına” çıxmasına əngəl törətməyə cəhdlər göstərilir. Üçüncüsü, müxtəlif yarğılayıcı etiketlərlə- “qəhrəman-kölə”, “cəsur-qorxaq”, “mübariz-yaltaq”- cəmiyyət qütbləşdirilir və bununla siyasi sabitliyin çoxsaylı tərəfdarlarının azlıqdakı radikal təmayüllərin basqısı altına düşməsinə zəmin yaratmaq niyyəti güdülür. Nəhayət, Elmar Vəliyevin idarəçilik metodları ətrafında müzakirələr açmaq və bu müzakirələri gündəmin başında saxlamaq, bu zaman Yevlax və Gəncə kimi şəhərlərin abadlaşmasında xüsusi rol oynamış bir məmura qarşı əsasən “dedi-qodu” xarakterli ittihamlar irəli sürməklə terrorun əsas təşkilatçılarına mənəvi dəstək verilir. Odur ki, bu barədə xüsusi danışmağa lüzum var.

Bəli, cəmiyyətdə hakimiyyətə qarşı olan və onu əvəzləməyə çalışan qrupların olması nəinki normal, hətta zəruridir. İstənilən hakimiyyət istər şaquli, istərsə də üfüqi baxımdan geniş konfiqurasiyaya malikdir və iyerarxiyanın müxtəlif pilləsində qərar tutan şəxslərdən hər hansı biri və ya bir neçəsi hakim komandanın liderinin etimadını, cəmiyyətin ümumi gözləntilərini doğrultmaya bilər. Lakin bu zaman şüurlu cəmiyyətlər “birəyə küsüb yorğanı yandırmır” və müxtəlif vətəndaş təşəbbüsləri ilə birinci şəxsə narazı olduqları fiqurun dəyişdirilməsini təklif edirlər. Azərbaycanda bu yöndə ən çox sınaqdan çıxmış metod ağsaqqallıq institutu çərçivəsindədir. Əgər, iddia edildiyi kimi, Elmar Vəliyevdən Gəncədə kütləvi narazılıq vardısa, bölgənin ağsaqqalları, ziyalıları və tanınmış şəxsləri bu narazılığı aradan qaldırmaq üçün dövlət başçısına müraciət edə bilərdilər. Eyni zamanda bu günə qədər Elmar Vəliyevə qarşı yerli vətəndaş cəmiyyəti təşkilatları, həmçinin müxalif siyasi partiyaların şöbələri də hər hansı etiraz aksiyası təşkil etməyiblər. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 2017-ci ilin yekunları ilə bağlı rəsmi məlumatına görə, Gəncədən Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı heç də yüksək olmayıb. Həmçinin Gəncə İcra hakimiyyətinə qarşı məhkəmələrdə qaldırılan iddialar da geniş miqyasda olmayıb.

Hətta konkret məmur öz fəaliyyətində böyük nöqsanlara yol vermiş və bu nöqsanlar Gəncə əhalisində ciddi narazılıq doğursaydı belə, problemin həlli silahdan, qandan, sui-qəsddən deyil, qanundan və sivil təşəbbüslərdən, demokratik üsullardan keçməlidir. Bizim hədəfimiz Azərbaycanı Suriyaya çevirmək yox, inkişaf etmiş ölkələr sırasında görməkdir. Hadisələrə məhz bu bucaqdan baxmalı, bütün yanaşmalarımızın əsasına məhz demokratik inkişafa xidmət edən dəyər və prinsipləri qoymalıyıq. Sivil etirazlar demokratiyanın ayrılmaz parçasıdır və təkanverici qüvvələrindən biridir. Ancaq qanlı aksiyalarla boşalmağı uman kütlə heç zaman demokratik inkişafın hərəkətvericisi ola bilməz. Heç yerdə olmayıb, Azərbaycanda da olmayacaq!

Taleh Şahsuvarlı
AzNews.az